Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1031/2024 21.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, iddiaçı X1 Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 28-də yerləşən 19 nömrəli mənzildən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 28-də yerləşən 17 nömrəli mənzilin yataq otağına suyun axıdılması nəticəsində mənzilin tavanına vurulan 500 manat dəyərində maddi zərərin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh qarşı cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 28-də yerləşən 19 nömrəli mənzildən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 28-də yerləşən 17 nömrəli mənzilin yataq otağına suyun axıdılması nəticəsində mənzilin tavanına vurulan 2000 manat dəyərində maddi zərərin əvəzinin ödənilməsi və cavabdehin üzərinə Bakı şəhəri Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 29-də yerləşən 19 nömrəli mənzildə qüsurlu su və kanalizasiya xətlərinin təmir edilməsi öhdəliyinin qoyulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı Xamıyev Mirtağı Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 28-də yerləşən 17 nömrəli mənzilin mülkiyyətçisidir. İddiaçı ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Cavabdeh Elvin qızı iddiaçının üst qonşusudur və Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 28-də yerləşən 19 saylı mənzilin mülkiyyətçisidir. Belə ki, Cavabdeh Elvin qızına məxsus 19 saylı mənzilin mətbəxi iddiaçının mənzilinin yataq otağının üzərindədir. Cavabdeh Elvin qızına mənzilin mətbəxindən iddiaçının evinə su axır. İddiaçı cavabdehdə müraciət edərək şikayətini bildirsə də, sonuncu iddiaçının bu müraciətlərini nəzərə almamış, nəticədə maddi zərər daha da atrmışdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında verdiyi izatında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O, məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 28-də yerləşən 19 nömrəli mənzilin qüsurlu su və kanalizasiya xətləri təmir edildiyinə görə, onun evinə artıq su axmır. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İş materiallarında olan Bakı şəhəri Xətai rayonu 110 saylı MKİS-nin mühəndisi, sahə nəzarətçisi və işçisi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, N.Əliyev küçəsi 28 saylı evin Cavabdeh Elvin qızına məxsus 19 saylı mənzilin hamam otağından su axıntısı nəticəsində 17 saylı mənzilin uşaq otağının tavanının bir neçə hissəsinin yaş və nəmli olduğun şahidi olmuşdurlar. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı aşkar edilmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 17 saylı mənzili İddiaçı məxsusdur. Mənzildə iddiaçı ailə üzvləri ilə birlikdə yaşayırlar. Həmin yaşayış binasının 19 saylı mənzili isə Cavabdeh mülkiyyətindədir və mənzildə cavabdeh ailə üzvləri ilə birlikdə yaşayır. Yaşayış binasının 19 saylı mənzilin hamam otağı və mətbəxi 17 saylı mənzilin hamam otağı və yataq otağının üzərində yerləşir. 17 saylı mənzilə suyun axıdılması nəticəsində mənzilin yataq otağının divar və tavanında su ləkələri yaranmış, divar kağız və tavanın boyası sökülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 3-16-16/2-10/1152 saylı rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 17 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavan, divar və sairə) qüsurların əmələ gəldiyi, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsində yerləşən 28 saylı evin 17 saylı mənzilinə həmin mənzil ilə eyni proeksiyada olan və binanın 3-cü mərtəbəsində yerləşən 19 saylı mənzildən su axıldığı və nəticədə 17 saylı mənzilin yaşayış otağı tikilisinə ziyan vurulduğu müəyyən edilmişdir. Qeyd olunur ki, 19 saylı mənzil təmirli olduğundan, su kanalizasiya xətlərin gözlər görünən hissələrinin üzərində qüsur olmadığından, 17 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 17 saylı mənzilə su sızması 19 saylı mənzilin sukanalizasiya xətlərində yaranmış nasazlıq və ya mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Xətai rayon, Natiq Əliyev küçəsində yerləşən 28 saylı evin 17 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta baza qiymətinə uyğun dəyəri təqribən 1023, 0 manat məbləğində müəyyən olunmuşdur. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayon, Natiq Əliyev küçəsində yerləşən 28 saylı evin 17 saylı mənzilinə cavabdehin mülkiyyətində olan həmin yaşayış evinin 19 saylı mənzilindən su axıdılması nəticəsində zərər dəymişdir. Məhkəmə qeyd edir ki, iddiaçı vurulmuş zərərin 2000 manat məbləğində olduğunu iddia etsə də, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində zərərin məbləği 1023,0 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərin əvəzi olaraq 1023,0 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq cavabdeh İddiaçı ödənilməlidir. Məhkəmə iddiaya Bakı şəhəri Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 29-də yerləşən 19 nömrəli mənzildə qüsurlu su və kanalizasiya xətlərinin təmir edilməsi öhdəliyinin cavabdehin üzərində qoyulması hissəsində qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən mənzilinin su və kanalizasiya xətlərində olan nasazlıqlar aradan qaldırıldığına görə, qeyd edilən tələbin təmin edilməsi üçün faktiki əsaslar da aradan qalxmışdır. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı vurulmuş maddi zərərin əvəzi olaraq 1023,0 (min iyirmi üç manat) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1031/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1031/2024
21.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver