Məhkəmə qərarları › İş №2(011)-1148/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1148/2022

06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1148/2022 06.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh BOKT MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh BOKT MMC-yə qarşı kredit müqaviləsi üzrə ödənilmiş pul vəsaitlərin əsas və faiz borcunun ödənilməsinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh BOKT MMC-yə qarşı Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2019-ci il tarixli 1528 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun mühasibatlıq ekspertizası ilə dəqiqləşdirilməsi, 8899,50 manat məbləğində ödənişlərin kredit müqaviləsi üzrə əsas və faiz borcunun silinməsinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə (bundan sonra BOKT) ipoteka qoyan İddiaçı1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 məxsus ünvan 1 ünvanında yerləşən 29/30 saylı mənzil ipoteka qoyulmaqla xx.xx.2019-cu il tarixli 1528 saylı kredit müqaviləsi əsasında 65 000 manat kredit ayrılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilməsinə, qapanmalar olduğu zamanda ödənişlərimiz kredit borcuna silinməmişdir. Qeyd olunan məsələ pandemiyanın ən ağır dövürlərində olsa da, bu gün belə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi davam etməkdədir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 22 dekabr 2012-ci il tarixli 400 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 mart saat 06:00dək uzadılmışdır. Qeyd olunan məsələ iddiaçıların təqsirindən olmayıb. Məlumat üçün iddiaçılar Azərbaycan Respublikasının Nazirlər Kabineti vanında Operativ Qərargahın xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilməsinə, ümumrespublika şəraitində qapanmalar olduğu zamanda hamı kimi işləmədən evdə oturmağa məcbur edilmişlər. İmkan olduqca gedib ödənişlər etmişlər. Amma cavabdeh tərəfindən 8899.50 manat ödənişlər kreditə deyil, absurd şəkildə cərimə hesablanmaqla həmin cərimələrə silindiyi qeyd olunmuşdur. İddiaçılar qeyd olunan məsələnin həlli ilə bağlı dəfələrlə görüşlərdə şifahi, xx.xx.2021-ci il tarixdə isə rəsmi pretenziya ilə cavabdehə müraciət etsə də, müraciətə baxılmamışdır. İddiaçıların vəkili və nümayəndəsi məhkəmə iclsasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh BOKT MMC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı2 xx.xx.2020-ci il tarixdə 4352,82 manat ödəniş etmiş, həmin ödənişdən 17,19 cərimə faizin, 1114,19 manat vaxtı keçmiş kredit faizinin, 3221,44 manat isə vaxtı keçmiş kreditin ödənişi, xx.xx.2020-ci il tarixdə 576,65 manat məbləğində ödəniş etmiş, həmin məbləğ kredit faizinin ödənişinə, xx.xx.2020-ci il tarixdə 3881,66 manat məbləğində ödəniş etmiş, həmin məbləğdən 122,67 manat cərimə faizinin ödənişi, 473,12 manat vaxtı keçmiş kredit faizinin ödənişi, 3285,87 manat isə vaxtı keçmiş kreditin ödənişi, xx.xx.2020-ci il tarixdə 4335,63 manat məbləğində ödəniş etmiş, həmin məbləğdən 984,05 manat kreditin faiz ödənişi, 3351,58 manat kreditin ödənişi, xx.xx.2020ci il tarixdə 278,48 manat məbləğində ödəniş etmiş, həmin məbləğ kredit faizinin ödənişinə, xx.xx.2020-ci il tarixdə 10347,66 manat məbləğində ödəniş etmiş, həmin ödənişdən 2634,50 manat cərimə faizinin ödənişi, 5064,70 manat vaxtı keçmiş kredit faizinin ödənişi, 2648,46 manat isə vaxtı keçmiş kreditin ödənişinə, xx.xx.2021-ci il tarixdə 5000 manat məbləğində ödəniş etmiş, həmin ödənişdən 3269,56 manat cərimə faizinin ödənişi, 833,62 manat vaxtı keçmiş kredit faizinin ödənişi və 896,82 manat məbləğində vəsait isə vaxtı keçmiş kreditin ödənişinə, xx.xx.2021-ci il tarixində 5000,00 manat məbləğində ödəniş etmiş, həmin ödənişdən 930,72 manat cərimə faizinin ödənişi, 4069,28 manat isə vaxtı keçmiş kreditin ödənişə,1 xx.xx.2021-ci il tarixdə 5001,00 manat məbləğində ödəniş etmiş, həmin ödənişdən 2064,76 manat cərimə faizinin ödənişi, 2936,24 manat isə vaxtı keçmiş kreditin ödənişinə silinmişdir. İlham Qismət oğlu və İddiaçı1 tərəfindən Cavabdeh BOKT MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçılar cavabdehə 8899,50 manat cəriməyə silinmiş vəsaiti olaraq 5 təqvim günü müddətində kreditin əsas məbləğinə və faizinə silməyi təklif edərək, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə bildirmişdir. İş materiallarında olan Cavabdeh BOKT MMC tərəfindən təqdim edilmiş arayışın surətindən görünür ki, İddiaçı2 xx.xx.2022-ci il tarixə Cavabdeh BOKT MMC -yə 1528 saylı kredit müqaviləsi üzrə 35300.04 manat əsas; 3765.35 manat faiz, cəmi 39065.39 manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2742 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və Cavabdeh BOKT MMC ilə cavabdeh İddiaçı2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1528 nömrəli Kredit Müaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq İddiaçı2 banka olan borcu müqavilə bitən müddətə yəni xx.xx.2021-ci il tarixinə əsas borc 43378,17 manat, faiz borcu 2602,69 manat, müqavilə müddətindən sonra illik 5%-lə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək əsas borc 31825,52 manat, faiz borcu 592,31 manat müəyyən edilmişdir. İddiaçı2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1528 nömrəli Kredit Müqaviləsinə əsasən aşağıdakı tarixlərdə 8899,54 manat məbləğində pul vəsaitinin sözlə “cərimə faizi ödəniş”indən silinməsi göstərilmişdir. 21214 hesaba əsasən ödənilmiş pul vəsaiti cərimə üzrə deyil, gecikmiş faiz borcuna silinmişdir. Beləliklə kredit təşkilatı tərəfindən cavabdehə cərimə hesablanmamış və silinməmişdir, o cümlədən xx.xx.2020-ci il tarixdə 2634,50 manat, xx.xx.2021-ci il tarixdə 3269,56 manat, xx.xx.2021-ci il tarixdə 930,72 manat, xx.xx.2021-ci il tarixdə 2064,76 manat. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı2 tərəfindən banka ödənilmiş 8899,54 manat məbləğində pul vəsaitinin sözlə “cərimə faizi ödəniş”indən silinməsi göstərilsə də, həmin məbləğ gecikmiş faiz borcuna silinmişdir. Hal-hazırda "xxxx" MMC ilə cavabdeh İddiaçı2 arasında bağlanılmış xx.xx.2019-cü il tarixli 1528 nömrəli Kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinədək olan əsas borcu 31825,52 manat, faiz borcu isə 592,31 manat təşkil edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 1 mart 2022-ci il saat 06:00-dək xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə, kredit müqaviləsi üzrə ödənişlərin gecikdirilməsində borclunun təqsiri olmadığı halda, ona əsassız olaraq cərimə borcunun hesablandığını və apardığı ödənişlərin bir hissəsinin həmin borclara görə silindiyini iddia etsələr də, bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, iddia 8899,50 manat məbləğində ödənişlərin kredit müqaviləsi üzrə əsas və faiz borcunun silinməsinə yönəldilməsi hissəsində əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iddiaya Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2019-ci il tarixli 1528 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun mühasibatlıq ekspertizası ilə dəqiqləşdirilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, tələbdə Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2019-ci il tarixli 1528 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun hansı məbləğdə müəyyən edilməli olduğu göstərilmədiyinə görə iddia tələbi əsas və faiz borcunun mühasibatlıq ekspertizası ilə dəqiqləşdirilməsi hissəsində qeyri müəyyəndir. Odur ki, iddia bu hissədə də rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessuaı Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh BOKT MMC-yə qarşı Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2019-ci il tarixli 1528 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun mühasibatlıq ekspertizası ilə dəqiqləşdirilməsi, 8899,50 manat məbləğində ödənişlərin kredit müqaviləsi üzrə əsas və faiz borcunun silinməsinə yönəldilməsinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar