Məhkəmə qərarları › İş №2(011)-1025/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1025/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1025/2022 20.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ona məxsus Cavabdeh1 olan 5000 ABŞ dollarının və Cavabdeh2 olan 4000 ABŞ dollarının, cəmi 9000 ABŞ dollarının cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə iddiaçı 2015-ci ilin sentyabr ayında Cavabdeh2 5000 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh2 iddiaçıdan pulu özünün biznes fəaliyyətini qurmaq üçün (Rusiya Federasiyasının Moskva şəhərində restoran açmaq üçün) almış, pulun qaytarılması vaxtı ilə bağlı əvvəlcə tərəflər arasında razılaşma olmasa da, sonradan iddiaçının tələbi əsasında o, pulu 2018-ci ilin fevral ayında qaytaracağına dair öhdəlik götürmüşdür. Cavabdeh2 tərəfindən pulun bir hissəsi həmin tarixədək qaytarılmışdır. Bundan başqa, iddiaçı Cavabdeh1 2016-cı ilin mart ayında 5000 ABŞ dolları, may ayında isə 2500 ABŞ dolları olmaqla, ümumilikdə 7500 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh1 tərəfindən pulun bir hissəsi 2020-ci ilin əvvələrinədək iddiaçıya qaytarılmışdır. İddiaçı yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, cavabdehləri uzun müddətdir tanıyır və bu səbəbdən onlara pullarını etibar edib işgüzar münasibətlərə girmişdir. Cavabdeh2 əvvəllər o işlədiyi MKİSin rəisi olub. Ailəvi dostluq etmişlər, ailə üzvlərinin hamısını tanıyır. Sonralar hər ikisi oradan işdən çıxsalar da münasibətləri qalmışdır. Digər Cavabdeh1 isə onun qardaşı oğludur, tez-tez həmin MKİS-ə gələrdi. Cavanşir iddiaçıya Moskva şəhərində 200 min ABŞ dolları yatırım etməklə restoran açmaq niyətində olduğunu və işlərin yekunlaşmalı olduğunu demiş, onu isə həmin restorana özünə köməkçi götürəcəyinə söz vermişdir. İşlərin yekunlaşması üçün ona 15-20 min ABŞ dolları lazim olduğunu demişdir. Bu məqsədlə iddiaçıdan 7.000 ABŞ dolları almış və işlərin 1-2 aya yekunlaşacağını bildirmişdir. Lakin bir müddət sonra Cavanşir Moskva şəhərində yaranmış müəyyən problemlər səbəbindən işin alınmadığını demişdir. Daha sonra, onunla görüşdükdə işlərin uzanacağını demiş və pulu qaytarmaq üçün ona bir qədər vaxt verməyimi istəmişdir. Sonradan o, həmin biznes fəaliyyətilə məşğul olmaq üçün Türkiyəyə getmiş və orada da işləri alınmadığı səbəbindən geri qayıtmışdır. Qayıtdıqdan sonra verdiyi pulun 3 minini hissə-hissə özümə qaytarmış. qalan 4 min ABŞ dollarını isə iddiaçının tanımadığı Muxtar adında şəxsə verdiyini demişdir və Muxtar pulları qaytardıqda o da iddiaçıya qaytaracağına söz vermişdir. Bu müddət ərzində Cavanşir eyni zamanda demişdir ki, qardaşı oğlu digər Cavabdeh1 Türkiyədən Azərbaycana mal gətirir. Ona təklif emişdir ki, Orxana 5 min ABŞ dolları versin ki, o, da əldə etdiyi gəlirdən iddiaçıya qazanc versin. O da 2016-cı ilin mart ayında Orxana 5.000 ABŞ dolları məbləğində pul vermişdir. Lakin iki aydan sonra Orxan iddiaçıya gömrükdə problem yarandığı demiş, həmin problemin həlli və daha çox mal gətirmək üçün ondan daha 2500 ABŞ dolları almışdır. Müəyyən müddət ərzində Orxan da verdiyi cəmi 7500 ABŞ dollarından hissə-hissə 2500 ABŞ dollarını qaytarmış, 5000 ABŞ dollar borcu qalmışdır. Şikayəti əsasında dəvət edilərək izahatları alınarkən orada yalan danışaraq borclarının az olduğunu demişlər. Verdiyi pulları onlardan çətinlikdə geri aldığı səbəbindən bununla bağlı Nərimanov rayon Polis İbarəsinə şikayət etmişdir. Bakı şəhəri, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqinin 26 dekabr 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə mülki mübahisələrin həlliİ üçün aidiyyatı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdehlər izahatlarında borclarını 2019-cu ilin fevral ayına qədər qaytaracaqlarını söz versələr də, bunu etməmişdir. Bu səbəbdən də o həmin iddia tələbi ilə məhkəməyə müraciət elmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, 2015-ci ildə cavabdehlərə qazanc əldə etmək məqsədi ilə onların təklifi əsasında pul vermişdir. Cavabdeh2 aldığı pulu 2018-ci ilin fevral qayında qaytaracağına söz vermiş, lakin qaytarmamışdır. Digər Cavabdeh1 isə polisə müraciət edənədək 5200 ABŞ dolları borcu olmuşdur. Həmin borcdan ayrı-ayrı vaxtlarda 350 manat, 450 manat, 550 manat və 200 manat olmaqla, cəmi 1350 manat (794,11 ABŞ dolları) qaytarmış, qalan məbləği isə qaytarmamışdır. İddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, o, iddiaçıdan aldığı pulun hamısını qaytarmışdır. Polisdə izahat verən vaxtı onun iddiaçıya 3115 ABŞ dolları borcu qalmışdır. İzahat verərkən borcunu 2019-cu ilin sonuna qədər qaytaracağına söz vermiş və dediyi kimi də etmişdir. iddiaçıdan aldığı pulun təxminən 1400 ABŞ dolları hissəsini Nəriman adlı taksi sürücüsü, qalan hissəsini isə İlqar adlı taksi sürücüsü vasitəsilə vermişdir. İlqar artıq rəhmətə getmişdir. İddiaçıdan aldığı pulu tam qaytarmışdır. Cavabdehlərin vəkili və nümayəndəsi iddianın Cavabdeh2 aid hissəsinə iddia müddətini tətbiq etməklə, Cavabdeh1 aid hissədə isə pul tam ödənildiyi üçün rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X2 izahat verərək bildirdi ki, iddiaçı ilə şəxsi tanışlığı yoxdur. Orxanla qonşudurlar, Orxan bir dəfə onla mobil telefon vasitəsilə əlaqə saxlayaraq bildirdi ki, bir əmanət var onu çatdırmalıdır. Təxminən 200 ABŞ dolları pulu iddiaçıya çatdırıb. Bir ay sonra yenidən əlaqə saxladı, bu dəfə 300 ABŞ dolları pulu iddiaçıya çatdırmağını istədi. Sonra yenidən əlaqə saxlayanda burda olmadığını dedi və pulu İlqar adlı şəxsin çatdırmağını tövsiyyə etdi. Daha sonra İlqar adlı şəxs pulları iddiaçıya çatdırıb. Pul heç vaxt zərfdə olmayıb, açıq olub. Ümumilikdə 2500 ABŞ dolları pulu iddiaçıya çatırıb. Məhkəmə tərəflərin, onların vəkili və nümayəndələrinin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesinın ilk addımı kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdehlər arasında şifahi borc müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri kimi hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu xx.xx.2021-ci il tarixli Qərarında isə göstərir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Odur ki, məhkəmə icraatından irəli gələn vəzifələrinə uyğun olaraq məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış borc müqaviləsinin etibarlı olub-olmamasının müəyyən edilməsi zəruridir. Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, borc müqaviləsi o halda bağlanmış hesab edilir ki, borc verən borc predmeti olan pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürmüş olsun. İşin yuxarıda qeyd edilən faktiki hallarından, habelə tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan da görünür ki, iddiaçı hər iki cavabdehə sonradan qaytarmaq şərtilə borca pul vəsaiti vermiş (pula olan mülkiyyət hüququnu onlara keçirmiş), cavabdehlər isə həmin pul vəsaitlərini qəbul etmiş və qaytaracaqlarına dair öhdəlik götürmüşlər. Həmçinin, Mülki Məcəllənin xx.xx.2016-cı il tarixədək qüvvədə olmuş 740-cı maddəsində göstərildi ki, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. İşin halları ilə müəyyən edilir ki, hər iki cavabdeh pul vəsaitlərini iddiaçıdan xx.xx.2016-cı il tarixədək almışdır. Göründüyü kimi, tərəflər arasında borc müqaviləsi qanunla müəyyən edilmiş əsaslarla şifahi formada bağlanmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə qismən təmin edilməlidir. Belə ki, borc müqaviləsinin anlayışı və əsasları barədə yuxarıda şərh edilmişdir. Cavabdeh1 tərəfindən iddiaçıdan iki dəfə olmaqla, ümumilikdə 7500 ABŞ dolları məbləğində pulun alınması həm də işin mübahisəsiz halıdır. Tərəflər arasında mübahisə isə həmin pul vəsaitinin qaytarılmaması ilə bağlıdır. İddiaçı aldığı pulu qismən, Cavabdeh1 isə tam qaytardığını iddia edir. Cavabdeh1 aldığı borc vəsaitini qaytarması ilə bağlı dəlilinin hüquqi tənzimlənməsi Mülki Məcəllənin 529-cu maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəada göstərilir ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir (529.1-ci maddə). Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir (529.3-cü maddə). Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər (529.6-cı maddə). Göstərilən müddəalardan da görünür ki, öhdəliyin icrasının sübut edilməsi vəzifəsi borc alanın üzərinə düşür. Öhdəliyin icarısnın sübuta yetirilməsinin bir neçə qaydası isə adı çəkilən 529-cu maddədə əks olunmuşdur. Lakin iddiaçı aldığı borcun tam qaytarılmasını və öhdəliyini tam icra etməsini təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında şahid X2 isə Cavabdeh1 verdiyi izahatla ziddiyətli izahat verdi. Belə ki, Cavabdeh1 Nəriman Bağırovla iddiaçıya 1400 ABŞ dolları göndərdiyini dediyi halda, şahid onun vasitəsilə göndərilən pulun 2500 ABŞ dolları olduğunu bildirmişdir. Mülki Prosessual Məcəllə müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1-ci maddə). Lakin iddiaçı məhkəmə iclasında Cavabdeh1 tərəfindən polisə müraciət etdikdən sonra qalan 5200 ABŞ dolları borcundan ayrı-ayrı vaxtlarda cəmi 794,11 ABŞ dolları (350 manat + 450 manat + 550 manat + 200 manat = 1350 manat x 1.7 ABŞ dolları = 794,11 ABŞ dolları) məbləğində ödədiyini bildirmişdir. Odur ki, məhkəmə iddiaçının borcun qaytarılmasına dair etirafını nəzərə alaraq hesab edir ki, Cavabdeh1 aid hissədə iddia tələbi qismən, 4405,89 ABŞ dolları hissəsində təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllə ilə müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən və cavabdehin vəkili və nümayəndəsi tərəfindən də iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən Cavabdeh2 aid hissədə tələbə iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Belə ki, yuxarıda iddiaçı ilə Cavabdeh2 arasında da şifahi formada borc müqaviləsinin bağlanması ətraflı şərh edilmişdir. İddiaçı isə məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh2 aldığı pul vəsaitini 2018-ci ilin fevral ayında qaytaracağına dair öhdəlik götürmüşdür. Lakin işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 həmin vaxtdan sonra nə tam, nə də qismən də olsa iddiaçıdan aldığı borcu qaytarmamışdır. İddiaçı isə xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəmyə müraciət etmişdir. Halbu ki, iddiaçı Cavabdeh2 qarşı hazırkı iddia tələbi ilə 2021-ci ilin mart ayınadək iddia qaldıra bilərdi. İddia müddətinin anlayışını və tətbiqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373 və 375.2-ci maddələrində qeyd edilir ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd edilən müddəalardan göründüyü kimi, məhkəməyə müraciət etmək üçün ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti isə üç il müəyyən edilmişdir. Lakin iddiaçı göstərilən müddət ərzində Cavabdeh2 tərəfindən öhdəliyini icra etməməsi barədə məhkəməyə müraciət etməməklə, iddia müddətini ötürmüş, iddia müddətini üzürlü səbəbdən ötürməsi ilə bağlı isə məhkəməyə heç bir sübut təqdim etməmişdir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Beləliklə, yuxarıda şərh edilən əsaslara görə məhkəmə hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən və Cavabdeh2 vəkili və nümayəndəsi tərəfindən də iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən iddia tələbi ona aid hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 4405,89 ABŞ dolları məbləğində pul (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla) tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bak şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar