Məhkəmə qərarları › İş №2(011)-1186/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1186/2022

18.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1186/2022 18.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 021R********** saylı kredit razılaşması üzrə 812,58 manat məbləğində əsas kredit borcu, 63,81 manat məbləğində faiz borcu və 156,11 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1032,50 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,33 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 26.08.2019-cu il tarixli 021L**********68 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 150000 manat məbləğində kredit xətti açılmışdır, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 27.08.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması əsasında 15 ay müddətinə. aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat məbləğində kredit götürmüşdür, tərəflərin imzaladıqları 16.04.2020-ci il tarixli 021R**********S saylı sazişlə ödəniş planına dəyişiklik edilmişdir, Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 04.05.2021 -ci il tarixdən banka qaytarmamışdır, Cavabdeh1 götürdüyü kredit borcundan 3187.42 manat ödəmiş, onun 812.58 manat məbləğində kredit borcu qalmışdır, kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır, bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 07.12.2021-ci il tarixə 217 gün üçün hesablanmış faiz borcu 63.81 manat təşkil edir, həmçinin kredit razılaşmasına əasasən 07.12.2021-ci il tarixdə 217 gün üçün 156.11 manat cəriməsi vardır, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 də zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər, onlar da bank qarşısında Cavabdeh1la birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında Cavabdeh1 məhkəməyə yazılı ərizə təqdim edərək və ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, belə ki, 812,58 manat əsas, 63,81 manat faiz borcu olduğunu etiraf edir, lakin iddia tələbini cərimə hissədə qəbul etmir. Sonda Cavabdeh1 qeyd etdiklərinin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Digər cavabdehlər və iddiaçı məhkəmənin 18.02.2022-ci il tarixli iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Bununla belə, iddiaçının nümayəndəsi N.Ə.Ələkbərov 16.02.2022-ci il tarixdə məhkəməyə elektron ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini, baxış iclasının nümayəndənin iştirakı olmadan keçirilib, qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 021L**********68 №-li uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank kredit alana 120 ay müddətinə, 150.000 manat məbləğində, faizin yuxarı həddi 28% olmaqla kredit xətti açmışdır. İş materiallarında olan 26 avqust 2019-cu il tarixli 021L**********68 saylı uzun müddətli kredit müqaviləsi üzrə 021R********** nömrəli kredit razılaşmasından görünür ki, Cavabdeh1 fərdi mikro kredit məqsədi ilə aylıq 2,0833 faiz dərəcəsi ilə 15 ay müddətinə 4000 manat kredit verilmişdir. İş materiallarında olan 27.08.2019-cu il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 cari hesabına 4000 manat kredit köçürülmüşdür. İş materiallarında olan 021S**********01 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC-nın “Mərdəkan” filialı ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış, müqavilənin müddəti 120 aydır, zamin borclunun 26 avqust 2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 021S**********02 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC-nın “Mərdəkan” filialı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, müqavilənin müddəti 120 aydır, zamin borclunun 26 avqust 2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 16 aprel 2020-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 021R**********S №-li sazişdən görünür ki, 021R********** №-li kredit razılaşması üzrə kredit alan kredit qalığını və faizləri 16 aprel 2020-ci il tarixli ödəniş planına əsasən Banka ödəməlidir. İş materiallarında olan maliyyə arayışdan görünür ki, Cavabdeh1 021R********** saylı 27.08.2019-cu il tarixli kredit razılaşması üzrə 07.12.2021-ci il tarixə 812,58 manat əsas məbləğ üzrə borc, 63,81 manat faiz üzrə borc, 156,11 manat cərimə borcu, gecikdirilən günlərin sayı 217 gün, cəmi 1032,50 manat borc təşkil edir. İş materiallarında olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış 28.11.2021-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, tərəflər kredit müqaviləsi üzrə borcun ödənilməsi, əks təqdirdə bu məqsədlə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişlər. İş materiallarında olan 14.12.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30.33 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 26 avqust 2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən 021R********** nömrəli kredit razılaşması ilə Cavabdeh1 aylıq 2,0833 faiz dərəcəsi ilə 15 ay müddətinə 4000 manat kredit verilmişdir, Cavabdeh2 və Cavabdeh3 tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsinin təminatı qismində zamin durmuşlar, Cavabdeh1 müqavilə şərtlərini pozaraq ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır, bank tərəfindən cavabdehlərə xəbərdarlıq məktubu göndərilmişdir, Cavabdeh1 iddia tələbini qismən qəbul edir. Bununla belə, qalıq borcun cavabdehlər tərəfindən ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdehlər kredit və zaminlik müqavilələrini öz riski ilə bağladıqlarından həmin müqavilələr üzrə öhdəliklərə görə də məsuliyyət daşıyırlar. Məhkəmə, yuxarıda adı çəkilən müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 40 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə, borcun hansı cavabdehdən tutulmalı olmasına münasibətdə hesab edir ki, qanunvericiliyə görə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 812,58 manat məbləğində əsas kredit borcu, 63,81 manat məbləğində faiz borcu və 40 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 916,39 manat məbləğində kredit borcu alınaraq İddiaçı QSC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehlərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, məhkəmə xərcləri müştərək qaydada cavabdehlərə aid edilməli, dövlət rüsumu qismində ödənilmiş 30,33 manat cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc məbləği kimi 812,58 manat məbləğində əsas kredit borcu, 63,81 manat məbləğində faiz borcu və 40 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 916 (doqquz yüz on altı) manat 39 (otuz doqquz) qəpik və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat 33 (otuz üç) qəpik alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar