Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1143/2024 23.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. Cavabdeh xx.xx.2023-cü tarixdə iltizam yazaraq iddiaçıdan borc aldığı 4000 manat pulun 300 manat hissəsini xx.xx.2023-cü il tarixədək, qalan 3700 manat hissəsini isə 4 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.
2. Aldığı pulu tam qaytarmadığından iddiaçının müraciəti əsasında cavabdehlərin barəsində araşdırma aparılmış və müraciətdə göstərilən məsələnin mülki xarakter daşıması əsas göstərilərək Xətai RPİ-nin 34-cü PŞ-nin rəisi tərəfindən, xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə müraciət etməsi iddiaçıya tövsiyyə edilmişdir.
3. Cavabdeh iddiaçıdan aldığı pulu qaytarmamışdır. Cavabdeh aldığı borcu qismən, 50 manat hissəsini Xətai RPİ-də araşdırma aparılan zaman iddiaçıya qaytarmışdır.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı 4000 manat pul və ödədiyi 60 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, o, iddiaçı təxminən 2021-ci ilin oktyabr ayının ortalarında cavabdehə evində uşaq mebelinin yığılması müqabilində 2000 manat məbləğində pul vermişdir. Uşaq mebelinin yığılması xərci 1000 manat məbləğində olduğundan cavabdeh ona ödədiyi 2000 manat pulun 1000 manatı iddiaçıya geri qaytarmışdır. O, cavabdehi ona mebel yığmamışdan əvvəldə tanıyırdı. Bir müddət sonra cavabdeh ona müraciət edərək, mebel işi ilə əlaqədar biznesinin dövriyyəsi üçün ona pul lazım olduğunu və 2 ay ərzində biznes dövriyyəsini artırıb ona geri qaytarmaq şərti ilə ondan borc pul verməyini xahiş etmişdir. İddiaçı ona 4000 manat məbləğində borc pul vermişdir. Bu günə qədər cavabdeh onu aldadır və müxtəlif yalanlar deməklə borcunu verməkdən imtina edir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişlər.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, Xətai RPİ-nə müraciət etdikdən sonra cavabdeh ona 50 manat məbləğində ödəniş etmişdir.
8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
9. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Maddə 740.2 Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
12. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
13. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
14. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
19. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İşə baxan məhkəmənin mövqeyi:
20. Məhkəmə işdə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
21. Məhkəmə qeyd edir ki, iddia tələbinə düzgün hüquqi qiymət verilməsi üçün iddianın qanuni əsasının tapılması vacib şərtlərdəndir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə artıq məhkəmə üçün başa çatmalıdır.
22. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə sadə yazılı formada müqavilə bağlanılmış, müqaviləyə əsasən cavabdeh iddiaçıdan aldığı 4000 manat məbləğində borc puldan 300 manatını xx.xx.2023-cü il tarixədək, qalan 3700 manat pulu isə 4 ay müddətində ödəyəcəyi barədə yazılı öhdəlik götürmüş, müqavilədə borcun məbləğini (4000 manat), borcun qaytarılması şərtlərini, müddəti açıq formada göstərmişdir. Göründüyü kimi, edilmiş bu müqavilə iddiaçını borcun cavabdeh tərəfindən alınmasını sübut etmək vəzifəsindən azad edir.
23. Borc müqaviləsinin anlayışını verən MM-nin 739.1-ci maddəsinin mənasından da görünür ki, borc verən tərəfindən pulu və ya digər əvəz edilən əşyaları borcluya verməklə, həmin əşyalara mülkiyyət hüququnu borc alana keçirməsi borc müqaviləsinin bağlanmasının əsas şərtlərindən biridir. İşin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı tələb etdiyi pul vəsaitini (pula dair mülkiyyət hüququnu) cavabdehə vermiş, cavabdeh həmin pulu qəbul etmiş, onun qaytarılması müddəti və qaydası barədə öhdəlik də götürmüş, lakin öhdəliyini yerinə yetirməmiş və pulu qaytarmamışdır.
24. Mülki Məcəllənin 740-cı maddəsində borc müqaviləsinin formasına aid tələblər göstərilmişdir. Həmin müddəada borc müqaviləsinin yazılı və ya şifahi formada bağlanmasının imperativliyi borcun məbləği və onun suyektlərin tərkibi ilə şərtləndirilmişdir. Belə ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
25. Məhkəmə qeyd edir ki, qanunla nəzərdə tutulmuş yazılı müqavilənin formasına dair tələblərə tam cavab verməsə də, tərəflər aralarındakı münasibətin nə ilə bağlı yarandığını göstərən sadə yazılı formada tərtib etdiyi hər hansı bir sənəd yazılı borc müqaviləsi kimi qəbul oluna bilər.
26. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
27. Məhkəmə qeyd edir ki, iddia tələbi mahiyyətinə görə əsaslı olsa da, həcminə görə qismən təmin edilməlidir.
28. Belə ki, iddiaçı məhkəmə baxışı zamanı polis bölməsinə müraciət etdikdən sonra cavabdehin 50 manat məbləğində ödəniş etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, bu halın iddiaçı tərəfindən etiraf edilməsi artıq cavabdehi 50 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarması ilə bağlı faktı sübutetmək vəzifəsindən azad edir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
29. İşin şərh edilən hallarına əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda, göstərilən borc məbləğini iddiaçıya qaytarmasına dair üzərinə öhdəlik götürmüşdür. Lakin, cavabdeh iddiaçıdan pul vəsaitini almasına dair hüquqlarından istifadə etmiş, pul vəsaitini qaytarmalı olmasına dair vəzifələrini isə icra etməyərək, öhdəliyini pozmuşdur. Odur ki, iddia tələbi qismən təmin edilərək, 3950 (4000 – 50 = 3950) manat məbləğində borcun cavabdehdən alınaraq ona qaytarılması hissəsində təmin edilməlidir.
30. Məhkəmə həmçinin hesab edir ki, 60 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia qismən təmin edilsin. 3950 manat məbləğində borc və 60 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçıa ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı