Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1165/2025 31.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı2, İddiaçı1, Cavabdeh1 iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdeh Əsgərov Fərruxun ona vurduğu zərərin ödənilməsi məqsədilə 18.000 manat məbləğində pul vəsaitinin tutulması, cavabdehin ona vurduğu maddi ziyan üçün bütün məhkəmə və ekspertiza xərclərinin onun tərəfindən ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ildə İddiaçı1 5 sotluq torpaq sahəsi almışdır, bu barədə xx.xx.2021-ci il tarixində ona çıxarış verilmişdir. Torpaq sahəsi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kondisioner zavodunun bağlar sahəsi, bağ 1566 ünvanında yerləşir. Suraxanı Rayon İcra Hakimiyyəti ona yuxarıda qeyd olunan bağ sahəsində bir mərtəbəli, mansardlı yaşayış evinin tikintisinə icazə vermişdir. Bu, xx.xx.2021-ci il tarixli, K-54-151 saylı məktub ilə təsdiqlənir. Göstərilən icazəni alandan sonra təsdiqlənmiş layihəyə uyğun olaraq təməl qoyulmuş və bir mərtəbəli mansardlı ev tikilmişdir. Ev tamamilə tamamlanmayıb, daxili təmir işləri və torpaq sahəsinin abadlaşdırılması qalıb. Maddi çətinlik səbəbindən iş dayandırılmışdır. Bu səbəbdən 2024cü ilin may ayında həyat yoldaşı X1 ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzilini satmışdır. Bu məbləğin bir hissəsi ilə daxili təmir işlərini və bağ sahəsinin abadlaşdırılmasını tamamlamaq qərarına gəlmişlər. 2024-cü ilin may ayında onlar cavabdeh X4 ilə evdə və sahədə daxili təmir işlərinin aparılması barədə razılığa gəlmişlər. Razılaşma şahidlərin iştirakı ilə şifahi şəkildə bağlanmışdır. Fərrux Əsgərov işləri yerinə yetirəcək, o isə ailəsi ilə birlikdə təmir üçün lazımi məbləği ödəyəcəkdir ki, bu da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752-ci maddəsinə uyğun olaraq podrat müqaviləsi şərtlərinə uyğundur. İşlərin aparılması üçün ona pul hissə-hissə verilib, bir hissəsi nağd, digər hissəsi isə onun bank kartına köçürülüb. Cavabdeh iyul ayının əvvəlində bütün işləri tamamlayacağını vəd etdi ki, onlar ailəsi ilə birlikdə evə köçə bilsinlər. Lakin, Fərrux Əsgərov razılaşmalarını kobud şəkildə pozmuşdur. O cavabdehə əmək haqqı barədə sual verəndə o, əmək haqqının ustaların iş haqqından ayrılacağını bildirmişdir. Buna baxmayaraq, Fərrux Əsgərov etimadını sui-istifadə edərək ona əhəmiyyətli dərəcədə zərər vurmuşdur. İlk olaraq o, təmir işləri və material üçün 23400 manat məbləğində smeta hazırlamışdır. O bu məbləğlə razılaşmışdır, amma bir müddət sonra məlum olmuşdur ki, ustalar əvvəlcə 17400 manatlıq smeta hazırlayıblar və Fərrux Əsgərov, bu smetanı ondan gizlədərək xərcləri artırıb və yeni smeta hazırlayıb. O razılaşmadan xəbərsiz olaraq təmirin 2 ay ərzində tamamlanacağını düşünərək ödənişi etmişdir. Lakin işlər tamamlanmamışdır. Cavabdeh evlərində işlərin başa çatmamasını usta Cavabdeh2 götürüb qaçması ilə izah etmişdir. Onun qızı birgə İddiaçı2 Cavabdeh2 tapıb ondan işlərin niyə başa çatdırılmadığını öyrənmişdir. Cavabdeh2 cavabdehin işçilərə pul ödəmədiyini təsdiqləmişdir. Fərrux Əsgərov isə Cavabdeh2 və usta Elvin Tağıyevin (evlərində təmir edən Rabilin qardaşı) yalan danışdığını iddia etmişdir. Cavabdehə etibarlarını itirəndən sonra ailələri mənzilsiz qalmışdır. Cavabdeh onlardan əlavə 10.000 manat da tələb etmişdir. X3 ödənilən məbləğ 34.000 manat təşkil etmişdir, lakin bu da kifayət etməmişdir və ev hələ də tamamlanmamışdır. Lakin, oktyabr ayında onlar digər ustaları birinci mərtəbədəki təmiri qismən tamamlamağa dəvət etmişlər ki, Mingəçevirdən Hövsandaki evlərinə mebel daşıya bilsinlər. Digər ustaların gördüyü bütün işlər sübut kimi lentə alınıb. Cavabdeh ona vurduğu zərəri ödəməli və məhkəmə onun xeyrinə qərar verməlidir. İddia tələblərini nəzərə alaraq, zərərin ödənilməsi üçün məhkəməyə müraciət edir və cavabdeh Fərrux Əsgərovdan 18.000 manat tələb edir. Cavabdeh Fərrux Əsgərov onunla bağlanan podrat müqaviləsinin şərtlərini kobud şəkildə pozmuş və ailəsinə böyük maddi ziyan vurmuşdur. Onun vicdansız və etibarsız davranışı nəticəsində o, həyat yoldaşı İrina Kaxacelidze və birgə iddiaçı qızı İddiaçı2 evsiz qalmışdır. Cavabdeh işləri tamamlamaq üçün vaxt tələb etməklə birlikdə əlavə xərclər çıxarmağa davam etmiş, onlar isə ona güvənərək tələb etdiyi vəsaiti ona vermişlər. İlkin mərhələdə cavabdeh ona 23.400 manatlıq bir smeta təqdim etmişdir və o bu məbləğlə razılaşmışdır. Lakin sonradan məlum olmuşdur ki, ustalar tərəfindən əvvəlcə 17.400 manatlıq smeta hazırlanmışdır və Fərrux Əsgərov bu smetanı ona göstərməyərək özbaşına xərcləri artırmışdır. Bunun nəticəsində o artıq 34.000 manat xərcləmiş, lakin ev yenə də tamamlanmamışdır. Sentyabr ayında evlərinin açarları Fərrux Əsgərovdan götürüləndən sonra aşkar etmişlər ki, 2 pəncərənin altlığı sındırılıb, baklonun üzərindəki bir pəncərə isə yandırılıb. Fərrux Əsgərov çoxsaylı xəsarətlərə görə günahı öz üzərinə götürüb, lakin onların baş verməsini izah edə bilməyib. İyul ayından bu günə kimi o, İddiaçı1 və həyat yoldaşı İrina Kaxadcelidze satılan evdə kirayə yaşayırlar. Bu aylarda kirayə pulu 1250 manat xərcləmişlər. İyulun ortalarında evi boşaldıb Hövsanda yeni evə köçməlidilər. Fərrux Əsgərovun onlara söz verdiyi kimi. Cavabdehdən bu məbləği geri almaq ədalətli olardı, çünki onun ucbatından onlar bu ayların kirayəsini ödəməli olmuşlar. Mingəçevirdə satılan mənzildən təmiri yarımçıq qalan Hövsandakı evlərinə mebel köçürmək üçün bu ilin oktyabr ayında başqa ustaları təmir işləri aparmağa dəvət etmişlər. Təzə dəvət olunan ustalar Cavabdeh1 tərəfindən bəzi bitirmədiyi işlərini görmüşlər. Etdiyi işləri videoya çəkilib Fərrux Əsgərov, işin gedişatını yubatmaqla yanaşı, ustaların əmək haqlarını ödəməmiş və onları işlədikləri ərazidən uzaqlaşdırmışdır. Əldə etdiyi məlumata görə, cavabdeh ustalara aşağı maaş vermiş, materialları isə ucuz qiymətə əldə etmişdir, smetada işə yüksək qiymət yazmışdır. Fərrux Əsgərov onlara təqdim etdiyi qiymətlərlə faktiki xərclər arasında böyük fərq yaratmış, eyni zamanda onlardan, 23.470 manatdan əlavə olaraq aldığı 10.000 manatı işlərə sərf etməmişdir. Bu səbəbdən o, cavabdeh Fərrux Əsgərovun hərəkətləri nəticəsində çəkdiyi ziyanı tam olaraq qiymətləndirmək üçün tikinti ekspertizasının keçirilməsini məhkəmədən xahiş edir. Əlavə olaraq, Suraxanı rayonunda yerləşən 33 saylı polis bölməsinə şikayət ərizəsi ilə müraciət etdikdən sonra cavabdeh söz vermişdir ki, işləri 10 gün ərzində tamamlamağa çalışacaq. Lakin bu sözünü yerinə yetirməmişdir. May 2024-cü ildən etibarən onu müxtəlif bəhanələrlə aldadaraq vəsaiti şəxsi maraqları üçün istifadə etmişdir. Məsələnin baş şahidi Cavabdeh2 də ona olan hərəkətləri açıqlamış və Fərrux Əsgərovun təhdidlərinə məruz qalmışdır. İddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəməyə iddianın dəqiqləşdirilməsi ərizəsi ilə müraciət edərək cavabdehlər X2 və Cavabdeh2 vurduqları zərərin ödənilməsi məqsədilə 18.000 manatın müştərək qaydada alınmasını və cavabdehlərin vurduğu maddi ziyan üçün bütün məhkəmə və ekspertiza xərclərinin onların tərəfindən ödənilməsini məhkəmədən xahiş etmişdirlər. İddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəməyə iddianın dəqiqləşdirilməsi ərizəsi ilə müraciət edərək məhkəmə ekspertizasının keçirilməsi üçün ödənilmiş 300 manat pul məbləğinin cavabdehlər X2 və Cavabdeh2 tutularaq onlara ödənilməsini xahiş etmişlər. Tərəflərin izahatı: İddiaçılar məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdirlər. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş, məhkəmədən iddianın rədd edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən ünvan 4 sahəsi İddiaçı1 adına qeydiyyata alınmışdır. "xxxx" MMC-nin 02/07-174/25 saylı, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 4 ünvanında yerləşən 5 sot torpaq sahəsində faktiki vəziyyətinə görə inşa edilən fərdi yaşayış evində təmir-tikinti işlərinə çəkilmiş xərclərin ümumi dəyəri 25750,50 manat məbləğində müəyyən edilmişdir. Baxış zamanı fərdi yaşayış evinin ikinci mərtəbəsində yaradılmış sanitar qovşağında kafel-metlağ tikinti texnologiyasına uyğun vurulmadığını, birinci mərtəbədə yaradılmış 1.4×2.55m ölçüdə otağın daxilində quraşdırılmış plastik pəncərə digər pəncərələrə uyğun quraşdırılmadığını, mansard mərtəbədə quraşdırılmış arakəsmələrdə düzgün qalınlığında dəmir profillər istifadə olunmadığını nəzərə alaraq, həmin evdə aparılmış təmir işlərinin qismən qüsursuz görülmüşdür. Qüsurlu görülmüş təmir işlərinin aradan qaldırılması üçün aparılmalı təmir və bərpa işlərinin ümumi dəyəri 2571,45 manat məbləğində müəyyən edilmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəllləsi Maddə 424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri 424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 443.8. Borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir. 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. 443.10. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Maddə 755. İşi şəxsən yerinə yetirmək vəzifəsi Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Maddə 756. Sifarişçinin zərərin əvəzini ödəmək vəzifəsi 756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 756.2. Zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. Maddə 759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Maddə 762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Maddə 763. Qüsurlar olduqda əlavə icra tələbi 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 763.3. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. Maddə 765. Məmulatın qüsuru nəticəsində podrat müqaviləsindən imtina Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Maddə 766. Məmulatın qüsuru nəticəsində muzdun azaldılması Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Maddə 771. Sifarişçinin əmlakının məhv olması üçün podratçının məsuliyyəti Podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. Maddə 772. Podratçının riski 772.1. Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. 772.2. Materialın təsadüfən məhv olması və ya zədələnməsi riski materialı vermiş tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sifarişçi, mülki iş üzrə İddiaçı2 ilə onun atasına, mülki iş üzrə digər İddiaçı1 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində təmir-tikinti işlərin aparılması üçün podratçı, mülki iş üzrə Cavabdeh1 arasında şifahi razılaşma əldə edilmişdir. Razılaşmaya əsasən podratçı Cavabdeh1 sözügedən fərdi yaşayış evində təmir-tikinti prosesinin təşkilini və idarə olunmasını, sifarişçi İddiaçı1 isə işlərin icrası zamanı hazırlanmış təqribi smeta əsasında lazım olan materialların alınmasını təmin etmək üçün zəruri pul məbləğlərini ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh1 fərdi yaşayış evində təmir-tikinti işlərinin aparılmasını digər Cavabdeh2 tapşırmışdır. Prosess iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlardan müəyyən olunmuşdur ki, Cavabdeh1 təmir-tikinti işlərinin aparılması üçün Cavabdeh2 İddiaçı2 verdiyi puldan 8700 manat ödəniş etmişdir. Müəyyən edilmişdir ki, X1 ilə İddiaçı1 14 iyul 1979-cu il tarixdən rəsmi nikahdadırlar. Nikaha daxil olduqdan sonra ünvan 5 ünvanında yerləşən 12 saylı mənzili əldə etmişlər və orada yaşamışlar. İddiaçı2 məhkəmə iclasında iddia etmişdir ki, bir müddət sonra qeyd olunan mənzili sataraq əldə olunmuş vəsait ilə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi əldə etmişlər və onun təmirinə başlamaq qərarına gəlmişlər. Əldə olunmuş vəsaitdən evin təmiri üçün İddiaçı1 tərəfindən Cavabdeh1 34914 manat məbləğində pul ödənilmişdir. Lakin cavabdeh həmin pulu aldığı halda, razılaşma əsasında üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra etməmiş, fərdi yaşayış evinin təmiri üzrə işlərin tamamlanmasını təmin etməmiş, görülmüş işlərdə isə iddiaçı tərəfindən qüsurlar aşkar edilmişdir. Bununla bağlı İddiaçı1 Cavabdeh1 təmir-tikinti işlərinin tamamlanmasını və yaranmış qüsurların aradan qaldırılmasını tələb etmişdir. Lakin sonuncuya əlavə vaxtın verilməsinə baxmayaraq fərdi yaşayış evinin təmirini tamamlamamış və mövcud qüsurları aradan qaldırmamışdır. İlkin olaraq məhkəmə qeyd edir ki, tərəflər məhkəmə iclasında iştirak edərək aralarında şifahi razılaşmanın olduğunu bildirdiyindən bu hal məhkəmə tərəfindən mübahisəsiz hal kimi qiymətləndirilir. Digər tərəfdən tərəflərin izahatından görünür ki, İddiaçı1 ilə Cavabdeh1 arasında ödənilmiş pul məbləğləri ilə bağlı mübahisə mövcuddur. Bununla bağlı mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı2 ilə Cavabdeh1 arasında “WhatsApp” tətbiqi üzərində aparılmış yazışmaların əks olunduğu CD-diskdə və tərəflərin məhkəmə iclaslarında verdiyi izahatlara əsasən evin təmiri məqsədilə Cavabdeh1 34914 manat məbləğində pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Eyni zamanda, məhkəmə tərəfindən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində hansı təmir-tikinti işlərin aparıldığını, həmin işlərin aparılmasının təqribi bazar dəyirini və mövcüd qüsurların müəyyən edilməsi məqsədi ilə təyin edilmiş qiymətləndirilmə nəticəsində müəyyən edilmişdir ki, fərdi yaşayış evində aparılmış işlərin ümumi dəyəri 25750,50 manat, mövcud qüsurların isə aradan qaldırılması 2571,45 manat təşkil edir. Tərəflər təqdim olunmuş mütəxəssis rəyi ilə tanış olduqdan sonra mərmər pəncərə altının quraşdırılmasının (material ilə birlikdə) iddiaçı tərəfindən aparıldığını, kafel metlağın faktiki qiymətinin 1785 manat deyil, 3900 manat olduğunu, habelə qeyd olunmuş qara plintuslar iddiaçının istəyi ilə ağ plintuslar ilə əvəz edildiyini bildirmişlər. Göstərilən məbləğlər əsas götürülərək aparılmış işlərin ümumi dəyəri faktiki olaraq 27503,50 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq, belə qənaətə gəlir ki, Cavabdeh1 podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, İddiaçı1 məxsus fərdi yaşayış evində təmir işlərini müqavilə üzrə nəzərdə tutulan qaydada icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıdığından, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, buna görə də, ondan artıq ödənilmiş 7410.50 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı1 ödənilməlidir. Eyni zamanda qüsurlu şəkildə edilmiş işlərə görə Cavabdeh1 məsuliyyət daşıdığından mövcud qüsurların aradan qaldırılması üçün qiymətləndirmə nəticəsində hesablanmış 2571.45 manat məbləğində pul vəsaiti də Cavabdeh1 tutularaq İddiaçı1 ödənilməlidir. Məhkəmə digər İddiaçı2 iddia tələbinə münasibətdə qeyd edir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin təmir-tikintisi üçün fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı1 ilə Cavabdeh1 arasında razılaşma olmuşdur, İddiaçı2 isə onlar arasında yaranmış podrat münasibətlərində atası İddiaçı1 təmsil etdiyindən iddia tələbi ona münasibətdə təmin edilə bilməz. Məhkəmə digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, Cavabdeh1 İddiaçı1 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində aldığı pul vəsaitinin əvəzində təmir-tikinti işləri gördüyündən, həmin həmin fərdi yaşayış evində tamamlanmamış və qüsurlu edilmiş təmir-tikinti işləri ilə bağlı Cavabdeh2 hər hansı məsuliyyət daşımır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 118,27 manat və mütəxəssis xərcinin əvəzi olaraq 300 manat pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, Cavabdeh1 iddiaçıya vurduğu zərər nəticəsində, İddiaçı1 məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət rüsumunu və mütəxəssis xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, dəymiş ziyanın əvəzi olan pul vəsaiti Cavabdeh1 alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu və mütəxəssis xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq Cavabdeh1 alınaraq İddiaçı1 ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh1 artıq ödənilmiş pul vəsaitinin əvəzi olaraq 7410.50 manat, mövcud qüsurların aradan qaldırılması məqsədilə 2571.45 manat, ümumilikdə 9826.95 manat məbləğində pul vəsaiti, eyni zamanda dövlət rüsumunun əvəzi olaraq 118.27 manat, mülki iş üzrə cəlb edilmiş mütəxəssis tərəfindən aparılmış tədqiqatın dəyəri olan 300 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı1 xeyrinə 9826.95 (doqquz min səkkiz yüz iyirmi altı manat, doxsan beş qəpik) manat məbləğində pul vəsaiti tutulsun Dövlət rüsumunun əvəzi olaraq 118.27 (yüz on səkkiz manat, iyirmi yeddi qəpik) məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı1 ödənilsin. Mülki iş üzrə cəlb edilmiş mütəxəssis tərəfindən aparılmış tədqiqatın dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1165/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1165/2025
31.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver