Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-115/2025 24.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı maraqlı şəxs Əmanətlərin Sığortalanması Fondu, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu olmaqla cavabdeh "xxxx" ASC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 14000 (on dörd min) manat və 133 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi N.Yusifli iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim edərək, iddiaçının tələb etdiyi məbləğin sənədlərdə tam əks olunmadığından və sonuncu ödəmə tarixi 2020-ci il olduğu qeyd olunduğu üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, "xxxx" ASC ilə aramızda bağlanmış kredit müqaviləsi əsasında iddiaçıya yaşayış sahəsinin alınması üçün bank tərəfindən 47000 manat məbləğində ipoteka krediti ayrılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək üçün Abşeron rayonu, Məmmədli kəndi "Yeddi gözəl" Yaşayış kompleksi ev 3 ünvanında yerləşən 16 saylı mənzil "xxxx" ASC-a ipoteka qoyulmuşdur. "xxxx" ASC iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək iddiaçıdan Bankin xeyrinə 41736.12 manat kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, iddiaçıya məxsus olan Abşeron rayonu, Məmmədli kəndi "Yeddi gözəl" Yaşayış kompleksi ev 3 ünvanında yerləşən 16 saylı mənzilə yönəldilərək hərrac yolu ilə satılması, mənzil satıldıqdan və ya özgəninkiləşdirildikdən sonra ünvan 1 ünvanda qeydiyyatsız yaşayanların istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və tələbkara təhvil verilməsi, əmlakın ilkin satış qiymətinin razılaşdırılmış qiymətə uyğun olaraq 57000 manat məbləğində müəyyən edilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxıldıqda iddiaçı ("xxxx" ASC) məhkəməyə ərizə ilə müraciət edərək iddiadan imtina etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli 2(104)-1588 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli 2(104)-1588 saylı qərardadı qanuni qüvvəsini almışdır. İş üzrə borcverən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ləğv edilmişdir. İpoteka və Kredit Zəmanət Fondu ilə Bank "xxxx" ASC arasında imzalanmış xidmət müqaviləsinə əlavə olaraq ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASC-nin ipoteka və Kredit Zamǝnat Fondunun xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-yə təhkim edilmişdir (xx.xx.2016-cı il tarixli 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrunǝ əsasən). Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363 saylı qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli 2(104)-1588 qərardadı ilə ləğv olunmuşdur, lakin buna baxmayaraq Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363 saylı qətnaməsi qanunsuz olaraq icra vərəqəsinə əsasən iddiaçının xəbəri olmadan məhkəmə tərəfindən icraya yönəldilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən iddiaçıya məxsus olan Abşeron rayonu, Məmmədli kəndi "Yeddi gözəl" Yaşayış kompleksi ev 3-də yerləşən 16 saylı mənzilin satılması üçün "X1 Mərkəzi" MMC-nə sifariş verilmişdir. İddiaçının xəbəri olmadan hərrac keçirilmiş və "xxxx" ASC İddiaçı məxsus olan mənzili almışdır. Hərracın keçirilməsi və onun nəticələri barədə iddiaçı - tələbkar olan Bank "xxxx" ASC və Abşeron rayon İcra Şöbəsinin icra məmurları mənzilinə gələrək mənzilində olan əşyaları boşaltmağa başladıqda bilmişdir. Ona məlumat verdilər ki, hərrac keçirilmiş və mənzili "xxxx" ASC əldə etmişdir. Sonradan Bank həmin mənzili tez-tələsik digər şəxsə satmışdır. Məhkəməyə bildirir ki, Abşeron rayon İcra Şöbəsi tərəfindən Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363 saylı qətnaməsi qanunsuz olaraq icraya yönəldilmiş və nəticədə icra edilmişdir. Bir daha bildirir ki, Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli 2(104)-1588 qərardadı ilə ləğv olunmuşdur. Belə olan halda "X1 Mərkəzi" MMC-nin hərracın keçirilməsinə dair 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokolun etibarsız sayılmasına dair tərəfindən Xətai Rayon məhkəməsinə müraciət edilmiş və iddia tələbi təmin olunaraq sözügedən mənzilə dair satış protokolu xx.xx.2021-ci il tarixli 2(011)-6600/2021 saylı qətnaməsi ilə etibarsız sayılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, lakin şikayət təmin edilməmiş, cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, lakin həmin şikayət də təmin edilməmişdir. Xətai Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minərək sözü gedən mənzilə dair keçirilmiş hərracın nəticələri etibarsız sayılmışdır. Əlavə olaraq bildirir ki, Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli 2(104)-1588 saylı qərardadından sonradan "xxxx" Bank, Əmanətlərin Sığortalanması Fondu və İpoteka və Kredit Zamanət Fondu tərəfindən kassasiya şikayətləri verilmişdir. Lakin şikayətlər təmin edilməmişdir, qeyd etdiyi kimi, Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2016- cı il tarixli 2(104)-1588 saylı qərardadı öz qanuni qüvvəsini almışdır. Məhkəmənin nəzərinə catdırır ki, "xxxx" ASC-nin öz iddiasından imtina etməsinə baxmayaq "xxxx" ASC-nin kreditlərinə təhkim edilmiş hal-hazırda iddia üzrə cavabdehlər "xxxx" ASC ondan əlavə olaraq ödənişlər almışdır. Bildirir ki, tərəfindən "xxxx" ASC-a, Əmanətlərin Sığortalanması Fonduna və İpoteka və Kredit Zamanət Fonduna, həm də Azərbaycan Respublikası Mərkəzi Bankına dəfələrlə ərizə ilə müraciət edərərək, 18 iyul 2016-cı il tarixdən (Bankın məhkəmə prosesində iddiadan imtina etmə tarixi) ondan hansı məbləğdə ödənişlərin alınmasına dair məlumat verilməsini xahiş etməsinə baxmayaraq ona konkret cavab verilməmişdir. Bu məlumatın alınması üçün Bakı şəhəri 1 saylı ASAN xidmət mərkəzində olan Azərbaycan Kredit Bürosuna müraciət etmişdir. Oradan xx.xx.2024-cü il tarixdə kreditləri barədə çıxarış aldı. Həmin çıxarışda "xxxx" ASC-ǝ sonunçu dəfə xx.xx.2020-ci il tarixdə ödənişlər etməyi haqqında məlumatlar qeyd edildi. Lakin ödənilən məbləğin cəmi haqqında məlumat qeyd etmək mümkün olmamışdır. Cavabdehə tərəfindən sonunçu ödənişlərinin tarixlərinə nəzər yetirdikdə aydın şəkildə görsənir ki, ondan ödənişlər Bankın iddia tələbindən imtina edildikdən sonra alınmışdır. Hal-hazırda iddia ərizəsi üzrə cavabdeh onu aldadaraq ödənişlər etdirmişdirlər və hal-hazırda da ödənişlərin məbləği haqqında məlumatlar qəsdən vermirlər. Onun hesablarına görə ondan cavabdehlər 14000 (on dörd min) manat qanunsuz olaraq ödənişlər almış və ona həmin məbləğdə ziyan vurmuşdurlar. Qeyd etdiklərinə görə o, məcbur qalıb məhkəməyə müraciət edib öz hüquqlarını bərpa etmək qərarına qəlmişdir. Həmçinin bildirir ki, cavabdeh Bank "xxxx" ASC məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh qeyd etmişdir ki, Bərdə Rayon Məhkəməsinin qətnaməsinə əsasən verilmiş 21 oktyabr 2021-ci il tarixli 2(021)-2363/2015 saylı icra vərəqəsinə əsasən onlardan 40613.42 manat vəsait tutulmalıdır. İddiaçı olaraq bir daha məhkəməyə bildirirlər ki, həmin qətnamə Gəncə apellyasiya məhkəməsinin qərardadı ilə ləğv edilib. Gəncə apellyasiya məhkəməsinin qərardadından Bank "xxxx" ASC kassasıya şikayəti vermiş, şikayət təmin edilməmiş və qərardad qanuni qüvvəsini almişdır. Cavabdehin bundan dəqiq məlumatı var. İkincisi, Bank "xxxx" ASC ərizədə qeyd edir ki, Abşeron Rayon İcra Şöbəsi tərəfindən hərracın keçirilməsi sifariş edilmiş və hərracdan onların əmlakı Bank "xxxx" ASC-nin balansına keçmişdir. İddiaçı olaraq bir daha bildiririk ki,həmin hərracın nəticələri məhkəmə tərəfindən etibarsız sayılmış və buna dair qəbul edilmiş qətnamə qanuni qüvvəsini almışdır, cavabdehin bundan dəqiq məlumatı var. Üçüncü, Bank "xxxx" ASC ərizədə qeyd edir ki, bizim tərəfimizdən məhkəməyə artıq ödəmələr barədə sübutlar təqdim edilməmişdir. Bakı şəhəri 1 saylı ASAN xidmət mərkəzində olan Azərbaycan Kredit Bürosundan xx.xx.2024cü il tarixdə kreditləri barədə çıxarış əldə edilmiş, həmin çıxarışda "xxxx" ASC-ə sonunçu dəfə xx.xx.2020-ci il tarixdə ödənişlər etməyi haqqında məlumatlar qeyd edilmişdir. Bundan başqa, məhkəmə iclasında artıq ödəmələr barədə sübutlar da təqdim edilmişdir. Məhkəmə tərəfindən həmin məlumatların Bank "xxxx" ASC-dən alınmasına dair iki qərardad qəbul edilmiş, lakin cavabdeh qərəzli olaraq məhkəmənin qərardadlarını icra etməmiş və hal hazırdada icra etmir. Bu hallar barədədə cavabdehin tam məlumatı var. Dördüncü, Bank "xxxx" ASC ərizədə qeyd edir ki, heç bir artıq ödəmələrdən söhbət gedə bilməz. İddiaçı olaraq bir daha bildiririk ki, artıq müəyyən sübutlar tərəflərindən məhkəməyə təqdim edilmişdir. Bu, bir daha onu bildirir ki, cavabdeh məhkəməyə düzgün məlumatlar vermir, heç məhkəmə qərardadlarını da icra etmir, bu halı məhkəmə özü də görür. Qeyd etdiklərini artıq sübut etmişlər (qanuni qüvvəsini almış qətnamələr məhkəməyə təqdim edilib). Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nigar Yusifli iddia tələbini qəbul etməyərək, həmçinin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı Bank "xxxx" ASC-yə qarşı 2(011)-2797/2024 saylı iş üzrə Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363/2015 saylı icra vərəqəsinə əsasən, İddiaçı cəmi 40613.42 manat tutulmalıdır. Buna dair Abşeron İcra Şöbəsi tərəfindən əmlakın açıq hərracda satılması üçün sifariş verilmiş, keçirilmiş hərrac nəticəsində həmin əmlak 35508.75 manata Bankın balansına keçmiş, buna dair xx.xx.2021-ci il tarixdə əmlak üzərində hüquqlar rəsmiləşdirilmişdir. Bundan sonra Bank öz balansında olan əmlakı xx.xx.2021-ci il tarixdə X2 50000 manata 10000 manat ilkin ödəniş etməklə və 40000 manat kredit olmaqla satılmışdır. Əmlak hal-hazırda sonuncunun istifadəsində və mülkiyyətindədir. Buna dair sənədlər EMS vasitəsilə məhkəməyə təqdim edilmişdir. Bundan əlavə, iddiada sözügedən artıq ödəmə ilə bağlı bildirirlər ki, icra vərəqəsi könüllü icra olunmadığından məcburi icra tədbirləri həyata keçirilmişdir. Bu isə onu sübut edir ki, heç bir artıq ödəmədən söhbət gedə bilməz. İddia tamamilə əsassızdır. Belə ki, iddiaçının iddia etdiyi ödəmələrlə bağlı indiyə qədər heç bir ödəniş qəbzi təqdim edilməmişdir. Həmçinin əgər iddiaçı qeyd olunan iş üzrə icraata xitam verildiyini 2016-cı il tarixdən bilirdisə, niyə "xxxx" ASC-ǝ xx.xx.2020-ci il tarixə kimi ödənişlər etmişdir. Əgər cavabdeh əsassız varlanmışsa, zərər çəkən şəxs həmin varlanmadan xəbər tutduğu andan, yəni 2020-ci ildən ən geci iki il sonra bununla bağlı məhkəməyə müraciət edə bilərdi. İddiaçı bunu etməmiş və bununla da iddia müddətini ötürmüşdür. Sonda cavabdehin nümayəndəsi Nigar Yusifli iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)- 2363/2015 saylı 21 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı 40.193,54 manat əsas, 419.88 manat faiz borcu olmaqla, cəmi 40.613,42 manat kredit borcunun, 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə veriməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən 16 saylı mənzilə yönəldilərək hərrac yolu ilə satılması, kredit borcunun bu əmlakın dəyərindən tutulması, ipoteka predmeti olan evin ilkin satış qiymətinin 55.700 manat müəyyən edilməsi, mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay müddətində orada yaşayan İddiaçı və digər şəxslərin həmin evdən çıxarılmaları qət edilmişdir. İş materiallarından görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2016-cı il tarixli 2(104)-1588/2016 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363/2015 saylı qətnaməsi ləğv edilmiş, iddiaçının nümayəndəsinin iddia tələbindən imtina etməsi qəbul edilmiş və iş üzrə icraata bu əsasla xitam verilmişdir. İş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363/2015 saylı icra sənədi 01 dekabr 2015-ci il tarixdə Abşeron rayon İcra şöbəsinə icra olunması üçün göndərilmişdir. Abşeron rayon İcra şöbəsi tərəfindən 22 dekabr 2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Abşeron rayon İcra şöbəsinin "xxxx" MMC-yə ünvanladığı 25 dekabr 2015-ci il tarixli məktub ilə Bərdə Rayon Məkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363/2015 saylı icra vərəqəsinə əsasən ipoteka predmeti olan ünvan 2-də yerləşən 16 saylı mənzilin satışını təşkil etməsi xahiş olunmuşdur. "xxxx" MMC tərəfindən sözügedən əmlak satılmaq üçün açıq hərraca çıxarılmış, əmlakın ilkin satış qiyməti 55.700 manat müəyyən edilmişdir. Hərrac mərkəzi tərəfindən borcluya və tələbkara bildiriş göndərilmişdir. Hərrac keçirilmiş, lakin baş tutmamışdır. Daha sonra Abşeron rayon İcra şöbəsi “X1 Mərkəzi” MMC-yə sözügedən mənzilin satılması ilə bağlı hərracın keçirilməsi barədə sifariş göndərmişdir. Qeyd edilən mənzil açıq hərrac vasitəsilə “X1 Mərkəzi” MMC tərəfindən 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokoluna əsasən 35.508,75 manata Bank "xxxx" ASC-yə satılmışdır. Abşeron rayon İcra şöbəsi tərəfindən 08 yanvar 2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. İcra sənədində qeyd olunan tələb borclu İddiaçı tərəfindən tam şəkildə təmin olunduğundan icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-6600/2021 saylı qətnaməsi ilə ünvan 2-də yerləşən 16 saylı mənzilə dair “X1 Mərkəzi” MMC-nin 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokolu etibarsız hesab edilmişdir. İddiaçı həmin iddia tələbi xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-11845/2021 saylı qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-6600/2021 saylı qətnaməsi Bank "xxxx" ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2465/2022 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 11845/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 28 iyul 2020-ci il tarixli Xəzinə mədaxil orderinin, həmçinin Ödəniş tapşırığının surətindən görünür ki, xx.xx.2010-cu il tarixli 49 saylı kredit ödənişi müqaviləsinə əsasən İddiaçı Bank "xxxx" ASC-nin hesabına 3000 manat mədaxil olunmuşdur. İş materiallarında olan "X1 Mərkəzi" MMC-nin hərracın keçirilməsinə dair 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokolunun surətindən görünür ki, ipoteka predmeti olan ünvan 2-də yerləşən 16 saylı mənzil 35.508,75 manata Bank "xxxx" ASC-yə satılmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2-də yerləşən 16 saylı mənzil tam mülkiyyət hüququ ilə xx.xx.2021-ci il tarixdən Bank "xxxx" ASC-nin adına qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-2363/2015 saylı 21 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı 40.193,54 manat əsas, 419.88 manat faiz borcu olmaqla, cəmi 40.613,42 manat kredit borcunun, 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə veriməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən 16 saylı mənzilə yönəldilərək hərrac yolu ilə satılması, kredit borcunun bu əmlakın dəyərindən tutulması, ipoteka predmeti olan evin ilkin satış qiymətinin 55.700 manat müəyyən edilməsi, mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay müddətində orada yaşayan İddiaçı və digər şəxslərin həmin evdən çıxarılmaları qət edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli 2(104)-1588/2016 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363/2015 saylı qətnaməsi ləğv edilmiş, iddiaçının nümayəndəsinin iddia tələbindən imtina etməsi qəbul edilmiş və iş üzrə icraata bu əsasla xitam verilmişdir. Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)- 2363/2015 saylı icra sənədi 01 dekabr 2015-ci il tarixdə Abşeron rayon İcra şöbəsinə icra olunması üçün göndərilmiş, Abşeron rayon İcra şöbəsi tərəfindən 22 dekabr 2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, daha sonra Bərdə Rayon Məkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363/2015 saylı icra vərəqəsinə əsasən ipoteka predmeti olan ünvan 2-də yerləşən 16 saylı mənzil satılmaq üçün açıq hərraca çıxarılmış, qeyd edilən mənzil açıq hərrac vasitəsilə “X1 Mərkəzi” MMC tərəfindən 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokoluna əsasən 35.508,75 manata Bank "xxxx" ASC-yə satılmış, iddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə “ünvan 2-də yerləşən 16 saylı mənzilə dair “X1 Mərkəzi” MMC-nin 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokolu etibarsız hesab edilməsi” tələbi ilə müraciət etmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6600/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Həmçinin məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehin hesabına 28 iyul 2020-ci il tarixdə 3000 manat məbləğində pul köçürmüş, cavabdeh həmin məbləği qəbul edərək götürmüş, iddiaçı "xxxx" ASC-ə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə ödənişlər etmiş, əmlakın qaytarılmasına dair iddia tələbi ilə bağlı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verimişdir. Bununla belə, iddia müddətinin ötürülməsinin üzrlü səbəbinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, qanunvericilikdə əsassız varlanma obyektini qaytarmaq üçün məhrum olanın öz hüququnun məlum olduğu vaxtdan etibarən iki il ərzində məhkəməyə müraciət etməsi nəzərdə tutulmuşdur. İddiaçı isə Gəncə Apelyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli 2(104)-1588/2016 saylı qərardadı ilə bankın iddia tələbindən imtina etməsi və iş üzrə icraata xitam verilməsi ilə hər hansı ödəniş etmək öhdəliyinin olmadığını bilmiş, xx.xx.2021-ci il tarixdə onun evinin satılmasına dair keçirilmiş hərrac protokolunun etibarsızlığı tələbini irəli sürmüşdür ki, bu da onun ən geci həmin tarixdə hüququnun pozulduğu barədə məlumatlı olduğunu göstərir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etməklə iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına əsasən, mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilir ki, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il Qərarına əsasən, ...digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında formalaşdırdığı presedentə görə, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə hesab edir ki, mülki qanunvericiliyin normaları baxımından tələb üzrə iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməli, iddia tələbi təmin edilməməlidir. Məhkəmə məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edldiyindən və iddiaçıdan dövlət rüsumundan azad olunması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “"xxxx" ASC-dən 14000 (on dörd min) manat və 133 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı verilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-115/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-115/2025
24.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver