Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-976/2023 27.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı Cavabdeh1 oğuna və qeyrisinə qarşı “mülkiyyətdən istəfadə üzrə yaranmış maneənin aradan qaldırılması” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 oğuna və Cavabdeh2 qarşı “mülkiyyətdən istəfadə üzrə yaranmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi halında dövlət rüsumu tutulur. Həmin qanunun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. İş materiallarından görünür ki, iddiaçı ərizəsinə “Azərbaycan Respublikası Medalının vəsiqəsi” və “Qüsursuz xidmətə görə” medallar və digər medallar, həmçinin təqaüd almasına dair arayış əlavə edərək, dövlət rüsumu ödəməkdən azad olunduğunu zənn etmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər, həmçinin 9-cu maddədə göstərilmiş digər kateqoriya fiziki və hüquqi şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçının əlavə etdiyi arayışdan da görünür ki, o, Vətən müharibəsi iştirakçısı kimi veteranlara təyin olunan təqaüdü alır. Göründüyü kimi iddiaçı maddədə qeyd olunan kateqoriya şəxslər sırasına uyğun gəlmir və məhkəmənin normayaratma səlahiyyəti olmadığı üçün qanunda qeyd olunmamış halın məhkəmə tərəfindən nəzərə alınması mümkün deyil. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. İddia ərizəsindən isə görünür ki, cavabdehlər Cavabdeh1 oğunun və Cavabdeh2 eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərilməmiş və iş materiallarına bu barədə hər hansı sənəd əlavə edilməmişdir. Həmçinin, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılmış məlumatlardan görünür ki, cavabdehlərə məxsus FİN tapılmamışdır. Bununla yanaşı, iddiaçı eyni məzmunlu iddia ərizəsi ilə hazırki iddiadan əvvəl də məhkəməyə müraciət etmiş və qeyd olunan nöqsan məhkəmənin qərardadında göstərilərək, aradan qaldırılmasının zəruriliyi vurğulansa da, iddiaçı tərəfindən məhkəmənin göstərişinə əməl edilməmiş və eyni səhvə yol verilmişdir. Əlavə olaraq, iddia ərizəsinə əlavə olunmuş Memarlıq və planlaşdırma bölməsi tərəfindən verilmiş layihələndirmə barədə sənəddən görünür ki, iddiaçının maneənin aradan qaldırmasını xahiş etdiyi mübahisəli torpaq sahəsinin hüquq subyekti iddiaçı deyil, X1r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı Cavabdeh1 oğuna və qeyrisinə qarşı “mülkiyyətdən istəfadə üzrə yaranmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçı təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(010)-976/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-976/2023
27.01.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver