Məhkəmə qərarları › İş №2(011)-117/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-117/2022

11.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-117/2022 11.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Ramazan Karaşahinin Cavabdeh qarşı “əmlaka vurulmuş zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ramazan Karaşahin Cavabdeh qarşı “əmlaka vurulmuş zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu. Sarabski küçəsi, bina 16B, 17 saylı mənzilə və həmin mənzildə yerləşən əşyalara dəymiş zərərin və bununla bağlı çəkilmiş xərclərin əvəzi olaraq 28238 manatın və 30 manat dövlət rüsumunnun cavabdehdən tutlaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu. Sarabski küçəsi, bina 16B, 17 saylı mənzil onun mülkiyyətindədir. Yaşadığı mənzildən bir mərtəbə yuxarıda yerləşən Cavabdeh məxsus 21 saylı mənzildən artıq uzun müddətdir ki. suyun axıdılması nəticəsində onun mənzilinə ciddi zərər dəymişdir. Belə ki. suyun axıdılması nəticəsində zal otağındakı alçıpan lövhələri yararsız hala düşərək təhlükə yaratmağa başlamışdır. Mətbəx və digər otaqların tavanına su keçərək mənzilin döşəmə və divarlarına axmışdır. Suyun axıdılması nəticəsində divar kağızları qopmuş və rəngi dəyişmişdir. Mənzilin döşəmə parket lövhələri su damcılaması nəticəsində yararsız hala düşmüş, elektrik sistemi evdə təhlükə törətməyə başlamışdır. Mənzildəki əşyalar da ciddi zərər görmüşdür. Yaşadığı binanın komendantı Bahadur Məmmədov və mühafizəçisi Ələsgər Daşdəmirovun iştirakı ilə onun və cavabdehin mənzillərinə baxış keçirilmiş və onun mənzilinə dəymiş zərər həmin şəxslər tərəfindən akt tərtib edilərək təsdiqlənmişdir. Cavabdehin mənzilinin vanna otağında yerləşən unitazın borusunun təzyiq nəticəsində cırılması suyun axıdılmasına səbəb olduğu müəyyən edilmişdir. Yararsız vəziyyətə düşmüş əmlakın və digər xərclərin ümumi dəyərini hesablatmaq üçün "xxxx" ilə 12.03.2021-ci il tarixdə müqavilə bağlamış və mütəxəssis dəymiş zərərin 28238,20 manat məbləğində olduğunu müəyyən etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, ekspert rəyi ilə müəyyən edilmiş məbləqlə razıdır. Qeyd olunanlara əsasən iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış materialları tam və hərtərəfli araşdıraraq, məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu. Sarabski küçəsi, bina 16B, 17 saylı mənzil Ramazan Karaşahinə məxsusdur. İş materiallarında olan binanın komendantı Bahadur Məmmədov və mühafizəçisi Ələsgər Daşdəmirov tərəfindən tərtib edilmiş 22.02.2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu. Sarabski küçəsi, bina 16B, 17 saylı mənzilə baxış keçirilərkən üst mərtəbədə yerləşən 21 saylı mənzilin vanna otağında yerləşən unitazın borusunun təzyiq nəticəsində cırılması suyun axıdılmasına səbəb olduğu, iddiaçının mənzilinə su axması nəticəsində mənzilə ciddi ziyan dəydiyi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 29.03.2021-ci il tarixli, ƏES/A 03-008/21 saylı mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən Ramazan Karasahinə məxsus ünvan 1 ünvanına suaxıdılma nəticəsində dəymiş zərərin həcmi və dəyərinin (işçilik və material xərci daxil olmaqla) məbləği bazar qiymətləri nəzərə almmaqla 28238,20 manat təşkil edir. Mətbəx mebeli və digər zərərçəkmiş memellərin təmiri üçün tələb olunan xərc 1500 manat, onların daşınma xərləri 1650 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin 21.06.2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05.11.2021-ci il tarixli, 10/4046 saylı ekspertiza rəyinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, 16B saylı evin 17 saylı mənzilin tavanında, divarlarında və döşəməsində su sızma ləkələrinin, eləcə də mülki iş materiallarında olan, 22.02.2021-ci il tarixli aktın məlumatlarına əsasən, Bakı şəhəri Nəsimi rayonu Sarabski küçəsi 16B saylı evin 17 sayl mənzilinə yuxarı mərtəbədəki 21 saylı mənzildən suyun sızması müəyyən olunur. Bakı şəhəri Nəsimi rayonu Sarabski küçəsi 16B saylı evin 21 saylı mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (su, kanalizasiya boru xəttləri) gizli (malalatı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də, 17 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmadı. Bakı şəhəri Nəsimi rayonu Sarabski küçəsi 16B saylı evin 17 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 4180 manat məbləğində müəyyən edilir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, Ramazan Karaşahin tərəfindən məhkəməyə iddia verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir(hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, araşdırılmış sübutlarla iddiaçı Ramazan Karaşahinə məxsus Bakı şəhəri, Nəsimi rayonu. Sarabski küçəsi, bina 16B, 17 saylı mənzilə üst mərtəbədə yerləşən, Cavabdeh məxsus 21 saylı mənzildən su axması nəticəsində ziyan vurulması və ekspert tədqiqatı ilə iddiaçıya məxsus mənzildə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetirilməli təmir-bərpa işlərinin hazırkı bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 4180 manat təşkil etməsi müəyyən olunduğundan, iddia tələbi mənzilə dəymiş ziyanın ödənilməsi hissəsində qismən təmin edilərək cavabdehdən 4180 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, məhkəmə, mətbəx mebelinə və digər əşyalara görə iddiaçıya dəymiş ziyanı 500 manat məbləğində qiymətləndirərək, həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 05.11.2021-ci il tarixli, 10/4046 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 100 manat təşkil etməklə Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə 30 manat dövlət rüsümunun 5 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyərinin 16,50 manat hissəsi cavabdehdən, 83,50 manat hissəsi iddiaçıdan dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh su axması nəticəsində Bakı şəhəri, Nəsimi rayonu. Sarabski küçəsi, bina 16B, 17 saylı mənzilə r dəymiş maddi ziyana görə 4180 manat, həmin mənzildə yerləşən əşyalara dəymiş zərərə görə 500 manat olmaqla, cəmi 4680 (dörd min altı yüz səksən) manat və ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsi tutularaq iddiaçı Ramazan Karaşahinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 16,50 (on altı manat 50 qəpik) manat hissəsi Cavabdeh, 83,50 (səksən üç manat 50 qəpik) manat hissəsi iddiaçı Ramazan Karaşahindən tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar