Məhkəmə qərarları › İş №2(011)-1109/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1109/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1109/2023 16.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıdan borc kimi aldığı 1.320 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Nizami rayonu, Neftçilər metrosu ərazisində komputer ustası işləyir. Cavabdeh komputer dükanına bir neçə dəfə komputer satmışdır. O, iddiaçıya xərçəng xəstəsi olduğunu, müalicə üçün pul lazım olduğunu, geri qaytaracağını bildirmiş, iddiaçı ona ümumilikdə 2000 manat pul vermişdir. Sonradan bir qismini qaytarsa da, cavabdeh pulun 1320 manatını qaytarmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O, ərizədə iddia tələbini qəbul etdiyini, iddiaçıya 1.320 manat borcunun olmasını və ödəməkdən boyun qaçırmadığını bildirmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh 2.000 manat məbləğində borc pul vermiş, cavabdeh pulu tam şəkildə geri qaytaracağını bildirmişdir. Lakin cavabdeh borcun bir qismini qaytarsa da hazırda onun iddiaçıya 1.320 manat borcu qalmışdır. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə istinad edərək, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli olmasını, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməli olmasını, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququnun olduğunu qeyd edir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı materialdan görünür ki, İddiaçı şikayət ərizəsi əsasında Nizami RPİ tərəfindən Cavabdeh izahat alınmışdır. Cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işinin istintaqı zamanı verilmiş ifadəsində qeyd etmişdir ki, İddiaçı təxminən iki ildir ki, tanıyır, xərçəng xəstəliyindən əziyyət çəkir, müalicəsi üçün pula ehtiyacı olmuşdur. Bu mövzuda Əhmədlə söhbət etdikdə Əhməd onun müalicəsi üçün pul verə biləcəyini demişdir. Əhməd ona kömək məqsədilə 2022-ci ilin iyul ayında borc olaraq 2.000 manat pul vermiş, Nazlı həmin pulun bir hissəsini qaytarsa da, yerdə qalan 1.320 manat pulu qaytara bilməmişdir. O, Əhmədə olan borcunu inkar etmədiyini, həmin pulun qaytarması üçün ona möhlət verilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfindən verilmiş ifadəyə qiymət verərək belə hesab edir ki, nə qədər ki, cavabdeh cinayət işinin istintaqı və məhkəmə araşdırması zamanı verdiyi ifadələrində iddiaçıya 1.320 manat borcunun olmasını etiraf etmişdir, bu hal iş üzrə mübahisəsiz haldır. Məhkəmə qanunvericiliyin normalarına əsaslanaraq belə hesab edir ki, cinayət təqibi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarında hadisənin olub-olmaması barədə məlumatın olması iddiaçını sübutetmə yükündən azad edir. Sözügedən qərar həmin hissədə məhkəmə üçün məcburidir. (AR MPM-nin 82.4-cü maddəsi) Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, cavabdehin iddianı etiraf etməsi qəbul olunmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1.320 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 35 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 35 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1.320 (bir min üç yüz iyirmi) manat məbləğində pul vəsaiti və 35 (otuz beş) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar