Məhkəmə qərarları › İş №2(011)-1237/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1237/2025

09.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1237/2025 09.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün xx.xx.2012-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş hər uşağa görə 90 manat alimentin artırılaraq hər uşağa görə 235 manat, ümumilikdə 470 manat alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 2025-ci ilə uyğun aliment məbləğinin 246 manat məbləğinə qədər artırılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, uşaqların aliment təminatı barədə qətnamə qəbul olunan zaman bir uşağın 4, o birinin isə 1 yaşı var idi. Hazırda uşaqlar məktəblidirlər, onların saxlanması barədə aliment miqdarının ödənilməsinə yenidən baxılmasına ehtiyac vardır, yəni onun ailə və maddi vəziyyətində nəzərə çarpacaq dərəcədə dəyişiklik mövcuddur. Onun uşaqların böyümələri ilə bağlı maddi təminatı çətinləşdiyindən hər uşağa görə 90 manatın ödənilməsi onların ehtiyaclarının ödənilməsinə kifayət etmir. 2024-cü il üçün uşaqların aliment təminatının minimum miqdarının hər uşağa görə 235 manat müəyyən edilməsi onların ehtiyaclarının qismən də olsa ödənilməsinə kömək edər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdəfiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək, aliment ödəməyə razı olduğunu. Lakin, hər uşaq üçün 246 manat aliment ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Doğum haqqında şəhadətnamlərin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 atası X4, anası İddiaçıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 31 avqust 2012-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 90 manat, cəmi 180 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Tətbiq edilən hüquq: Ailə Məcəlləsi: 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu:

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var. AR Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu:

1. 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamı:

1. Minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin. Məhkəmənin mövqeyi: Məhkəmə alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən 10 ildən çox müddət keçdiyini nəzərə alaraq, iddiaçının maddi vəziyyətində nəzərə çarpacaq dərəcədə dəyişiklik mövcud olması, uşaqların böyümələri ilə bağlı maddi təminatının çətinləşməsi barədə dəlillərini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği isə hazırda uşaqların saxlanmaları üçün yetərli olmadığından, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməlidir. Məhkəmə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumunun 246 manat, minimum əmək haqqının 400 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, alimentin məbləği onun indeksiyası məqsədi üçün minimum əmək haqqı məbləğinin 0,615 mislinə uyğun müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3788/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulsun. 74 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar