Məhkəmə qərarları › İş №2(011)-1208/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1208/2023

21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1208/2023 21.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. İşin faktiki hallarına görə iddiaçı ona xarici ölkədən avtomobil alıb gətirməyi cavabdehə tapşırmış və bununla bağlı tərəflər şifahi formada razılığa gəlmişlər. Bunun üçün iddiaçı 2500 manat məbləğində pulu cavabdehə vermişdir. Cavabdeh avtomobili gətirməmiş, sonradan 2500 manat məbləğində puldan 2000 manatı iddiaçıya geri qaytarılmışdır.

2. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı cavabdehdən ona borclu olduğu 500 manat və əlavə xərclərinə görə 200 manat, cəmi 700 manat pulun alınıb ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, o, cavabdehlə bir məktəbdə oxumuşdur. Məktəb yoldaşı kimi bir-birlərini yaxşı tanıyırlar. Söhbət zamanı ona maşın lazım olduğunu bildikdə, cavabdeh Gürcüstandan ona maşın gətirə biləcəyini bildirmişdir. O, razılaşıb 2500 manat pulu cavabdehə vermişdir. Maşını 10 günə gətirməli idi, sonra qalan pulu hissə-hissə verməli idi. Cavabdeh pulu alandan sonra müxtəlif bəhanələrlə maşını gətirməyi gecikdirdi, sonra verdiyi pulun 2000 manatını ona qaytardı, 500 manat pulu isə sonra verəcəyini bildirdi. Lakin cavabdeh həmin pulu vermək istəmir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etməmişdir.

6. Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

9. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

10. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

11. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

12. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

13. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

14. Maddə 779.1 Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

19. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İşə baxan məhkəmənin mövqeyi:

20. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

21. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

22. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 777-ci maddəsi təşkil edir (§ 11).

23. Qeyd olunan maddənin dispozisiya şərtlərindən də görünür ki, tərəflər arasında tapşırıq müqaviləsinin bağlanması üçün 3 şərt tələb olunur: 1) vəkalət verənin verdiyi tapşırığın vəkalət alanın qəbul etməsi – bu şərt həm də müqavilənin qüvvəyə minməsini təsdiq edir; 2) əqdlərin, işlərin və digər xidmətlərin vəkalət verənin tapşırığı əsasında icra edilməsi və 3) əqdlərin, işlərin və digər xidmətlərin icra edilməsi zamanı konkret nəticənin əldə edilməsinə təminat verilməməsi.

24. Yuxarıda qeyd edilən işin hallarından da göründüyü kimi, iddiaçı özünə avtomobil almaq üçün cavabdehə tapşırıq vermiş, cavabdeh iddiaçının şifahi tapşırığı əsasında ona xarici ölkədən avtomobilin alınması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Yəni, cavabdeh iddiaçının tapşırığını qəbul etmişdir. Tapşırığın qəbul edilməsinin digər bir təsdiqi isə iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən Xətai RPİ 34-cü PŞ-də cavabdehin verdiyi izahatdır. Belə ki, cavabdeh verdiyi izahatında iddiaçıdan onun tapşırığı ilə başqa ölkədən avtomobilin gətirilməsi üçün 2500 manat məbləğində pul aldığını etiraf etmişdir.

25. Tərəflər arasında tapşırıq müqaviləsinin bağlanması üçün tələb edilən digər iki şərtin də mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Belə ki, avtomobilin alınması ilə bağlı əqd bağlamaq tapşırığını cavabdehə iddiaçı vermişdir. İşin bu halı həm iddiaçının bildirdikləri, həm də cavabdehin Xətai RPİ 34-cü PŞ-də verdiyi izahatından bəlli olur.

26. Tapşırıq müqaviləsinin formasına gəldikdə isə bu müqavilənin həm şifahi, həm də yazılı formada bağlanması qanunla müəyyən edilmişdir (MM-nin 777.2-ci maddəsi).

27. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında şifahi formada tapşırıq müqaviləsi bağlanmış, lakin cavabdeh tapşırığı yerinə yetirməyərək öhdəliyini tam icra etməmiş, iddiaçının tapşırığı ilə avtomobilin alınması barədə onun tapşırdığı əqdi bağlamamışdır. Nəticədə cavabdeh aldığı pulun bir hissəsini qaytarmamaqla iddiaçıya həm də maddiz ziyan vurmuşdur (§ 10).

28. Şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, 500 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyinə tutulmalıdır.

29. Məhkəmə həmçinin iddianın 200 manat məbləğində əlavə xərclərin cavabdehdən tutulması hissəsinə münasibətdə isə bildirir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı qeyd edilən əlavə xərclərin nədən ibarət olmasını qeyd etməmiş və bununla əlaqədar sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 500 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar