Məhkəmə qərarları › İş №2(011)-1163/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1163/2020

08.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1163/2020 08.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Cavabdeh qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində yol təsərrüfatına vurulmuş 3.606,40 manat məbləğində zərərin cavabdehdən tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 2019-cu il tarixində Bakı-Ələt-Qazax- Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 76-cı kilometrində Cavabdeh idarə etdiyi “Mercedes Benz” markalı, **-JX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə törədilən yol-nəqliyyat hadisəsi nəticəsində yolun 56 p/m metal təhlükəsizlik səddi yararsız hala salınmışdır. Həmin hadisə nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3.606,40 manat məbləğində zərər vurulmuşdur. Faktla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 tərəfindən inzibati tənbeh vermə haqqında TP ******* nömtəli qərar qəbul edilmiş və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə dəymiş zərər barəsində məlumat verilmişdir. Tərtib olunmuş yol-nəqliyyat hadisəsinin sxemində və cavabdehlərin izahatlarında avtomobilin metal təhlükəsizlik səddinə dəyməsi nəticəsində maddi zərərin vurulması qeyd edilmişdir. İddia ərizəsinə əlavə olunmuş xx xxxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 76-cı kilometrində “Mercedes Benz” markalı, **-JX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə törədilən yol-nəqliyyat hadisəsi nəticəsində yolun 56p/m metal təhlükəsizlik səddi yararsız hala salınmaqla dövlət vəsaiti hesabına inşa edilmiş yol təsərrüfatına 3.606,40 manat məbləğində zərər vurulmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, xx xxxxxxxx 2019-cu il tarixində Bakı-Ələt- Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 76-cı kilometrində “Mercedes Benz” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3.606,40 manat zərər dəymişdir. Hadisə törədilərkən yük avtomobilini etibarnamə əsasında idarə edən şəxs Cavabdeh olmuşdur. İş materiallarında olan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, iddiaçı Cavabdeh tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin nəticəsində AR İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinin tələbləri pozulduğu üçün o, 50 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh öz izahatında bildirmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə o, avtomobilini idarə edərkən havanın yağışlı olması səbəbindən yollar nahamar olduğu üçün o, idarəetməni itirmiş və yol-nəqliyyat hadisəsini törətmişdir. Lakin o, tələb olunan zərərin əvəzinin onun işlədiyi təşkilatdan tutulmalı olduğunu, onunla təşkilatın arasında müqavilənin olmasını və onun tərəfindən vurulmuş maddi ziyanla bağlı cavabdehliyi təşkilatın daşıdığını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxx 2020-ci il tarixli rəyindən görünür ki, xx xxxxxxxx 2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə vurulmuş zərərin miqdarı 3.606,40 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx xxxxxxxx 2019-cu il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. İş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası dəymiş ziyanı 3.606,40 manat qiymətləndirmişdir. Məhkəmə ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin rəy real vəziyyəti özündə əks etdirdiyindən, sübut kimi qəbul edilməlidir. Məhkəmə 3.606,40 manat maddi ziyanın dəyməsinə qiymət verərək hesab edir ki, xx xxxxxxxx 2019cu il tarixdə törədilmiş yol-nəqliyyat hadisəsinin cavabdehin təqsiri ucbatından olması və törədilmiş hadisə nəticəsində iddiaçıya maddi ziyan vurulması iş materialları və ekspertiza rəyi ilə təsdiq olunduğundan, yolnəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulmasına dair tələbi əsaslıdır və hadisə nəticəsində dəymiş ziyanın ekspert rəyi ilə müəyyən edilmiş məbləği işin hallarına uyğun olmaqla ağlabatan və ədalətli hesab edir. Odur ki, iddia tələbi təmin olunmalıdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində yol təsərrüfatına vurulmuş 3.606,40 manat məbləğində zərər Cavabdeh tutularaq iddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə görə, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad edilmişlər. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə əmtəəşünaslıq eksperizasının dəyəri 100 manat təşkil edir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunduğundan, iddianın qiyməti 500 manatdan çox olduğundan və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Eyni zamanda keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki- Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Yol-nəqliyyat hadisəsi nəticəsində yol təsərrüfatına vurulmuş 3.606,40 (üç min altı yüz altı manat qırx qəpik) manat məbləğində zərər Cavabdeh tutularaq iddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar