Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1128/2021 15.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə iddiaçı “xxxx” BOKT MMC-nin Cavabdeh1 və digərlərinə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” Bank olmayan kredit təşkilatı MMC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc 7894,36 manat, faiz borcu 922,11 manat, həmçinin ərizəyə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 8846,87 manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-nin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 18 ay müddətinə 13 000 (on üç min) manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC ilə Cavabdeh1 arasında xx xxxx 2019-cu il tarixli 005-NBK-0098-19 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx xxxx 2019-cu il tarixli 005-NBK-0098-19 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh3 və xx xxxx 2019-cu il tarixli 005-NBK-0098-19/a saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh1 zamin durmuşdur. Zaminlik Müqaviləsinin 2.2.3-cü bəndinə görə faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və bu Müqavilə ilə təmin edilmiş öhdəliyin “Borcalan” tərəfindən icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində “Borcverən”-ə dəyən zərərin əvəzinin ödənilməsinə görə “Borcverən” qarşısında tam həcmdə məsuliyyəti daşımağı öhdəsinə götürür. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək, bildirdi ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrası edəcəyi ilə bağlı zamin olmuşdur. Borclu Cavabdeh1 kredit müqaviləsi üzrə borcu vaxtlı-vaxtında ödəmişdir. Lakin ölkədə tətbiq edilən karantin tədbirləri ilə əlaqədar gəlirindən məhrum olmuşdur və ödənişləri edə bilməmişdir. O, Cavabdeh2 qeyd edilənləri nəzərə alaraq, kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün Bank tərəfindən möhlət verilməsini xahiş etdi. Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “xxxx” BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 005-NBK-0098-19 nömrəli “Kredit müqaviləsi”-nə əsasən bank olmayan kredit təşkilatı borcluya istehlak məqsədilə 18 ay müddətinə, illik 29 faiz olmaqla 13000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan “xxxx” BOKT MMC ilə zamin Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 005-NBK-0098-19 nömrəli Zaminlik Müqaviləsinin 1.1.-ci bəndinə görə, ““xxxx” BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 005- NBK-0098-19 nömrəli Kredit Müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən borcalanın 13000 manat məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üyün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan “xxxx” BOKT MMC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 005-NBK-0098-19/a nömrəli Zaminlik Müqaviləsinin 1.1.-ci bəndinə görə, ““xxxx” BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 005- NBK-0098-19 nömrəli Kredit Müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən borcalanın 13000 manat məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üyün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan “xxxx” BOKT MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1nın yuxarıda qeyd edilən müqavilə üzrə əsas borcu 7894,36 manat, faiz borcu 922,11 manat, cərimə borcu 0 manat, ümumilikdə 8816,47 manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xəbərdarlıqdan görünür ki, cavabdehdən borcunu xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində “xxxx” BOKT MMC-yə ödəməyi tələb olunur. Borc könüllü olaraq ödənilmədiyi təqdirdə bank tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi bildirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini tam həcmdə yerinə yetirməmiş, öhdəliyinin icrasını gecikdirmişdir. Odur ki, iddiaçı əsas borcun və əsas borca hesablanmış faizləri tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissələrdə təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 30,40 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu tutulur. Məhkəmə eyni zamanda digər Cavabdeh2 və Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, sonuncular mübahisələndirilən borc üzrə müqavilədə zamin olduğundan, qeyd edilən məbləğin və digər pul tələblərinin ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iş materiallarına əlavə olunmuş zaminlik müqaviləsinin şərtlərinə əsasən zamin və borclu Bank qarşısında birgə cavabdehdirlər, zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. Odur ki, təyin olunmuş məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. “xxxx” BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 005- NBK-0098-19 nömrəli “Kredit müqaviləsi” üzrə əsas borca görə 7894,36 (yeddi min səkkiz yüz doxsan dörd manat, otuz altı qəpik) manat, faiz borcuna görə 922,11 (doqquz yüz iyirmi iki manat, on bir qəpik) manat olmaqla, cəmi 8816,47 (səkkiz min səkkiz yüz on altı manat qırx yeddi qəpik) manat və dövlət rüsumu və xidmət haqqına görə 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq “xxxx” Bank olmayan kredit təşkilatı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1128/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1128/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver