Məhkəmə qərarları › İş №2(010)-984/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-984/2023

01.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-984/2023 01.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X10 qızının katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 iştirakı ilə, İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları:

1. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 16 noyabr 1991-ci il tarixli, 14 nömrəli qərarına əsasən Cavabdeh2 verilmiş Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş baş planına əsasən 1200 kv.m hesabı ilə ümumi sahənin 107-ci sahəsindən həyətyanı torpaq sahəsini cavabdehdən almışdır. Lakin sonradan məlum olmuşdur ki, cavabdeh üzərində mülkiyyət hüququ olmayan torpaq sahəsini saxta alqı-satqı müqaviləsinə əsasən ona satmışdır. Bundan sonra torpaq sahəsinə hasar hörülməsi və oranın mərzlənməsi üçün hərəkətlər edərkən ona bildirilmişdir ki, bu torpaq sahəsi sərəncam əsasında başqa şəxsə verilmişdir və həmin şəxs isə 2015-ci il tarixdə vəfat etmişdir. Həmin torpaq sahəsi İcra Hakimiyyətinin nümayəndəliyi tərəfindən 07 iyun 1992-ci il tarixli, 50 nömrəli qərara əsasən X1 ayrılmışdır. Göründüyü kimi cavabdeh başqa şəxsə məxsus olan eyni torpaq sahəsini üzərində mülkiyyət hüququ olmadığı halda notariat orqanı ilə birlikdə saxtalığa daxil olaraq ilkin alqı-satqı müqaviləsinə əsasən guya ona 15.000 manata satmışdır. Göründüyü kimi cavabdeh heç bir əsası olmadığı halda əsassız olaraq varlanaraq ona maddi zərər vurmuşdur. Bu baxımdan hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olub. Həyat yoldaşı əlil olduğundan onun maddi imkanı çox aşağıdır və aldığı torpaq sahəsində özlərinə fərdi yaşayış evi inşa etmək istəyiblər.

İddiaçının tələbi.

2. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 14 saylı dövlət ofisinin xüsusi notariusu X5 15.000 manat pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, əlavə olaraq izahatında göstərdi ki, Cavabdeh2 özü ona 12 sot torpağı olduğunu, onun 6 sotunu satmaq istədiyini demişdir, alqı-satqı müqaviləsi bağlanarkən videoçəkiliş də aparılmışdır. Həmçinin, Cavabdeh3 bir çox insanı aldatmışdır və bu barədə cinayət işinə başqa məhkəmədə baxılır. O, göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etdi.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını və Bakı şəhəri 14 saylı dövlət ofisinin xüsusi notariusu barədə xüsusi qərardad qəbul edilməsini xahiş etdi.

5. İddiaçının vəsatəti əsasında işə cavabdeh qismində cəlb edilmiş Cavabdeh3 saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası vasitəsi ilə məhkəmə iclasında iştirakı təmin edilmiş və o, iddianı qəbul edərək, izahatında göstərmişdir ki, mübahisəli torpaq Cavabdeh2 yox, onundur. Torpağın sənədi olmadığına görə o, Vəlini aldatmışdır, Vəli ilə əlbir olmamışdır. İddiaçının nəzərdə tutduğu 15000 manat pulu o özü almışdır, Vəliyə pul verilməmişdir.

6. Cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 14 saylı dövlət ofisinin xüsusi notariusu X8 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

7. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci tarixli, notarial qaydada təsdiq edilən ilkin alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində, 107 № sahədə yerləşən, sahəsi 1200 kv.m olan torpaq sahəsindən 600 kv.m olan torpaq sahəsini İddiaçı 15000 (on beş min) manat qiymətə satmışdır. Müqavilə bağlanarkən Cavabdeh2 onun etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 təmsil etmişdir.

8. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1991-ci il tarixli, 14 №-li qərarından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli 123 saylı və 02 sentyabr 1991-ci il tarixli 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondunun ayrıldığının nəzərə alınması, Bakı Şəhər İcra Hakimiyyətinin Baş planına uyğun olaraq Cavabdeh2 da daxil olmaqla fərdi yaşayış evi tikintisi üçün hər ailəyə 1200 kv.metr hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır.

9. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1992-ci il tarixli, 50 №-li qərarından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli 123 saylı və 02 sentyabr 1991-ci il tarixli 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondunun ayrıldığı nəzərə alınması, Bakı Şəhər İcra Hakimiyyətinin Baş planına uyğun olaraq X4 da daxil olmaqla fərdi yaşayış evi tikintisi üçün hər ailəyə 1200 kv.metr hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5607/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, X2 ölməsi səbəbindən İddiaçı cavabdeh X3 qarşı “torpaq sahəsi üzərində sahiblik və istifadəyə müdaxilənin aradan qaldırılması və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməməsi və iddia ərizəsinə əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır.

11. Məhkəmənin sorğusu əsasında alınmış notariat işindən və "xxxx" ASC tərəfindən göndərilən sorğuya cavabdan görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən 14 saylı notariat ofisinin notariusu Elmar Əliyevin AZ38MUGA**********00001AZM38 nömrəli depozit hesabına 15000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. "xxxx" ASC tərəfindən verilən 598477 №-li çekdən görünür ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixdə 14 saylı notariat ofisinin depozit hesabından 15000 manat məbləğində pulu götürmüşdür.

Tətbiq edilən hüquq.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 402. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa qaytarma tələbi istisna edilir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

14. Məhkəmə iddiaçını, onun nümayəndəsini (vəkilini) və cavabdehi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

15. Belə ki, işin həqiqi halları məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh3 torpaq sahəsi ilə bağlı 15000 manat məbləğində pul vəsaiti ödəmiş, lakin Cavabdeh3 həmin məbləği iddiaçıya qaytarmamışdır.

16. İddiaçı ilə Cavabdeh3 (Cavabdeh2 əvəzinə) arasında xx.xx.2021-ci il tarixdə ilkin alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetini Bakı şəhəri, Sabunçu rayonu İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 14 nömrəli qərarından çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində, 107 № sahədə yerləşən, sahəsi 1200 kv.m olan torpaq sahəsindən 600 kv.m olan torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləri təşkil etmişdir. Müqavilənin 2.1-ci bəndindən görə ki, müqavilənin predmeti olan əmlakın qiyməti 15000 manat məbləğində müəyyən olunmuş, 2.2.-ci bəndindən görünür ki, alıcı əmlakın bu müqavilənin 2.1 bəndində nəzərdə tutulan qiymətinin 15000 manatını satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəmişdir. . "xxxx" ASC tərəfindən verilən 598477 №-li çekdən görünür ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixdə 14 saylı notariat ofisinin depozit hesabından 15000 manat məbləğində pulu götürmüşdür.

17. İlkin müqavilə ilə tərəflər məhz gələcəkdə əsas müqavilənin bağlanmasını öhdələrinə götürürlər. Əks halda isə ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilməmiş və Mülki Məcəllənin 402.4-cü maddəsində nəzərdə tutulmuş 1 il müddət ərzində əsas müqavilə bağlanmamış, bununla da öhdəliyə xitam verilmişdir.

18. Konstitusiya Məhkəməsinin Plenumu gələcəkdə yaranacaq öhdəliyin icrası üzrə bağlanmış zaminlik müqaviləsi ilə ilkin müqavilə arasında olan fərqləri müəyyən edərkən göstərmişdir ki, ilkin müqavilədə əsas müqavilənin predmetini, digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Əsas müqavilənin bağlanması tarixi ilkin müqavilə ilə müəyyən edilir. Belə tarix ilkin müqavilədə göstərilmədiyi təqdirdə, müqavilə ilkin müqavilənin bağlandığı gündən bir il müddətində bağlanmalıdır. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2012-ci il tarixli qərarı)

19. Beləliklə, məhkəmə hesab edir ki, məhz Cavabdeh3 15000 manat məbləğində pul vəsaitini iddiaçıdan aldığından, bununla da Cavabdeh3 əsassız varlandığından, iddiaçı verdiyi pulu geri Cavabdeh3 tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi bu hissədə təmin edilərək, göstərilən məbləğ Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. Digər cavabdehlərə qarşı iddia sübut olunmadığından, onlara qarşı iddia rədd edilməlidir.

20. İddia tələbi digər tərəfdən ona görə Cavabdeh3 aid hissədə təmin edilməlidir ki, iddia tələbi cavabdehin özü tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edilir.

21. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

22. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

23. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar Cavabdeh3 tərəfindən etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir.

24. Məhkəmə eyni zamanda, iddiaçının Bakı şəhəri 14 saylı dövlət ofisinin xüsusi notariusu barədə xüsusi qərardad çıxarılması barədə vəsatətinə dair qeyd edir ki, cinayətin əlamətlərinin olması aşkara çıxarılmadığından, vəsatət təmin edilməməlidir.

25. Belə ki, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.

26. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmə xərcləri.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

28. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə.

29. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh3 15000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 15000 (on beş min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar