Məhkəmə qərarları › İş №2(011)-120/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-120/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-120/2025 31.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh bir mebel ustası kimi tanıyır. Mənzilinə yeni mətbəx mebeli lazım olduğundan Cavabdeh işlədiyi mebel sexinə yaxınlaşmış və ona yeni mətbəx mebeli lazım olduğunu bildirmişdir. Cavabdeh iddiaçıya bildirmişdir ki, iddiaçının istədiyi mebelin qiyməti 6000 manatdır. İddiaçı həmin mebeli düzəltdirmək üçün Cavabdeh 6000 manat verməyə razı idi, lakin onu tanımadığından Notariat kontorunda 2023-cü il tarixdə Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən iddiaçı cavabdehə 6000 manat məbləğində pul vermişdir. Əlavə olaraq, iddiaçı cavabdehə bildirmişdir ki, əgər iddiaçını aldatsa pulunu ondan hissə-hissə də olsa tələb edəcəkdir. İddiaçı ilə Cavabdeh arasında olan qarşılıqlı razılaşmaya görə kredit müqaviləsi formasında xx.xx.2023-cü il tarixində notarial qaydada kredit müqaviləsi üzrə rəsmiləşdirilmiş və iddiaçıdan aldığı 6000 manat məbləğində pulu müqavilə ilə müəyyənləşdirilmiş müddət ərzində yəni xx.xx.2024-cü il tarix müddətinə ona hissə-hissə olmaqla qaytarmalı idi. Müqavilənin şərtinə əsasən Cavabdeh 2023-cü il oktyabr ayının sonuna kimi 1000 manat geri qaytarmalı və qalan məbləği isə hər ayın sonuna kimi ayda 500 olmaqla ümumi olaraq 6000 manat məbləği xx.xx.2024-cü ilə kimi qaytarmalı idi. Lakin Cavabdeh kredit müqaviləsinin şərtini pozaraq iddiaçıya bu günə kimi heç bir məbləğ qaytarmamşdır və 6000 manat borcu qalmaqdadır. Cavabdeh Hüseynov X3 iddiaçını aldadaraq verdiyi sözə əməl etməyərək nə sifariş verdiyi mebeli gətirib quraşdırmadı nə də ki, bugünkü günə qədər də pulunu qaytarmamışdır. Bununla bağlı iddiaçı cavabdehə pretenziya qaydasında xəbərdarlıq etmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 6000 manat pulun və ödənilmiş 80 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək qeyd etmişdir ki, iddiaçı mənzilinə uşaq otağı mebeli, televizor üçün stend və hamam otağına balaca bir dolab lazım olduğundan Cavabdeh ilə sosial şəbəkə "İnstagram” vasitəsi ilə əlaqə saxlamışdır. İlkin olaraq iddiaçı Cavabdeh mənzildə düzələcək əşyaların sxemini telefon vasitəsi ilə onun “Whatsapp”na göndərmişdir. Cavabdeh isə mənzilə düzələcək mebel üçün bu işin 4200 manat pula başa gələcəyini bildirmişdir. İddiaçı cavabdeh ilə razılaşaraq ilkin olaraq ona 2000 manat beh vermişdir. Sonradan cavabdeh ilə mənzilində olan artıq quraşdırılmış mebelə də əlavə düzəlişlər üçün 1000 manata razılığa gəlmişlər. Bununla da iddiaçı müəyyən vaxtlarda cavabdehə toplam 6700 manat hissə-hissə pul vermişdir. Lakin razılaşmadan uzun müddət keçməsinə baxmayaraq cavabdeh mənzildə heç bir iş görməmişdir. Sonradan iddiaçı Cavabdeh işlədiyi sexə gedərək onun iddiaçının işi ilə bağlı hansı işlərin görməsi ilə maraqlanmaq istədikdə müəyyən olmuşdur ki, cavabdehin iddiaçıdan aldığı 6700 manat pulun müqabilində heç bir material almamış və heç bir mebel düzəltməmişdir. Bununla bağlı iddiaçı məcbur olub polisə şikayət etmişdir. Cavabdeh polisə şikayətindən sonra gəlib mənzildə müəyyən işlər görməyə başlamışdır. İddiaçı ona ilkin olaraq hissə-hissə ödədiyi 6700 manat puldan əlavə olaraq yenidən mebel üçün materiala və əlavə hissə-hissə çib xərcliyi üçün 5000 manat pul xərcləmişdir. Lakin cavabdehin işə səhlənkar yanaşdığını görüb onunla işi saxlamış və onun da razılığı ilə başqa bir usta tapıb alınmış materialları 1000 manat müqabilində quraşdırılmasına razılaşmışdır. Bununla da, iddiaçı 5200 manat məbləğinə danışdığı iş üçün 2700 manat xərcləmiş olmuşdur. Cavabdehin ilkin məbləğin az hesablamasını nəzərə alıb (5200 manat) 12700 manat puldan 6700 manat pulu bütün işə hesablamış və qalan 6000 manatı isə iddiaçıya borc kimi qaytaracağı ilə bağlı razılaşmışlar. Cavabdeh ilə razılaşaraq xx.xx.2023-cü il tarixdə 6000 manat pula görə notarial qaydada 11 aylıq müqavilə bağlamışdır. Müqaviləyə əsasən cavabdeh iddiaçıya ilk ay 1000 manat, qalan 10 ayı isə hər ay 500 manat qaytarmalı idi. Lakin cavabdeh iddiaçıya indiyə qədər heç bir məbləği geri ödəniş etməmişdir. Göstərilənlərə əsasən iddiaçı Cavabdeh 6000 manat pulun və ödənilmiş 80 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin baxış iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyini, lakin məhkəməyə gəlmədiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, iddiaçı ilə mebel üçün əvvəlcə pulu razılaşdırdığını, sonradan bəzi dəyişikliklərə görə iddiaçının cibindən pul xərclədiyini və borcun bu cür yarandığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, iddiaçı görülən işi bir neçə dəfə ona dəyişdirmiş, hər şeyi onun üstünə yükləmişdir. İşdə qüsurlar olmamışdır, xırda zədələnmələr olmuşdur, iddiaçı mebelin rəngini bəyənmədiyindən və sair kimi səbəblərdən əlavə xərclər çıxmışdır. Cavabdeh iddiaçıya təklif etmişdir ki, bir yerdə oturub hesablaşsınlar. İddiaçının tələb etdiyi məbləğdə cavabdehin zəhmət haqqının pulu belə qalmır. Ekspertizadan gəlib mebellərə baxış keçirmişlər. Mətbəx mebelini cavabdeh düzəltməmişdir. O, işi tam şəkildə görmüşdür. Əvvəlcə iddiaçı ilə 4200 manata razılaşmış, iddiaçı cavabdehə 2000 manat beh olaraq vermiş, əlavə düzəlişlər üçün 1000 manat da lazım olmuşdur. İddiaçı cavabdehə hissəhissə pullar ödəməmişdir. İddiaçı ümumilikdə cavabdehə 4200 manat pul vermişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 18 oktyabr 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borc verən borc alana oktyabr ayının sonuna kimi 1000 manat, qalan məbləği isə hər ayın sonuna kimi ayda 500 manat olmaqla, ümumi olaraq 6000 manat məbləği 18 avqust 2024-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh 6000 manat məbləğində pulu 3 iş günü müddətində müqavilənin şərtlərinə əməl etməklə geri qaytarılması, əks halda hüquqlarından istifadə edib “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 03 iyul 2025-ci il tarixli QCMƏİ 02-039/25 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2944-cü məhəllə, bina 1, 83 saylı mənzildə olan uşaq otağında hazırlanmış 2 çarpayı, 1 dolab, divan, yazı masasının, yataq otağında restavrasiya edilmiş mebelin (dolablar), dəhlizdə restavrasiya edilmiş mebelin, TV-stend və hamam üçün hazırlanmış dolabın (usta zəhmət haqqı daxil olmaqla) çəkilmiş xərcin məbləğinin müəyyən edilməsi məqsədilə "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən baxış keçirilmiş, görüləş işləri məbləği cəmi 7200 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 03 iyul 2025-ci il tarixli, 38 nömrəli hesab fakturadan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2944-cü məhəllə, bina 1, 83 saylı mənzildə olan uşaq otağında hazırlanmış 2 çarpayı, 1 dolab, divan, yazı masasının, yataq otağında restavrasiya edilmiş mebelin (dolablar), dəhlizdə restavrasiya edilmiş mebelin, TV-stend və hamam üçün hazırlanmış dolaba çəkilmiş xərclərin müəyyən edilməsi üzrə ödəniş məbləği 300 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfı mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 405-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Məhkəmə tərəflər arasında razılaşdırılmış müqavilənin şərtlərini təfsir edərək belə qənaətə gəlir ki, tərəflər arasında kredit müqaviləsi bağlansa da, mahiyyət etibari ilə tərəflər arasında bağlanmış müqavilə hüquqi təbiətinə görə podrat müqaviləsinin əlamətlərini ehtiva edən müqavilə olduğu üçün hazırki iddianın həlli üçün mülki qanunvericiliyin podratla bağlı normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2-ci maddəsinə əsasən əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 763.3-cü maddəsinə əsasən əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. 442-ci maddəyə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448-ci maddəyə əsasən Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh mebel ustasıdır və tərəflər arasında iddiaçının mənzilində uşaq otağı mebeli, televizor üçün stend və hamam otağı üçün dolabın hazırlanması və dəhlizdəki mebelin restavrasiya edilməsi ilə əlaqədar şifahi razılaşma olmuşdur. İddiaçı tərəfindən həmin işlərin görülməsi üçün cavabdehə 12700 manat pul verilmişdir. İddiaçı görülən işlərin məbləğini 6700 manat qiymətləndirmiş və artıq ödədiyi 6000 manatın geri qaytarılmasını tələb etmişdir. Lakin məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin 03 iyul 2025-ci il tarixli QCMƏİ 02-039/25 nömrəli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2944-cü məhəllə, bina 1, 83 saylı mənzildə olan uşaq otağında hazırlanmış 2 çarpayı, 1 dolab, divan, yazı masasının, yataq otağında restavrasiya edilmiş mebelin (dolablar), dəhlizdə restavrasiya edilmiş mebelin, TV-stend və hamam üçün hazırlanmış dolabın (usta zəhmət haqqı daxil olmaqla) çəkilmiş xərcin məbləği 7200 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus mənzildə görülən işlərin dəyəri 7200 manat müəyyən edilməsinə baxmayaraq, iddiaçı tərəfindən cavabdehə 12700 manat ödəniş edildiyindən, artıq ödənilmiş 5500 manat pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 5500 manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 80 manat dövlət rüsumunun 92%, yəni 74 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 8%, yəni 6 manat iddiaçıya aid edilsin. Eyni zamanda iddia qismən təmin edildiyi üçün iş üzrə aparılmış mebellərin qiymətləndirilməsinə görə qiymətləndiriciyə ödənilməli olan 300 (üç yüz) manat pul vəsaitinin 92%, yəni 276 manat Cavabdeh, qalan 8%, yəni 24 manat pul vəsaiti İddiaçı tutularaq "xxxx" MMC-nin VÖEN **********, S.W.İ.F.T:AİİBAZ2X, AZ06AİİB400600C**********103 hesablaşma hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar