Məhkəmə qərarları › İş №2(010)-984/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-984/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-984/2024 02.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 9752,7 AZN əsas, 1331,62 AZN faiz, 142,84 AZN cərimə olmaqla, cəmi 11227,16 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 123.69 AZN məbləğində vəsaitin tutulması. İddia tələbinin dəlilləri "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 25,50% ödəmək şərtilə 10000 manat məbləğində kredit xətti açılmışdır. X1 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı tərəfindən cavabdehin faktiki yaşayış yerini özündən öyrənməklə məhkəməyə edilmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023, cümə axşamı tarixinə "xxxx" KB ASC-yə 9752,7 manat əsas, 1331,62 manat faiz, 142,84 manat cərimə borcu olmaqla, cəmi 11227,16 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Tərəflərin izahatları İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi İsrafil Şahverdiyev AZEMİS vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq işə Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə qanunvericiliyin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 6263nkNARb/22 saylı xx.xx.2022ci il tarixli kredit müqaviləsindən görünür ki, Bank borcalana istehlak məqsədləri üçün 36 ay müddətinə illik 25,50% ödəmək şərtilə 10000 manat məbləğində kredit xətti açılmışdır. Borcalan kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldırılacağına dair xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə Banka 9752,7 manat əsas, 1331,62 manat faiz, 142,84 manat cərimə borcu olmaqla, cəmi 11227,16 manat məbləğində borcu mövcuddur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi

Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 6263nkNARb/22 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 25,50% ödəmək şərtilə 10000 manat məbləğində kredit xətti açılmış, cavabdeh həmin vəsaitdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarından müəyyən olunur ki, cavabdehin sözügedən müqaviləyə əsasən 9752,7 manat əsas, 1331,62 manat faiz, 142,84 manat cərimə borcu olmaqla, cəmi 11227,16 manat məbləğində borcu vardır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır.

Məhkəmənin gəldiyi nəticə Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 6263nkNARb/22 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 9752,7 manat, faiz borcuna görə 1331,62 manat, cərimə borcuna görə 142,84 manat olmaqla, cəmi 11227,16 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir.

Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 123,69 manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 6263nkNARb/22 saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 9752,7 (doqquz min yeddi yüz əlli iki manat yetmiş qəpik) manat, faiz borcuna görə 1331,62 (bir min üç yüz otuz bir manat altmış iki qəpik) manat, cərimə borcuna görə 142,84 (bir yüz qırx iki manat səksən dörd qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 123,69 (bir yüz iiyrmi üç manat altmış doqquz qəpik) manat olmaqla, cəmi 11350,85 (on bir min üç yüz əlli manat səksən beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar