Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-100/2022 10.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 72 saylı evin 76 saylı mənzilindən su axıtması nəticəsində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 72 saylı evin 64 saylı mənzilinə dəymiş 1.500 manat məbləğində maddi ziyanın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 64 saylı mənzil 2008-ci il tarixdən iddiaçının şəxsi mülkiyyətindədir. Bu barədə iddiaçıya Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən Çıxarış verilmişdir. İddiaçı binanın 2-ci mərtəbəsində, cavabdeh isə 8-ci mərtəbəsində yaşayır. Cavabdeh iddiaçının üst qonşusudur. İddiaçının mənzili 2 otaqdan: yataq otağı, qonaq otağı, hamam, mətbəx və dəhlizdən ibarətdir. Cavabdeh uzun müddətdir ki, sözügedən mənzilə köçmüşdür, bu illər ərzində daima su axıtmalar baş verir. Cavabdeh mənzildən düzgün istifadə etmir. Cavabdehin mənzilindəki şaxtada yerləşən kanalizasiya borusundan çirkli su axması nəticəsində iddiaçının mənzilinin yataq otağında elektrik vəziyyəti yararsız vəziyyətə düşmüşdür, o cümlədən hamam otağı, mətbəx də zərər görmüşdür. Bütün tavan üzrə su axıntısının izi hələ də qalmaqdadır. Daha əvvəl də cavabdehin təqsiri üzündən mənzilə su axıdılmışdır və mənzilə dəymiş ziyanı aradan qaldırmaq üçün iddiaçı bir neçə dəfə evi öz hesabına təmir etdirmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq olunsa da, o, bundan heç bir nəticə çıxarmamış, özünün qanunsuz hərəkətlərinə son qoymamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1, 64 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhəri, Xətai rayonu, ünvan 1, 76 saylı evin sahibi isə Cavabdehdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə tikinti-texniki ekspertizasının 10/2362 saylı 20 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən 76 saylı mənzildən su sızdığı müəyyən olunmuşdur. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 72 ünvanında yerləşən 64 saylı mənzilə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 626 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1098.2-ci maddəsinə əsasən, əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinin tələbinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 72 saylı evin 64 saylı mənzilinə həmin evin cavabdehə məxsus olan 76 saylı mənzilindən su sızması nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası dəymiş ziyanı 626 manat qiymətləndirmişdir. Məhkəmə ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin rəy real vəziyyəti özündə əks etdirdiyindən, sübut kimi qəbul edilməlidir. Məhkəmə araşdırması zamanı cavabdeh verdiyi izahatlarda aparılmış ekspertiza tədqiqatı zamanı rəy verilərkən ona məxsus mənzilə baxış keçirilmədən sadəcə akta əsasən rəy verildiyini bildirmiş, iş üzrə əlavə ekspertiza keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan əlavə məhkəmə tikinti-texniki ekspertizasının 10/6315 saylı 18 mart 2022-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, ünvan 5 ünvanda yerləşən 76 saylı mənzildən su sızdığı müəyyən edilmişdir. Məhkəmə 1.500 manat maddi ziyanın dəyməsinə qiymət verərək hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzilinə su axıdılması cavabdehə məxsus mənzildən olması və həmin su axıdılması nəticəsində iddiaçıya məxsus mənzilə ziyanın vurulması iş materialları və ekspertiza rəyi ilə təsdiq olunduğundan, su axıdılmasının nəticəsində vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulmasına dair tələbi əsaslıdır, məhkəmə mənzilə su axıdılması nəticəsində dəymiş ziyanın ekspert rəyi ilə müəyyən edilmiş məbləği işin hallarına uyğun olmaqla ağlabatan və ədalətli hesab edir. Odur ki, iddia tələbi qismən təmin olunmalı, cavabdehdən 626 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçının mənzilinə dəymiş 626 manat maddi ziyan alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış məhkəmə-tikinti-texniki eksperizalarının dəyəri 100 manat təşkil edir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan ödənilmiş 15 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, cavabdehdən qalan 15 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçının mənzilinə dəymiş 626 (altı yüz iyirmi altı) manat maddi ziyan və 15 (on beş) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qalan 15 (on beş) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-100/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-100/2022
10.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver