Məhkəmə qərarları › İş №2(011)-1038/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1038/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1038/2021 16.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Beynəlxalq Bankın Sumqayıt filialından Cavabdeh çıxardığı 1.600 manatdan götürdüyü 650 manatın və bank faizinin, dövlət rüsumunun Cavabdeh tutulub ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 25 ildir ki, qonşudur. Onlar bir həyətdə yaşayırlar, aralarında gediş-gəliş olmuşdur. İddiaçı cavabdehlə söhbət edərkən cavabdeh ona yeni maşın alması üçün 500 manat pulun lazım olduğunu bildirmişdir. Cavabdeh iddiaçıya bankdan pul krediti götürməyi təklif etmiş, təqaüd kartını ondan istəmişdir. Daha sonra onlar Azərbaycan Beynəlxalq Bankın Sumqayıt filialına getmiş, iddiaçının təqaüd kartından 1.600 manat kredit götürmüşlər. Cavabdeh həmin puldan tanışı olan bank işçisinə 100 manat, digər dostuna isə 50 manat vermişdir. Cavabdeh iddiaçıdan 500 manat pul götürmüş, tez bir zamanda pulu qaytaracağını və bankın faizlərini ödəyəcəyini bildirmişdir. Cavabeh onu aldatmış, müxtəlif bəhanələr gətirərək bankın pulunu və faizləri ödəməkdən qərəzli olaraq boyun qaçırmışdır. İddiaçı polisə müraciət etmiş, cavabdeh polis idarəsində verdiyi izahatında 500 manat pulu və faizləri ödəyəcəyini, hazırda imkanının olmadığını bildirmişdir. Lakin o, hər dəfə pulu ödəyəcəyinə söz versə də, ödəməmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək qismən təmin edilməsini xahiş etdi. O, izahatında 500 manat borcu iddiaçıdan aldığını etiraf etdi. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Elman Heydərov İddiaçı atasıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması və əlavə yoxlama aparılması haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, barəsində şikayət edilmiş Cavabdeh aldığı 500 manat pulu Xalqlar Dostluğu metrostansiyası yaxınlığında aldığını bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc məbləğini almaq hüququna malik olduğu kimi yaranmış borcu ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə cavabdehin iddiaçıdan 500 manat məbləğində pul vəsaitini aldığını etiraf etməsinə istinad edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 500 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan az olduqda 20 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.3-cü maddəsinə görə, şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişlər. İş materiallarından görünür ki, İddiaçı ikinci qrup əlildir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 20 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar