Məhkəmə qərarları › İş №2(011)-1041/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1041/2022

02.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1041/2022 02.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “abonentlərin qaz xəttindən çıxarılması və vurulmuş zərərə görə 5000 manat ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İB-yə qarşı “abonentlərin qaz xəttindən çıxarılması və vurulmuş zərərə görə 5000 manat ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şikətinin Cavabdehnə tabe olan X5 İstismarı İdarəsi “Gəncə şəhər Avtozavod qəsəbəsi” adlanan yaşadığı ərazidə tikilmiş evlərə, yəni ona və qonşularına «bizim vəsaitimiz yoxdur, amma öz vəsaitiniz hesabına çəkdirə bilərsiniz» - deyərək təbii qaz xətti çəkməkdən imtina etdiyi üçün bu xətti o, öz vəsaiti hesabına 12 nəfər qonşunun maddi köməyi ilə çəkdirmiş, bütün bu işə 5000 manat pul xərcləmişdir. Həmin vəsaitin bir hissəsi sənədlər almaq üçün zəruri olan ödənişlərə xərclənmiş, Cavabdeh pulu, necə deyərlər, duru yerdən qazanmışdır. 2007-2009-cu illərdə Cavabdeh tabeliyində olan X5 İstismarı İdarəsi hazırın naziri olmuş, tanımadığı 11 nəfər abonentin qaz xətlərini onun zəhməti və vəsaiti hesabına çəkilən, yəni onun mülkiyyəti olan qaz borusuna qoşmuşdur. Bu günə kimi də həmin idarə onun mülkiyyətinın hesabına pul qazanır. Yaşadığı əraziyə qaz borusu cavabdeh İstehsalat Birliyinin hesabına çəkilməli olduğu halda, həmin cavabdeh birliyin tabeliyində olan X5 İstismarı İdarəsi özgə əmlakından bəhrələnmək üçün, yəni yox yerdən pul əldə etmək üçün məsələni uzun müddət süründürmüş, onu və qonşularını yaşadıqları sahəyə qaz borusu çəkməyə vadar etmiş, üstəlik boru tamama yetəndən sonra mülkiyyətində olan borudan onun iradəsinə zidd olaraq bəhər götürmüşdür və götürməkdədir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən vurulmuş zərər hesabına onun xeyrinə 5000 manat məbləğində pulun tutulması və həmin birliyin işçilərinin onun çəkdiyi boruya (xəttə) razılığı olmadan qoşduğu xətlərin sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh İB-nin nümayəndəsi X3 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Nümayəndə eyni zamanda etiraz ərizəsi təqdim edərək, etiraz ərizəsində göstərmişdir ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbi əsassızdır. Belə ki, iddiaçının qeyd etdiyi ünvanda olan qaz xətti Cavabdeh İB-nin balansındadır və 2020-ci ildə təqdim etdikləri foto şəkillərdən də göründüyü kimi əsaslı təmir proqramına əsasən diametri 108 mm-lik olan küçə qaz xətti çəkilərək abonentlərin istifadəsinə verilmişdir. İddiaçının tələb etdiyi diametri d50 mm-lik olan qaz xətti istismardadı və Cavabdeh İB olaraq tikinti norma qaydaların AZNDT 2-13 bəndinə əsasən il ərzində texniki xidmət və cari təmir işləri aparılır. İddiaçı ondan icazə alınmadan qoşulma olan 13 abonent hal-hazırda Cavabdeh İB-nin 2020-ci ildə qazlaşdırdığı 108 mm-lik qaz xəttinə qoşulmuşdur və İddiaçı iddia etdiyi d50 mm-lik qaz xətti abonentin evinin qarşısına kimi istismardadır. Qeyd olunan d50 mm-lik qaz xətti qoşulma yeri d108 mm-lik qaz xəttindəndir və Cavabdeh İB-si tərəfindən hər hansı diametrli qaz borusu sökülməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan X6 İdarəsi tərəfindən Gəncə şəhər Gülüstan qəsəbəsində yaşayan İddiaçı, S.Həmzəyevaya, P.İsmayılovaya və başqalarına ünvanlanmış 12 iyun 2009-cu il tarixli məktubdan görünür ki, Cavabdeh QSC-nin 14 dekabr 2007-ci il tarixli, NS-10-5825/4 saylı məktubuna və Gülüstan qəsəbəsində yaşayan sakinlərin 27 aprel 2009-cu il tarixli ərizələrinə əsasən göstərilən ərazidə yerləşən fərdi evlərin qazlaşdırılması üçün yeni çəkiləcək küçə qaz kəmərinin layihəsini aşağıdakı şərtlər daxilində yerinə yetirilməli : 1-Qaz təchizatı mənbəyi olaraq ərazidəki 325 mm-lik orta təzyiqli qaz kəmərindən ayrılan 57 mm-lik qaz xəttini birləşmə nöqtəsində diametri 100 mm-lik qaz xətti ilə əvəzləyərək QTŞ quraşdırmaq şərti ilə qəbul etməli; 2-Həmin ərazinin perspektivini nəzərə alaraq qaz təchizatı mənbəyindən ərazidəki evlərə qədər ötürücü qaz kəmərinin diametrinin 50 mm-dən az qəbul etməməli; 3-Sifarişçinin vəsaiti hesabına qaz təchizatı mənbəyindən qazlaşdırılacaq evlərə qədər qaz kəmərinin çəkilməsini, küçənin girişində qaz tənzimləyici qurğu, evlərdə isə “Smart kart” tipli qaz sayğaclarının, detektor və bağlayıcı klapanların quraşdırılması nəzərdə tutulmalı və sair; İş materiallarında olan Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutu tərəfindən verilmiş layihədən görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsində yaşayış evlərinin qazlaşdırılması üçün küçə qaz kəmərlərinin çəkilməsi layihəsi sifarişçilərin ərizəsinə əsasən və Gəncə rayonu Qİİ-nin verdiyi texniki şərtə uyğun layihələndirilmişdir. İş materiallarında olan Layihə-axtarış işləri üzrə 2№-li Smetadan görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsində yaşayış evlərinin qazlaşdırılması üçün küçə qaz kəmərlərinin çəkilməsi layihə-axtarış işləri üzrə müqavilə qiyməti 67.78 manat nəzərdə tutulmuşdur. İş materiallarında olan 1№-li Lokal-smetadan görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsində yaşayış evlərinin qazlaşdırılması üçün küçə qaz kəmərlərinin çəkilməsi üçün smeta üzrə 269.76 manat nəzərdə tutulmuşdur. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən yaşayış evinin qazlaşdırılması ilə bağlı ona dəyən 5000 manat məbləğində maddi zərərin tutulmasına dair iddia qaldırsa da, həmin yaşayış sahəsinin onun tərəfindən qazlaşdırılmasına onun tərəfindən həmin pul vəsaitinin xərclənməsinə dair hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı iş materiallarında olan sübutlarla təsdiq edilmişdir ki, iddiaçının iddia etdiyi ünvanda yerləşən yaşayış evlərinin qazlaşdırılması məhz cavabdeh təşkilat tərəfindən həyata keçirilmişdir və iddiaçı ondan icazə alınmadan qoşulma olan 13 abonent hal-hazırda Cavabdeh İB-nin 2020-ci ildə qazlaşdırdığı 108 mm-lik qaz xəttinə qoşulmuşdur və İddiaçı iddia etdiyi d50 mm-lik qaz xətti abonentin evinin qarşısına kimi istismardadır. Məhkəmə mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh İB-yə qarşı “abonentlərin qaz xəttindən çıxarılması və vurulmuş zərərə görə 5000 manat ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar