Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1029/2024 07.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yardılmış hüquqi şəxs statuslu qurum (“X6 Edilməsi Agentliyi” MMC vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-İB-55 saylı, 03 aprel 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC İslam Bankçılığı Departamenti ilə Cavabdeh arasında xx.xx.2014cü il tarixli, “Kirby” firmasının istehsalı olan “Sentria” modelli ********** seriyalı nömrəli avadanlığın (avtomatik yuyucu) alınması məqsədilə 194/14 saylı Vakala borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20% tətbiq edilməklə, 24 ay müddətinə 3065 manat məbləğində kredit verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bugünədək lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 2667,89 manat, faiz borcu üzrə 285 manat olmaqla, ümumilikdə 2952,89 manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan borc müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə iddia müddətinə riayət edilməklə Nizami Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-3112/2019 saylı qərardadı ilə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən mülki mübahisənin məhkəmədən kənar həll edilməsi ilə mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı xx.xx.2021-ci il tarixində Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, icraatın təzələnməsini xahiş etmiş, lakin Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-3112/2019 saylı qərardadı ilə ərizə təmin edilməyərək, iddiaçıya ümumi qaydada məhkəməyə yenidən müraciət etmək hüququ izah edilmiş, həmçinin həmin qərardadda analoji müqavilələr üzrə mübahisənin hazırkı məhkəmədən kənar həlli qaydası sözügedən Fərmanla müəyyən edildiyindən, həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş, müddət iddia müddətinə daxil olmaması da qeyd edilmişdir. Borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Cəmiyyət tərəfindən cavabdehə restrukturizasiya müqaviləsi bağlanılması üçün xx.xx.2020-ci il tarixli 4518 saylı bildiriş məktubu göndərilsə də, cavabdeh tərəfindən həmin bildiriş məktubuna heç bir münasibət bildirilməmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh əsas borc üzrə 2667,89 manat, faiz borcu üzrə 285 manat olmaqla, ümumilikdə 2952,89 manat məbləğində pul vəsaitinin və həmçinin 49,53 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, izahatında bildirmişdir ki, onun həyat yoldaşı Cavabdeh “Kirby” firmasını tanınamış, ümumiyyətlə harada yerləşməsi ilə bağlı məlumatlı olmamışdır. Cavabdeh banka müraciət etməmişdir. Həmin firmanın əməkdaşları məhsulu evə gətirərək, yoldaşına satmış, 3 gün sonra yuyucu maşını geri qaytarmışdır. Firma məhsulu alsa da, ödənişlər ona geri qaytarılmışdır. Bu birbaşa olaraq dələduzluqdur. Nümayəndə eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia müddətinin keçməsi əsası ilə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə ərizəsində qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə 2014-cü ildə bağlanmış və müqavilənin müddəti 24 ay olmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC İslam Bankçılığı Departamenti ilə Cavabdeh arasında bağlanmış 22 aprel 2014-cü il tarixli 194/14 nömrəli “Vakal” Borc müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 24 ay müddətinə illik 20 % olmaqla 3065 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş 22 aprel 2014-cü il tarixli maliyyə arayışına əsasən məlum olur ki, Cavabdeh kredit müqaviləsi üzrə banka olan faiz borcu 2667,89 manat, 285 manat faiz borcu vardır. İş materiallarında olan “X7” MMC ilə Cavabdeh arasında bağlanmış 24 may 2014-cü il tarixli müqavilənin ləğv edilməsi haqqında razılaşmanın surətindən görünür ki, tərəflər arasında 12 aprel 2014-cü il tarixdə “Kirby” markalı “Sentria” modelli ********** seriyalı yuyucu maşının və onun tərkib hissələrinin satılması barədə alqı-satqı müqaviləsi bağlanılmışdır. Alıcının müraciəti əsasında və müqavilə şərtlərinə uyğun olaraq müqavilə ləğv olunmuş, alıcının ödədiyi ödənişlər müqavilə şərtlərinə uyğun olaraq geri qaytarılmamış, satılış əmlak onun tərkib hissələri ilə birlikdə işlək vəziyyəti yoxlanılaraq satıcıya qaytarılmış, əmlakın təhvil alınması barədə akt tərtib olunmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanına əsasən İddiaçı QSC bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq alınmış aktivləri idarə edərkən"xxxx" ASC-dən alınacaq aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik üzrə tələb hüquqlarını qanunvericiliyə əsasən əldə etmək və həyata keçirmək, ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması və borcalanlar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər (məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək və s.) görmək, tələb girova (ipotekaya) yönəldildiyi halda, girov (ipoteka) qoyulmuş əmlakın idarə edilməsini həyata keçirmək, həmin əmlakın dövlət əmlakına aid edilməsi barədə təkliflər vermək və ya ixtisaslaşmış təşkilatlar tərəfindən açıq hərraclarda satışını təşkil etmək, əldə olunan vəsaitin borc öhdəliklərindən irəli gələn tələblərin ödənilməsinə yönəldilməsini təmin etmək, aktivlərin idarə edilməsi ilə əlaqədar tələb olunan xərcləri bu Fərmanın 2.1-ci bəndinə əsasən əldə olunan vəsait hesabına, bu məqsədlər üçün hər il təsdiq olunan xərclər smetasına uyğun olaraq həyata keçirmək vəzifələri yerinə yetirir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki: - Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. - MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. - MM-in 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh “X7” MMC tərəfindən 12 aprel 2014-cü il tarixdə “Kirby” markalı “Sentria” modelli ********** seriyalı yuyucu maşını satılmış, 24 may 2014-cü il tarixdə həmin əşya cavabdeh tərəfindən "X7” MMC-yə təhvil verilmiş, lakin məhsulun dəyəri cavabdehə qaytarılmamışdır. Eyni zamanda mülki işdə olan sübutlarla təsdiq edilir ki, "xxxx" ASC İslam Bankçılığı Departamenti ilə Cavabdeh arasında 22 aprel 2014-cü il tarixdə borc müqaviləsi bağlanmış, həmin müqavilədə icra müddəti 24 ay müəyyən edilmiş, həmin müddət 22 aprel 2016-cı il tarixdə bitmişdir. İddiaçı həmin müqavilə üzrə öhdəliyin icra edilməməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə 12 dekabr 2022-ci il tarixdə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(011)-970/2023 saylı qəradadına əsasən mülki iş baxılmamış saxlanılmış, iddiaçının təkrar müraciəti 20 noyabr 2023-cü il tarixdə müraciət etmiş və cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmişdir. İddiaçı iddia ərizəsində xx.xx.2019-cu il tarixdə eyni iddia tələbi ilə Nizami Rayon Məhkəməsinə müraciət etdiyini bildirmiş, “Elektron məhkəmə” informasiya sistemindən əlaqəli işlərdən müəyyən edilir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3112/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadına əsasən mülki iş baxılmamış saxlanılmışdır. Məhkəmə iddia müddətinin tətbiqinə münasibətdə hesab edir ki, iddia müddətinin iddiaçı tərəfindən ötürülməsi işdə olan sübutlarda təsdiq edildiyindən iddia tələbi iddia müddəti tətbiq edilərək rədd edilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1029/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1029/2024
07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver