Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1/2022 16.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və "xxxx" Kommersiya Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 22.299,30 manat məbləğində əsas borc, 1.655,17 manat faiz borcu, cəmi 23.954,47 manat məbləğində borcun tutulması və məhkəmə xərclərinin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 20 iyun 2008-ci il tarixli 67/1 2008 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə “American Express” kredit kartı vasitəsilə 36 ay müddətinə 50.000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh1 “American Express” kredit kartı vasitəsilə ABB-dan aldığı krediti vaxtında qaytarmadığı halda "xxxx" Kommersiya Bankı verdiyi 19 iyun 2008-ci il tarixli ödəniş qarantiyasına əsasən kreditin ödənilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh1 müqavilə üzrə borcunu ödəməmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh1 və ləğv prosesində olan "xxxx" ASC-dən iddiaçının xeyrinə 22.310,76 manat əsas, 14.085,36 manat faiz borcu və gecikdirilmiş vaxt üçün 11.054,36 manat faiz borcu olmaqla, cəmi 47.023,46 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(011)-4952/2021 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və ləğv prosesində olan “Debut Bank” Kommersiya Bankına qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata cavabdeh ləğv prosesində olan "xxxx" Kommersiya Bankına aid hissədə xitam verilməsi qərara alınmışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh1 iddiaçının xeyrinə 22.310,76 manat əsas, 13.720,36 manat faiz borcu və gecikdirilmiş vaxt üçün 10.992,34 manat faiz borcu olmaqla, cəmi 47.023,46 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 20 iyun 2008-ci il tarixli 67/1 2008 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə “American Express” kredit kartı vasitəsilə 36 ay müddətinə 50.000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka borcu qalmışdır. Yaranmış borcla əlaqədar cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 yanvar 2022-ci il tarixli rəydən görünür ki, iş üzrə əlavə təqdim olunmuş sənədlər tam təqdim edilmədiyindən "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 20 iyun 2008-ci il tarixli 67/1 2008 saylı kredit xətti müqaviləsinə əsasən yaranan əsas, faiz və illik 5 faizlə olan faiz borcunun düzgünlüyünü müəyyən etmək olmamışdır. Məhkəmə tərəfindən iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 aprel 2022-ci il tarixli rəydən görünür ki, Cavabdeh1 29 mart 2009-cu il tarixə 22.300 manat əsas, 1.655,17 manat faiz borcu; 20 iyun 2011-ci il tarixə (müqavilə müddətinin sonuna) 22.300 manat əsas, 13.720,36 manat faiz borcu; 20 may 2021-ci il tarixə (illik 5 faiz dərəcəsi ilə) 22.310,76 manat əsas, 24.712,70 manat faiz borcu müəyyən edilmişdir. Məhkəmə, cavabdehdən tutulmalı olan əsas borcun məbləğini müəyyən edərkən hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11 aprel 2022-ci il tarixli ekspert rəyində 20 iyun 2011ci il tarixə, yəni müqavilə müddətinin sonuna olan əsas borc 22.300 manat məbləğində müəyyən edilmişdir. İddiaçı isə cavabdehdən 22.310,76 manat məbləğində əsas borcun tutulmasını tələb etmişdir. Məhkəmə belə hesab edir ki, ekspert rəyi sübut qismində qəbul edilməli, cavabdehdən əsas borca görə 22.300 manat pul vəsaiti tutulmalıdır. Məhkəmə iddianın faiz borcuna aid hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11 aprel 2022-ci il tarixli ekspert rəyində 20 iyun 2011ci il tarixə, yəni müqavilə müddətinin sonuna olan faiz borcu 13.720,36 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hissədə iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 13.720,36 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə kredit müqaviləsinin müddəti başa çatdıqdan sonra gecikdirilmiş vaxt üçün illik 5% olmaqla hesablanmış 10.992,34 manat tələb edilməsi hissəsinə qiymət verərək hesab edir ki, məhz kredit müqaviləsindən irəli gələn öhdəlik icra edilmədiyinə görə bank bu məbləği tələb etməkdə haqlıdır. İş materiallarında olan 11 aprel 2022-ci il tarixli ekspert rəyində 20 iyun 2011-ci il tarixdən, yəni müqavilə müddətinin sonundan iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtadək olan gecikdirilmiş vaxt üçün müəyyən edilmiş faiz borcu (illik 5 faiz dərəcəsi ilə) 10.992,34 manat məbləğində müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yol verilməzdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 22.300 manat məbləğində əsas borc, 13.720,36 manat məbləğində faiz borcu, 10.992,34 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 47.012,70 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ekspertiza tədqiqatlarına dair bildirişlərdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat cavabdehdən alınıb dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 22.300 (iyirmi iki min üç yüz) manat məbləğində əsas borc, 13.720,36 (on üç min yeddi yüz iyirmi manat otuz altı qəpik) manat məbləğində faiz borcu, 10.992,34 (on min doqquz yüz doxsan iki manat otuz dörd qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan faiz borcu olmaqla, ümumilikdə 47.012,70 (qırx yeddi min on iki manat yetmiş qəpik) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat pul vəsaiti cavabdehd Cavabdeh1 alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolleiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-1/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1/2022
16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver