Məhkəmə qərarları › İş №2(011)-1118/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1118/2024

10.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1118/2024 10.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Tərəflər arasında 2023-cü ilin iyun ayında şifahi formada podrat müqaviləsi bağlanmış, razılaşmaya əsasən iddiaçı cavabdehə fərdi yaşayış evinin yataq otağı üçün yataq dəsti mebelini (1 ədəd çarpayı, 2 ədəd çarpayının ətrafları üçün tumba-şkaf, 1 ədəd dolab, 1 ədəd güzgü və 1 ədəd güzgülü komoddan ibarət) hazırlamağı və quraşdırmağı sifariş vermiş, cavabdeh isə 10 gün ərzində sifarişi təhvil verməyi öhdəsinə götürmüşdür. Yataq dəstinin hazırlanması üçün iddiaçı tərəfindən 2000 manat məbləğində ilkin ödəniş edilmiş, sonradan isə iddiaçı tərəfindən 2000 manat məbləğində ödəniş edilməklə, ümumilikdə 4000 manat məbləğində cavabdehə ödəniş edilmişdir.

2. Cavabdeh Nizami RPİ-nin 23-cü Polis Bölməsində verdiyi yazılı izahatında qeyd etmişdir ki, o, iddiaçıdan mebel sifarişini qəbul etmiş, mebeli tam hazırlamış, xırda kəsirləri qalmışdır, xx.xx.2023-cü il tarixədək mebelin çatışmayan hissələrini tamamlayacaqdır.

3. Hazırda tərəflər arasındakı mübahisə cavabdeh tərəfindən yataq dəsti mebelinin hissələrinin tam təhvil verilməməsi, təhvil verilmiş hissələrin isə qüsurlu olması və quraşdırılmaması ilə bağlıdır.

İddia ərizəsinin və ona etirazların dəlilləri: a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdehdən 4600 manat mebel paneli və matras üçün ödədiyi 4600 manat və evdə ona vurduğu ziyana görə 600 manat pulun və iddia tələbinin qaldırılması üçün ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı sonuncu dəfə məhkəməyə təqdim etdiyi iddia tələbinin həcminin azaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mebellərdəki qüsurların aradan qaldırılması üçün 1500 manat pul vəsaitinin və ödənilmiş 73 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 2023-cü ilin iyun ayında "İnstaqram" sosial şəbəkəsindən panel ustası kimi bir şəxsin telefon nömrəsini götürmüş və ona zəng edərək mebel sirafişi etmək istədiyini bildirmişdir. Razılığa əsasən o, təxminən 2 saat sonra yaşadığı ünvana gələrək ölçü götürmüşdür. Razılıq əsasında 4000 manat pul ödəyəcəyini demiş və sifariş etdiyi mebelin qiymətindən 2000 manat beh panelə görə, 600 manat isə taxt matrasına görə ödəmişdir. Cavabdeh bildirmişdir ki, sifarişi 10 günə hazır olacaq, lakin üzərindən 1 ay ötdükdən sonra sirafişinin bir hissəsi gəlsə də, keyfiyyətsiz idi. Daha sonra, dolabları gətirmiş və görmüşdür ki, rəngləri razılaşdıqları rəngdə deyil. Sonra taxt və dumanlı güzgü gətirmiş, tumbalar və siyirtmələr də gəldikdən sonra rənglərinin fərqli olduğunu görmüşdür. Mebel razılaşdıqları kimi MDF materialından yox, sadə apilkalı materialdan düzəldilmişdir. Hər dəfə narazılığını bildirəndə sexdə səhv düşüb, həll edərik, dəyişərik kimi bəhanələrlə qısa vaxta həll edəcəyini bildirir, birini aparıb o, birini gətirirdi. Ustalar gətirib quraşdırma işləri apardığı zaman 2023-cü ilin iyul-avqust aylarında cavabdehin ona verdiyi "xxxx" ASC-yə məxsus plastik karta 2000 manat da ödəniş etmiş və ümumilikdə ona ödədiyi məbləğ 4600 manat olmuşdur. Hazırda da keyfiyyətsiz sirafişin hissələri evində qalır. Cavabdeh quraşdırma işləri aparan zaman evinə ziyan da vurmuşdur. Belə ki, divar kağızı əsassız olaraq sökülərək yararasız hala düşmüş, elektrik xəttlərini isə gecə işıqlarını quraşdırma aparmaq istədikləri səhv quraşdırıblar və hazırda da qısaqapanma yaradır. Ona görə də, naqillər sökülərək mütləq şəkildə dəyişdirilməlidir. Bununla əlaqədar olaraq Bakı şəhəri, 23-cü Polis Bölməsinə müraciət etmiş və orada araşdırma aparılmışdır. Cavabdeh izahat verərək ona vurduğu ziyanı etiraf edərək 3-5 günə qaytaracağını bildirdi, buna görə cinayət işinin başlanılmasının rədd olunması haqqında qərar qəbul edildi və məhkəməyə müraciət etməyi tövsiyyə olundu. Cavabdehin səhvi üzündən sökülmüş divar üçün 6 rulon olmaqla, 68 manat dəyərində divar kağızı almışdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

7. Cavabdeh iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

10. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

13. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

16. Maddə 752.1 podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

17. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

18. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

19. Maddə 1096.1-ci Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. Maddə 1096.2-ci Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

24. Məhkəmə iddiaçının izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

25. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

26. Tərəflər arasında yataq otağı mebel dəstinin hazırlanması ilə bağlı podrat müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdehə mebel dəstinin hazırlanması və quraşdırılması barədə sifariş vermiş, cavabdeh həmin sifarişi qəbul etmiş, tərəflər görüləcək iş və muzd barədə də razılığa gəlmişlər.

27. Qanunvericiliyə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Mülki Məcəllənin podratla bağlı münasibətlərı tənzimləyən 39-cu fəsilində podrat müqaviləsinin forması (şifahi, sadə yazılı, notarial yazılı və s.) ilə bağlı xüsusi bir forma şərti nəzərdə tutulmadığından mülki hüquq subyektləri aralarındakı müqavilənin formasını müəyyən etməkdə sərbəstdirlər. Hazırkı iş üzrə tərəflər arasnda bağlanmış müqavilə şifahi formada bağlanmışdır.

28. İddiaçının əsas dəlili cavabdeh tərəfindən mebel dəstinin keyfiyyətsiz hazırlanmaması təşkil edir.

29. Məhkəmə işlərin keyfiyyətsiz (qüsurlu) yerinə yetirilib-yetirilməməsi ilə bağlı qeyd edir ki, podratçının işi (podratın nəticəsini) qüsursuz yerinə yetirməsi öhdəliyi Mülki Məcəllənin yuxarıda qeyd edilən 762-ci maddəsində nəzərdə tutulmuşdur. Ümumiyətlə, podratın nətiəsinin qüsursuzluğuna dair 2 meyar nəzərdə tutulmuşdur: birinci meyara görə podratın nəticəsi əvvəlcədən şərtləşdirilmiş keyfiyyətə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onlar mebel dəstinin MDF (ağac liflərindən hazırlanan lövhələr) materialından hazırlanması şərti ilə bağlı əvvəlcədən razılaşmışlar. İddiaçı mebellərin müqaviləyə uyğun olmayaraq MDF materialdan deyil, sadə apilkalı metariallardan hazırlandığını qeyd etsə də, iş üzrə məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində fərdi yaşayış evində cavabdeh tərəfindən hazırlanmış mebellərin tərəflərin razılaşdıqları materialdan hazırlandığı qeyd edilmişdir. İddiaçı isə mütəxəssis rəyində qeyd edilənləri təkzib edəcək sübutlarını məhkəməyə təqdim etməmiş, hətta məhkəmə baxışı zamanı fikri öyrənilərkən rəylə razı olduğunu bildirmişdir.

30. İkinci meyara görə isə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olmalıdır. Podratın nəticəsinin adi istifadə üçün yararlı olması, nəticənin sifarişçinin arzuladığı adi keyfiyyət və istifadəyə uyğun gəlməsini nəzərdə tutur.

31. İkinci meyarla bağlı məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən yataq otağı üçün mebel dəstinin bəzi hissələri (parçaları) təhvil verilməyib, təhvil verilən avadanlıqların bəzilərində çatışmazlıqlar var ki, bu çatışmazlıqlar həmin avadanlıqlardan təyinatı üzrə istifadə olunmasına maneə yaradır. Məsələn, cavabdeh tərəfindən güzgülü komodun, yalnız güzgüsü və panelin bir hissəsi iddiaçıya təhvil verilmişdir. Təhvil verilən bəzi hissələr isə cavabdeh tərəfindən quraşdırılmamışdır. Məsələn, 6 qapılı paltar dolabının rəfləri iddiaçıya təhvil verilsə də, dolaba quraşdırılmamışdır. Halbuki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cavabdehə mebel dəstinin hazırlanmasını və fərdi yaşayış evində quraşdırılmasını sifariş vermişdir. Eləcə də, cavabdeh tərəfindən təhvil verilmiş bəzi avadanlıqlar iddiaçının sifariş verdiyi ölçülərdə hazırlanmamış və qüsurlu vəziyyətdə iddiaçıya təhvil verilmişdir. Belə ki, çarpayı ətrafındakı tumbalar 2 siyirməli və 60 sm hündürlüyündə sifariş verilsə də, cavabdeh tərəfindən təhvil verilən tumbalar 1 siyirməli və 35 sm hündürlüyündədir. Çarpayı quraşdırılan zaman çarpayı başlığının parçası cırılmışdır.

32. İddiaçı hal-hazırda da cavabdeh tərəfindən hazırlanmış mebellərdə və mebellərin üzərində quraşdırılmış əlavə əşya və avadanlıqlarda mövcud qüsurların və çatışmazlıqların aradan qaldırılması üçün 1500 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb edir. İş üzrə "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən isə qeyd edilən qüsur və çatışmazlıqların aradan qaldırılması üçün tələb edilən xərc 1500 manat təşkil edir. Cavabdeh isə mütəxəsssis rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir.

33. Məhkəmə iddia tələbinin 73 manat məbləğində ödənilmiş dövlət rüsumun cavabdeh tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək iddianın təmin edilməsi nisbətində 35 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Elektron Məhkəmə” informasiya sistemi Dövlət rüsumunun hesablanması kalkulyatoru vasitəsilə əldə edilmiş məlumata əsasən müəyyən edilir ki, iddianın qiyməti 1500 manat məbləğində olduğu təqdirdə, ödənilməli dövlət rüsumunun məbləği 35 manat təşkil edir.

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 1500 manat pul vəsaiti və 35 manat dövlət rüsumu olmaqla, cəmi 1535 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 38 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar