Məhkəmə qərarları › İş №2(011)-1203/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1203/2022

24.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1203/2022 24.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 06.02.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər ay 193 manat, uşağın 3 yaşına çatanadək 100 manat alimentin cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin mübahisəsiz hallarına görə tərəflərin birgə nikahından bir övladları, 06.02.2019cu il təvəllüdlü X7 doğulmuşdur. Tərəflərin nikahının ləğvi barədə iddiaçıya Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən şəhadətnamə verilməklə, bu barədə 03.03.2020-ci il tarixdə akt qeydləri kitabında qeyd edilmişdir. Tərəflərin nikahı Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Həmin qətnaməyə əsasən 06.02.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması, həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23.02.2021ci il tarixli qətnaməsi ilə Naxçıvan şəhər Məhkəməsinin 26.11.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək, cavabdehdən hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmçinin, Naxçıvan şəhər Məhkəməsinin 28.11.2019-cu il tarixli 2(078)-1139/2019 saylı qətnaməsi ilə 06.11.2017-ci il tarixli məhkəmə əmrilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək cavabdehin X5 ilə birgə nikahından doğulmuş 14.09.2009-cu il təvəllüdlü X4 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 120 manat olmaqla, 240 manat alimentin tutulması qət edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh ilə rəsmi nikahlarından 06.02.2019-cu il təvəllüdlü X7 doğulmuşdur. Naxçıvan şəhər Məhkəməsinin qətnaməsi ilə nikahları ləğv edilmiş və uşağın saxlanması üçün cavabdehdən hər ay 120 manat sabit pul məbləğində aliment tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli qətnaməsi ilə Naxçıvan şəhər Məhkəməsinin 26.11.2019-cu il tarixli qətnaməsi ilə alimentin artırılaraq 150 manat olması müəyyən edilmiş, sonuncu qətnamədən verilmiş apelyasiya şikayəti isə təmin edilməmişdir. Hazırda həm alimentin artırılmasını və uşağın 3 yaşına çatanadək alimentin tutulmasını vacib hesab edir. Uşağın geyim geyim əşyaları və qida məhsulları almaqda çətinlik çəkir, çünki hazırda uşağa qulluq etmək səbəbindən işləyə bilmir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə üyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasında iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, hazırda həmin məbləğ uşağın maddi tələbatlarının ödənilməsi üçün yetərli olmadığından, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası AM-nin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmir. Məhkəmə, həmçinin əvvəlki məhkəmə qətnaməsi ilə hər ay 150 manat aliment tutulduqdan sonra bir uşağın saxlanması üçün qanunla müəyyən edilmiş minimum xərcin məbləğinin artırıldığını, uşağın saxlanılması üçün minimum yaşayış təminatının təmin edilməsinin zəruri olmasını, uşağın maddi təminatının səviyyəsinin mümkün qədər yüksək saxlanılmasını nəzərə alaraq, tərəflərin birgə nikahlarından anadan olmuş uşağının saxlanması üçün təyin edilmiş alimentin məbləğinin artırılmasını məqsədəuyğun hesab edir. Belə ki, Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində də göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Şərh edilənlərə əsasən məhkəmə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olduğu qənaətinə gəlsə də, hesab edir ki, aliment təyin edilərkən, eyni zamanda cavabdehin də maddi vəziyyəti və digər hallar nəzərə alınmaldır. məbləğinin 185 manat müəyyən edilməsi daha ədalətlidir. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər Məhkəməsinin 28.11.2019-cu il tarixli 2(078)-1139/2019 saylı qətmanəsinin surətindən görünür ki, cavabdeh X5 ilə 2008-ci il tarixdə rəsmi nikaha girmiş. Həmin nikahdan da cavabdehin iki övladı var və məhkəmənin qərarına əsasən uşaqların saxlanılması üçün cavabdehdən X2 xeyrinə hər ay 240 manat məbləğində alimentin tutulması qət edilmişdir. Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə cavabdehin 06.02.2019-cu il təvəllüdlü X1 üçün hər ay 150 manat məbləğində aliment ödəməsi ilə yanaşı başqa nikahından olan iki uşaq üçün də hər ay 240 manat məbləğində aliment ödədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilərək 06.02.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 185 manat məbləğində alimentin tutulması müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə, eyni zamanda hesab edir ki, Yusif İbrahimin 3 yaşına çatanadək 100 manat məbləğində alimentin tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Belə ki, Ailə Məcəlləsinin 85-ci maddəsinin 1.1-ci bəndinə əsasən hamiləlik dövründə və uşaq doğulduğu gündən 3 il ərzində keçmiş arvad buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Qeyd edilən maddi hüquq normasından da görünür ki, hamiləlik dövründə və uşaq doğulduğu gündən 3 il ərzində arvadın keçmiş ərindən aliment tələb etməsi üçün əsas dispozitiv şərti keçmiş ərin həmin alimenti ödəmək üçün zəruri vəsaitə malik olmasıdır. İddiaçı isə 06.02.2019-cu il tarixdə doğulmuş uşağının 3 yaşına çatanadək 100 manat tutulması üçün cavabdehin zəruri vəsaitə malik olması barədə digər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək, 06.02.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 185 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar