Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-990/2023 18.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh hadisə nəticəsində ona dəymiş 1200 manat məbləğində zərərin və 32 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırılması.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Mən Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsinin 4-cü kursunda ödənişli əsaslarla təhsil alıram. İllik təhsil haqqım 1000 manatdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat təxminən 22:30 radələrində idarə etdiyi “Chevrolet Aveo” minik markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə Ukrayna dairəsi istiqamətində 30 km surətlə hərəkətdə olduğu zaman avtomobilin qabaq sol hissəsi ilə soldan sağa keçən zaman məni vuraraq kənara atdı. Kənara atılan zaman başım yol qırağında olan daşa dəyərək xəsarət aldı. Zərbədən huşumu itirdim. Ayılanda özümü xəstəxanada gördüm. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldım. Bakı şəhəri Xətai RPİ-nin təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Münasib Əliyevin cinayət işinin başlanmasının rədd olunması barədə 17 mart 2022-ci il tarixli qərarından məhkəmə nəzarəti qaydasında şikayət verilmişdir. Xətai Rayon Məhkəməsinin 6(011)-32/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən şikayətim təmin olunmuş, Bakı şəhəri Xətai RPİ-nin təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Münasib Əliyevin cinayət işinin başlanmasının rədd olunması barədə 17 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qanunsuz və əsassız hesab olunaraq əlavə araşdırma aparılması üçün ibtidai istintaq üzərində prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokurorluğuna göndərilmişdir. Lakin Xətai RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı Hüseyn Novruzlunun 27 iyun 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. Bakı şəhəri Xətai rayin X8 Şöbəsinin xx.xx.2022-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddədə nəzərdə tutulmuş protokol tərtib edilərək Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 3(011)-3142/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 manat məbləğində cərimə edilmişdir. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri almışam. Nəticədə başımın təpə nahiyəsindən, sol budumdan xəsarətlər alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişəm. Mənim sol arxa təpə nahiyəmdə 7 mm qalınlığında dərialtı hematoma aşkarlanıb. Qəzadan sonra başımdakı ağrılardan əziyyət çəkirəm. Bununla əlaqədar təhsilimi davam etdirə bilməmiş, əmək fəaliyyətim dayandırılmış, yalnız sağlamlığımın bərpası ilə məşğul olmuşam. Bu hadisə səbəbindən təhsil haqqını da ödəyə bilməmişəm. Mənə ümumilikdə 1200 manat məbləğində ziyan dəymişdir. Məni bu çətinliklərə məruz qoyan Cavabdeh mənə heç bir maddi-mənəvi dəstək verməmiş, müalicəmlə maraqlanmamış, tibbi cəhətdən sağlamlığımın bərpası üçün köməklik göstərməmiş, törətdiyi qəzanın aradan qalxmasına laqeyd yanaşmışdır”.
İddia tələbinin həcminin artırılması.
3. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək hadisə nəticəsinə mənəvi sarsıntı keçirtdiyini bildirmiş, cavahdeh Cavabdeh əlavə olaraq 1000 manat da mənəvi ziyana görə pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehin təqsirindən baş vermiş qəza nəticəsində o həm fiziki, həm maddi, həm də mənəvi zərərə məruz qalmışdır. Belə ki, hadisədən 20 gün əvvəl işdən çıxsa da, artıq bir-iki günə “Tarqovı” küçəsində yerləşən mağazalardan birində satıcı kimi işə çıxmalı idi. Cavabdehin təqsirinə görə baş vermiş hadisə nəticəsində ağır zədələr almış, işə çıxa bilməmişdir. Qəza nəticəsində başına aldığı zədələrə görə indiyədək başında ağrılar var. Bundan başqa, banka kredit borcu olmuş, işləyə bilmədiyindən onu da ödəyə bilməmişdir. Hadisə zamanı üzərində biri “Samsung”, digəri “Xiaomi” markalı iki mobil telefon olmuş, hadisə nəticəsində hər iki telefona ziyan dəymişdir. “Samsung” markalı telefonun təmirinə 100 manat vermiş, “Xiomi” markalı telefon isə tam yarasız vəziyyətə düşdüyündən onu təmir etmək mümkün olmamışdır. Həmin telefonu bir neçə il əvvəl 450 manata almışdır. Bütün bunlara baxmayaraq, cavabdeh ona heç bir maddi yardım etməmiş, bircə dəfə “Oba” marketdən ucuz və keyfiyyətsiz bazarlıq etməklə kifayətlənmiş, onu da istifadə etməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, qəzadan sonra iddiaçını dərhal yaxınlıqda yerləşən Sabunçu xəstəxanasına aparmış, bütün lazımi müayinələrdən keçirmiş, müayinə zamanı ciddi xəsarətlərinin olmadığı müəyyən edilmişdir. Əlavə olaraq bildirdi ki, o özü tibb bacısı işləyir və iddiaçının məhkəməyə təqdim etdiyi reseptlərdə qeyd olunan dərmanlar vitamin tərkibli və ödqovucu dərmanlardır. Hər bir halda əgər hadisə nəticəsində iddiaçıya məxsus telefon yararsız vəziyyətə düşmüşdürsə, onun pulunu ödəməyə hazırdır. Odur ki, məhkəməyə iddianın qismən etiraf edilməsinə dair ərizə verərək, iddiaçıya məxsus telefona görə 450 manat məbləğində pul ödəməyə etiraz etmədiyini bildirmiş, iddianı qalan hissədə qəbul etməmişdir.
İş materialları.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(011)-32/2022 nömrəli qərarından görünür ki, İddiaçı tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməsi, Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Münasib Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi, hazırkı qərarı təsviri-əsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması qərara alınmışdır.
7. Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əlimanov küçəsi 9, mənzil 4-də yaşayan Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən həmin Məcəllənin 327.8-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün toplanmış materialın surətinin inzibati protokol tərtib edilərək rayon məhkəməsinə göndərilməsindən ötrü RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(011)-3142/2022 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir.
9. “X6” X7 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “X6” PHŞİ-də stasionar müalicədə olmuşdur. Səbəb: Başın təbə nahiyəsinin tikilmiş yarası, isterik vəziyyət.
İşin faktiki halları.
10. xx.xx.2022-ci il tarixində Cavabdeh idarə etdiyi avtomobillə İddiaçı vurmuş, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sağlamlığına yüngül dərəcəli zərər dəymişdir.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir.
Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı.
Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.
15 “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2002-ci il tarixli Qərarı.
Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
17. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.
Məhkəmənin mövqeyi.
18. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh təqsirli olaraq törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sağlamlığına zərər dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsinin inzibati xəta hesab olunması, bu hadisənin baş verməsinə görə məhz Cavabdeh təqsirli olması, məhz həmin hadisə nəticəsində İddiaçı sağlamlığına yüngül dərəcəli zərər dəymiş olması, bir sözlə törədilmiş hüquqa zidd əməllə dəymiş zərər arasında səbəbli əlaqə olması işin mübahisəsiz hallarıdır. Öz növbəsində tərəflər də işin bu hallarını mübahisələndirməmişlər.
19. Tərəflər arasındakı qismən mübahisəli məsələ İddiaçı baş vermiş hadisəyə görə Cavabdeh tələb etdiyi maddi və mənəvi zərərlə bağlıdır. Belə ki, İddiaçı cavabdehin təqsirindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərə görə aylarla işləyə bilmədiyini, bu səbəbdən aylıq kredit ödənişlərini ödəyə bilmədiyini, müalicə üçün xərc çəkdiyini, bundan əlavə, hadisə nəticəsində 450 manata aldığı mobil telefonun yararsız hala düşdüyünü, ümumilikdə 1200 manat məbləğində maddi zərərə məruz qaldığını iddia edərək cavabdehdən həmin məbləğdə pulu tələb etmişdir. Həmçinin iddiaçı baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində özünə dəymiş mənəvi zərəri 1000 manat məbləğində qiymətləndirərək həmin pulu da cavabdehdən tələb etmişdir.
20. Cavabdeh isə iddianı qismən – iddiaçının mobil telefonuna görə tələb etdiyi 450 manat məbləğində maddi zərər hissəsində qəbul etmiş, bununla bağlı məhkəməyə ərizə vermiş, beləliklə, iddianı qismən etiraf etmişdir. Məhkəmə bu etirafın qanuna zidd olmadığını, eləcə də hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını hesab edərək etirafı qəbul etmişdir. Odur ki, iddia telefona görə dəymiş 450 manat məbləğində maddi zərərlə bağlı hissədə təmin edilməlidir.
21. Lakin maddi zərərlə bağlı qalan hissədə məhkəmə, iddianı əsassız hesab edir. Belə ki, iddiaçının özünə dəymiş maddi zərərin mənbəyi kimi istinad etdiyi halları (aylarla işləyə bilməməsi, kredit ödənişlərini həyata keçirə bilməməsi, müalicə xərcləri və s.) təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, baş vermiş hadisə nəticəsində iddiaçının aldığı bədən xəsarəti ilə onun uzun müddət işləyə bilməməsi, kredit ödənişlərini həyata keçirə bilməməsi arasında mütləq səbəbli əlaqə yoxdur. Xüsusən nəzərə alınmalıdır ki, baş vermiş hadisə nəticəsində iddiaçıya dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid zərər dəydiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tələb edilən maddi zərərlə bağlı iddia qalan hissədə əsassızdır.
22. Mənəvi zərərlə bağlı hissədə isə məhkəmə, iddianı qismən əsaslı hesab edir. Belə ki, cavabdehin təqsiri nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının sağlamlığına zərər dəymişdir. İş materiallarında olan cavabdehin inzibati məsuliyyətə cəlb edilməsinə dair məhkəmə qərarından görünür ki, hadisədən dörd gün sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 eksperti tərəfindən tərtib edilmiş rəydə İddiaçı bədəni üzərində bu xəsarətlər müəyyən edilmişdir: başın sol arxa təpə nahiyəsində dərialtı hematoma ilə qeyd olunan başın sol təpə, sağ süd vəzisi, döş qəfəsinin arxa səthi, sağ sağrı, hər iki bud, sağ baldır və sol diz oynağı nahiyələrində qançırlar.
23. Məhkəmə hesab edir ki, bütün bu zədələr ümumilikdə sağlamlığa vurulan yüngül zərər kimi qiymətləndirilsə də, iddiaçıya həm fiziki əzab, həm də mənəvi ağrı və iztirab verdiyi, onun mənəvi sarsıntı keçirməsinə səbəb olduğu qəbul edilməlidir. Belə ki, baş vermiş hadisə nəticəsində iddiaçının adi həyat tərzi kifayət qədər gözlənilməz şəkildə yolu piyada keçdiyi yerdə avtomobillə vurulması nəticəsində pozulmuş, baş vermiş hadisəyə görə yuxarıda qeyd edilmiş çoxsaylı zədələrə məruz qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçının fiziki sağlamlığına edilmiş bu ani və kəskin müdaxilə nəticəsində onun mənəvi tarazlığının pozulması gözlənilən, hətta labüd olmuşdur. Bu vəziyyətdə iddiaçı özünə dəymiş mənəvi zərərə görə kompensasiya tələb etməkdə haqlı olmuşdur.
24. Lakin məhkəmə, mənəvi zərərə görə kompensasiya kimi tələb edilən pulun məbləği ilə qismən razılaşmır. Belə ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərərin dəymiş olması şübhəsiz olsa da, dəymiş mənəvi zərərə görə tələb edilən 1000 manat məbləğində pul işin halları nəzərə alındıqda, iddiaçıya dəymiş mənəvi zərəri kompensasiya etmək üçün adekvat məbləğ deyil. Belə ki, mənəvi zərər məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və məhz bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi zərər məbləği ağlabatan hesab edilmir. Məhkəmə, həmçinin oxşar işlər üzrə belə bir ümumi prinsipi nəzərə alır ki, tutulan mənəvi zərərin məbləği bir tərəfi həddən artıq varlandırmamalı, digər tərəfi isə müflis etməməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin hüquqazidd hərəkətləri nəticəsində iddiaçının fiziki sağlamlığının pozulmasına görə iddiaçıya dəymiş mənəvi zərərin kompensasiyası üçün cavabdehdən 500 manat məbləğində pul tutulması ağlabatandır.
Məhkəmə xərcləri.
25. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 32 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsində nəzərdə tutulmuş iddia qiymətinə mütənasib olmuşdur.
26. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə (950 manat) mütənasib olan hissəsi (30 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh maddi zərərə görə 450 manat, mənəvi zərərə görə 500 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
28. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərə görə 450 (dörd yüz əlli) manat, mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva