Məhkəmə qərarları › İş №2(011)-1139/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1139/2025

27.02.2025 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1139/2025 27.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi X1 iştirakı ilə, Ərizəçi X1 şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X4 xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1928-ci il təvəllüdlü X6 itkin düşmüş elan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası xx.xx.1928-ci il təvəllüdlü X13 erməni işğalçıları tərəfindən Zəngilan rayonu işğal edilən zaman müəmmalı şəkildə itkin düşmüşdür. Bir övlad kimi uzun illər atasının sağ olmasına ümid edərək onun yolunu gözləmişdir, bu qədər müddət keçdikdən sonra qərara gəlmişdir ki, bəlkə də atası həyatda yoxdur, atasının həyatda olub-olmaması ilə bağlı qanuni tədbirlərin görülməsi ilə bağlı maraqlı şəxs olan Zəngilan Rayon Polis İdarəsinə müraciət etmiş, xx.xx.2024-cü il tarixli məktubla ona bu işlərin onların səlahiyyətinə aid olmadığını bildirmişlər. Zəngilan Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına rəsmi qaydada ərizə ilə müraciət etsə də, lakin ona heç bir məlumat verməmişlər. Ərizəni verməkdə məqsədi atası ilə bağlı sənədləri qaydaya salmaq və gələcəkdə şəhid statusu almaq üçün müraciət etməkdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi X4 ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs X23 İdarəsi, Zəngilan Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1967-ci ildə Zəngilan rayonunda anadan olmuşdur, atası X10r. AR Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 1928-ci il təvəllüdlü X13 xx.xx.1993-cü il tarixdə sakini olduğu Zəngilan rayonu Mincivan qəsəbəsinin Ermənistan Hərbi birləşmələri tərəfindən işğalı zamanı itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınmışdır və axtarışdadır. Zəngilan rayon İcra Hakimiyyəti Başçısının Mincivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X13 1993-cü ilin oktyabr ayına qədər Zəngilan rayonunun Mincivan qəsəbəsində tək yaşamış, onun övladlarının heş biri işğal vaxtı Mincivan qəsəbəsində yaşamamışlar, Mincivan qəsəbəsi Ermənistan Hərbi qüvvələri tərəfindən işğal olunarkən o, rayonu tərk etməkdən imtina etmiş və yaşadığı evi buraxıb getməyəcəyini bildirmişdir, sonrakı taleyi ilə bağlı heş bir məlumat yoxdur. Zəngilan rayon Qeydiyyat Şöbəsinin arayışından və evlənmə haqqında akt qeydindən görünür ki. X15 1928-ci ildə anadan olmuş, 1961-ci ildə X16 ilə nikaha daxil olmuşdur. AR Ədliyyə Nazirliyinin Vətəndaşlıq X5 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Tərməmməd Mamedovun xx.xx.1961-ci ildə Zəngilan rayonunun Mincivan icra nümayəndəliyində 1938-ci il təvəllüdlü X17 ilə başğlanmış nikahına 26.04.191-ci il tarixdə sonuncunun ölümü ilə xitam verilmişdir. Onların birgə nikahından 5 övladı doğulmuşdur. Akt qeydlərində şəxsin adı Tərməmməd Mamedov kimi yazılmışdır. Lakin, Tərməmməd Mamedovun doğumu və ölümü haqqında hər hansı məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xitmətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1928-ci il təvəllüdlü X6 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi”nin 1928-ci ilə dair Zəngilan rayonu üzrə doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, X8 doğum haqqında akt qeydinin axtarışının aparılması imkan xaricindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, o, ərizəçi X1 valideynlərinin həmkəndlisidir, ərizəçinin atası X9 Zəngilan rayonu, Mincivan qəsəbəsində yaşayarkən tanımış, 1993-cü ildə Zəngilan rayonu erməni işğalçıları tərəfindən işğal edilən zaman onlar rayonu tərk etmişlər, X13 isə rayondan çıxmamış, orada qalmışdır. Sonradan ondan heç bir xəbər çıxmamış, ailəsi uzun illər onun yolunu gözləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, ərizəçi X1 atası X13 ilə Zəngilan rayonunun Mincivan qəsəbəsində qonşu olmuşlar, erməni işğalçıları Zəngilan rayonunu işğal edən zaman 26 oktyabr 1993-cü ildə oradan çıxmışlar, Tarməmmədi sonuncu dəfə onda görmüş, Tarməmməd rayondan çıxmayacağını bildirmişdir Sonradan ondan heç bir xəbər çıxmamış, ailəsi uzun illər onun yolunu gözləmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 40.1. Əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. 40.2. İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. 40.3. Xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. 40.4. Xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. 40.5. Xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

312. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir.

313. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. 314.1. Hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Zəngilan rayonunun 1993-cü il 29 oktyabr tarixində Ermənistan tərəfindən işğal edilməsi tarixi faktdır. İş materiallarında olan sənədlərlə və şahid ifadələri ilə 1928-ci il təvəllüdlü X8 1993-cü ilin oktyabr ayında Zəngilan rayonu işğal olunan zaman rayonun ərazisini tərk etməməsi və sonradan ondan heç bir məlumat alınmaması təsdiq olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, X8 1993-cü ilin oktyabr ayında Zəngilan rayonunda itkin düşməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. 1928-ci il təvəllüdlü X15 01 noyabr 1993-cü il tarixdən xəbərsiz itkin düşmüş elan olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar