Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-127/2023 24.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, İddiaçının nümayəndəsi X8, Cavabdehin nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı X6 cavabdeh X1 qarşı “sahiblik hüquqlarının həyata keçirilməsinə maneənin aradan qaldırılması və difər” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. ünvan 1 ünvanında yerləşən özbaşına tikili iddiaçının istifadəsində olmaqla, 2019-cu il tarixdən ailə üzvləri ilə birlikdə orada yaşayır. Özbaşına tikilmiş həmin evin əldə edilməsinə dair hər hansı rəsmi sənəd yoxdur və iddiaçının hər hansı bir hüququ səlahiyyətli orqanlar tərəfindən qeydiyyata alınmamışdır. İddiaçının istifadəsində olan özbaşına tikiliyə dair yalnız 66 saylı MKİS tərəfindən sxem tərtib edilərək verilmişdir. 2021ci tarixdə iddiaçı tərəfindən özbaşına tikiliyə bitişik əlavə tikililər inşa edilmiş, cavabdehin istifadəsində olan özbaşına tikilinin də çıxışı olan ümumi küçəyə tərəf olan divardan pəncərə və qapı açılmış, sonradan cavabdeh tərəfindən bağlanmışdır.
2. Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsi, ev 1/52 ünvanında yerləşən özbaşın tikili isə cavabdehin istifadəsindədir. Deməsinə görə 2017-ci il tarixdən əldə edilmişdir. Cavabdehin istifadəsində olan özbaşına tikili ilə bağlı da hər hansı rəsmi sənəd mövcud deyil, hər hansı hüquqları səlahiyyətli dövlət orqanları tərəfindən qeydiyyata alınmamışdır, həmin özbaşına tikiliyə dair yalnız 66 saylı MKİS tərəfindən sxem tərtib edilmişdir. Tərəflər arasında mübahisə yarandıqdan sonra iddiaçı tərəfindən sonradan açılmış pəncərə və qapının qarşısında cavabdeh hasar inşa etmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
3. İddiaçı sahiblik hüquqlarının həyata keçirilməsinə maneənin aradan qaldırılması, yaşayış otağının sökülmüş qapı və pəncərəsinin bərpasını cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, əlavə olaraq cavabdeh tərəfindən inşa edilmiş eni 6 metr, hündürlüyü 2 metr olan mişar daşından ibarət hasarın sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu NZS qəsəbəsi, Ş.A.Qurban küçəsi ev 59/1 saylı 2 otaqlı özbaşına tikili həyət evini xx.xx.2019-cu ildə şifahi razılaşma əsasında həmin evin əvvəlki sahibi X3 almışdır. Həmin vaxtdan sözügedən ev onun ailəsiylə birlikdə şəxsi istifadəsindədir. Orada o, arvadı, iki yetkinlik yaşına çatmış oğlu (onlardan biri ailəlidir), onun iki azyaşlı uşaqları, qızı və iki azyaşlı uşaqları yaşayır. 2021-ci ilin oktyabr ayından qeyd olunan ünvandakı evində təmir işlərinə başlamışdır. 19.032.2022-ci il tarixdə sahəsi 220,0 m2 olan otağa qızı iki azyaşlı uşaqları ilə sığınacaqdan gətirərək yerləşdirmişdir. Həmin otaq giriş qapısı və pəncərəsi olmadığına görə 140x160 sm ölçüdə 250 manat dəyərində pəncərə və 100x200 sm ölçüdə 300 manat dəyərində dəmir qapı alaraq sözügedən otağın əvvəldən mövcud nəfəsliyini söküb əvəzinə sözügedən pəncərəni və yanında da divarı söküb sözügedən qapını qoydurmuşdur. Həmin gün axşam, yəni xx.xx.2022-ci il tarixdə qonşu cavabdeh onun iradəsinə zidd olaraq həmin qapı və pəncərəni çıxarıb, onları yararsız vəziyyətə salaraq onun evinin içinə qoyaraq pəncərənin və qapının yerlərini mişar daşları ilə hördürərək arxasını da suvatdırmışdır. Onun həyat yoldaşı Sara Abbasova bu haqsızlıqla bağlı 37-ci polis bölməsinə ərizə ilə müraciət etmiş, 01 mart 2022-ci il tarixdə baş təhqiqatçı X12 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edərək, ona izah etmişdir ki. həmin mübahisə ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ var. Həyat yoldaşı sözügedən haqsızlıqla bağlı Xətai rayon İcra Hakimiyyətinə də müraciət edib. Cavabdeh onunla yanyana qonşuluqda yaşayır, onun evindən açdığı qapı və pəncərə ona heç bir maneə törətmir. Həmin qapı və pəncərə heç kimin istifadəsində olmayan həyətə açılır.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçı evinin 2 qapısının həyətə çıxışı vardır. Onun açdığı digər qapı isə yəni üçüncü qapı onun həyətinin evinin giriş hissəsinə maneə törədir. Bununla bağlı bir neçə dəfə onunla söhbəti olmuşdur Orada üçüncü qapının qoyulması ona o, cümlədən digər qonşulara da problemlər yaradır. Onun evdən və evin həyətindən istifadə etməyinə iddiaçı tərəfdən narahatçılıqlar yaranır. Ondan başqa qonşulurın da iştirakı ilə bununla bağlı akt tərtib olunmuş, bundən əlavə Bakı şəhəri, Xətal rayon İcra hakimiyyəti başçısına ərizələrlə müraciətlər etmişlər və müraciətlərində qonşluqda yaşayan iddiaçı və onun ailə üzvlərinin evlərin yanında icazəsiz qapı pəncərə açımasını bildirmişlər və iddiaçının qanunsuz hərəkətlərinə son qoyulmasını şikayət ərizələrində göstərmişlər. Lakin iş üzrə ekspertiza təyin edilmiş ekspert işin bu halını nəzərə almamış, qonşuları o, cümlədən onu ətraflı dindirməmiş əsasız bir rəyin verilməsinə nail olmuşdur.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının nümayəndəsi və vəkili məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, mübahisəli qapı və pəncərə cavabdehə heç bir maneə törətmir. Cavabdeh tərəfindən bağlanmış pəncərə həmin otağa hava və işığın düşməsi üçün vasitədir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi.
8. İddiaçı və onun nümayəndəsi (arvadı) məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirdi ki, saxlanc yeri onun istifadəsindədir və həmin yerlə bağlı heç sənəd yoxdur. Cavabdeh istifadəsində olan tikilini isə 2017-ci ildə alıb. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
10. Maddə 43 Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi:
11. Maddə 1.1. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır.
12. Maddə 12.1 Yaşayış sahələri mənzil hüququnun obyektidir.
13. Maddə 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
14. Maddə 27. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.
15. Maddə 152.2. Sahiblik hüququna verilən anlayışda qeyd edilir ki, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
16. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 4.1 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
22. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
23. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
24. Məhkəmə hesab edir ki, iddia tələbinə hüquqi qiymət verməzdən əvvəl öncə həm iddiaçının, həm də cavabdehin istifadəsində olan özbaşına tikililərlə bağlı istifadənin xüsusiyyəti aydınlaşdırılmalıdır.
25. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iş materiallarında olan sübutlar əsasında və məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən özbaşına tikilidən istifadə edərək orada yaşamış, eyni zamanda cavabdeh də həmin tikiliyə qonşuluqda olan ünvan 2 ünvanında yerləşən tikilidən isitifadə etmişdir. Hər iki ev üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması halı mövcud deyil. Lakin məhkəmə hesab edir ki, hər iki evə dair müvafiq olaraq tərəflərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasa da, eləcə də, həmin evlərə dair heç bir hüquq müəyyənedici hər hansı sənəd olmasa da, həmin evlər müvafiq olaraq tərəflərin “mənzili” “evi” hesab oluna bilər.
26. Belə ki, dövlət tərəfindən şəxsin mənzil hüququna, onun toxunulmazlığına təminat verilir və bu həm milli, həm də beynəlxalq hüquqla müəyyən edilən dövlətin pozitiv öhdəliyindən irəli gəlir. Qanun yalnız müəyyən edilmiş müstəsna hallarda şəxsin mənzil hüququna müdaxiləni nəzərdə tutur. Müdaxilənin özü isə beynəlxalq qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verməli, bu zaman xüsusilə, şəxsin mənzil hesab edərək seçdiyi yerin (yaşayış yerinin) özünün və ailəsinin yaşaması üçün nə qədər zəruri olması, onun (ailəsinin) həmin yaşayış yeri ilə nə qədər bağlı olması və s. kimi çox mühüm həyati şərtlər nəzərə alınmalıdır.
27. Beynəlxalq hüquq normaları isə şəxsin mənzil hüququnu dövlətdaxili hüquqdan daha geniş mənada qəbul edir, hətta şəxsin müvəqqəti, lakin yaşayış yeri kimi qəbul etdiyi yerləri “ev”, “mənzil” kimi tanıyır, həmin yerlərə şəxsin yaşayış yeri kimi bağlılığı, uzun müddət yaşamasına xüsusi önəm verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X7rşı” işində qeyd etmişdir ki, "Mənzil" anlayışı ənənəvi yaşayış yerləri ilə məhdudlaşmır. Belə ki, o, furqonları və digər qeyri-stasionar məskənləri də özündə ehtiva edir. Məhkəmə həmçinin, “X4rşı” işdə bildirmişdir ki, ərizəçinin və ailəsinin 13 ildən artıq müddət ərzində yaşadığı səyyar furqonun yerli hakimiyyət orqanının furqonlar üçün ayırdığı ərazidən çıxarılması nəticəsində prosessual səbəblərə görə 8-ci maddənin pozuntusu baş verib.
28. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 8-ci maddəsində hər kəsin öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malik olması təsbit edilmişdir.
29. Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş “mənzil hüququ” ilə bağlı çoxsaylı president qərarlar mövcuddur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çıraqov və başqaları Ermənistana qarşı” işində qeyd etmişdir ki, 8-ci maddəyə əsasən “şəxsi həyat”, “ailə həyatı” və “ev” məfhumları 1 nömrəli Protokolun 1-ci maddəsindəki “mülkiyyət” məfhumu kimi, müstəqil anlayışlardır; onların qorunması dövlədaxili qanunvericilikdə kvalifikasiyadan deyil, işin faktiki hallarından asılıdır. 1 nömrəli Protokolun 1-ci maddəsi üçün təqdim edilmiş səbəblərlə eyni olan səbəblərə görə, Məhkəmə müəyyən edir ki, ərizəçilərin öz evlərindən istifadə etmək imkanının rədd edilməsi onların şəxsi və ailə həyatına, habelə evlərinə hörmət hüququ ilə əsassız müdaxiləni təşkil edir. “Vinterşteyn və başqaları Fransaya qarşı” işində isə göstərir ki, müvafiq olaraq, bu və ya digər yaşayış məskəninin 8-ci maddənin 1-ci bəndində nəzərdə tutulmuş müdafiənin şamil olunduğu "mənzil" təşkil edib-etmədiyi barədə sualın cavabı işin faktiki hallarından, yəni şəxsin konkret məkanla yetərli və davamlı əlaqələrinin mövcudluğundan asılıdır. Həmçinin, Məhkəmə bu tipli qərarlarında bildirir ki, "Mənzil" anlayışı ərizəçinin mülkiyyətçisi və ya kirayəçisi olduğu əmlakla məhdudlaşmır. O həm də şəxsin uzun müddət ərzində, illərlə məskunlaşdığı qohumuna məxsus evi bildirən anlayış ola bilər (Menteş və başqaları Türkiyəyə qarşı iş). "Mənzil" anlayışı təkcə qanunla şəxsin adına rəsmiləşdirilən mənzillərlə məhdudlaşmır (X9rşı iş). Mənzildə yaşayan, amma kirayə müqaviləsi onun adına olmayan şəxs də mənzillə bağlı hüquqlara malik olduğunu iddia edə bilər (Prokopoviç Rusiyaya qarşı iş) və s.
30. Qeyd edilən həm milli qanunvericilik, həm də beynəlxalq hüquq normaları baxımından məhkəmə hesab edir ki, hər iki tərəfin yaşadıqları özbaşına tikililər onların yaşayış yeri (mənzili) kimi qəbul oluna bilər. Bu zaman məhkəmə qeyd edir ki, hər iki tərəf sözügedən tikililəri əldə etməkl, özlərini yaşayış yeri ilə təmin etməyə ümid etmiş, bununla bağlı tikintiyə xərc çəkmiş, tikililərə ayrıca giriş-çıxış üçün qapı, qaz və elektrik enerjisi ilə təmin etmişdir. Bu şərh edilənlər isə hər iki tərəfin yaşadıqları yaşayış sahələrdən özlərnin “evlə” “mənzillə” bağlı ehtiyaclarını təmin edtmək hüquqlarının təmin olunmasına əsas verir.
31. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının yaşadığı ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaiti ilə xərc çəkmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək və s. hüquqlar əşya sahibinə məxsusdur.
32. Məhkəmə növbəti addım olaraq iddia tələbinə hüquqi qiymət verərkən qeyd edir ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi iddia üç tələbdən ibarətdir: birinci tələb – iddiaçı tərəfindən öz istifadəsində olan tikilidə inşa edilmiş və sonradan cavabdeh tərədindən bağlanmış pəncərənin bərpa edilməsi; ikinci tələb - iddiaçı tərəfindən öz istifadəsində olan tikilidə inşa edilmiş və sonradan cavabdeh tərədindən bağlanmış qapının bərpa edilməsi; üçüncü tələb – cavabdeh tərəfindən mişar daşından inşa edilmiş hasarın sökülməsi.
33. Məhkəmə hesab edir ki, iddiaçının birinci tələbi əsaslıdır. Belə ki, ilk öncə məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən tikililərin yerində müayinəsi zamanı iddiaçının açdığı pəncərənin cavabdehin istifadəsində olan yaşayış sahəsindən istifadəyə hər hansı maneə yaratması, yaxud onun hər hansı hüquq və mənafelərini pozması kimi hallar müəyyən edilməmişdir. Cavabdeh sökdüyü pəncərənin mövcud olmasının onun sahibliyində olan evdən sərbəst istifadəsinə hər hansı mane yaratdığını təsdiq edən sübutları məhkəməyə təqdim etməyib. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, həmin pəncərə heç kimin mülkiyyətində olmayan sahəyə açılır.
34. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/7404 saylı, xx.xx.2023-cü il tarixli rəyində ekspert müəyyən etmişdir ki, pəncərə boşluğu ilə cavabdehin istifadəsində olan həyətyanı sahənin giriş qapısı arasında 1,0 metr məsafə olduğu, eləcə də iddiaçı tərəfindən aparılmış işlərin öz istifadəsində olan evin daxilində aparıldığı nəzərə alınaraq pənəcərinin cavbadehin istifadəsində olan evə bə digər qonşulara hər hansı maneə yaratmadığı müəyyən edilmişdir.
35. Digər bir tərəfdən, tikililərin məhkəmə tərəfindən yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, pəncərənin açıldığı otağın işıqlandırılması və havalandırılması üçün həmin pəncərəyə ehtiyac vardır, pəncərənin açıldığı otağın yerləşmə vəziyyətinə əsasən başqa tərəfdən açılması mümkün deyil. Çünki həmin pəncərənin olduğu otağın çölə yalnız bir divarı mövcuddur, digər iki divarı, evin daxili otaqlarına, bir divarı isə cavabdehin istifadəsində olan tikilinin otağına açılır. Pəncərinin açıldığı yerdə isə əvvəllər nəfəslik olmuşdur.
36. Bundan əlavə mübahisəsi gedən pəncərə bağlanacağı təqdirdə otağa hava axınının, günəş işığının daxil olması mümkünsüz olar ki, bu da iddiaçının və onun ailə üzvlərinin həyat və sağlamlığı üçün əlverişsiz nəticələrə gətirib çıxara bilər. Bu hal həmin evdə yaşayan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş sağlam yaşamaq hüquqlarını pozmuş olur.
37. Şərh edilənlərdən əlavə məhkəmə qeyd edir ki, hər iki tərəf yaşadıqları özbaşına tikililər barədə eyni hüquqi statusa malikdirlər və onların həmin tikililər barədə mülkiyyət hüquqları mövcud deyil. Bu baxımdan cavabdehin iddiaçının yaşadığı özbaşına tikilidə açdığı pəncərəni bağlamağa subyektiv hüququ da yoxdur. Çünki, yuxarıda da göstərildiyi kimi, hər iki tərəfin yaşadıqları “evlərə” dair mülkiyyət hüquqları dövlət tərəfindən qeydiyyata alınmamışdır və həmin tikililərin yerləşdiyi torpaq sahələri hazırda dövlətə məxsusdur. Bu halda, orada aparılan hər hansı tikintinin qarşısının alınması, yaxud hər hansı müdaxilə yalnız müvafiq dövlət orqanları tərəfindən həyata keçirilə bilər. Cavabdehin isə başqasına məxsus torpaq sahəsində aparılan tikintiyə müdaxilə etmək səlahiyyəti yoxdur.
38. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının yaşadığı 1/59 saylı evin daşıyıcı divarında açılmış pəncərinin cavabdehin hər hansı hüquq və maneflərini pozması müəyyən edilmədiyindən iddia həmin hissədə təmin edilərək, sökülümüş pəncərə cavabdeh tərəfindən açılmalıdır.
39. İddiaçının ikinci, yəni iddiaçı tərəfindən öz istifadəsində olan tikilidə inşa edilmiş və sonradan cavabdeh tərədindən sökülmüş qapının bərpa edilməsi barədə tələbi əsassızdır.
40. Məhkəmə tərəfindən özbaşına tikililərin yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən sonradan inşa edilmiş otaqdan istifadə üçün açılmış qapının sol tərəfində cavabdehin istifadəsində saxlanc yeri var. Həmin yerin cavabdehin istifadəsində olması iddiaçı tərəfindən də mübahisələndirilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli qapı iddiaçı tərəfindən açıldığı təqdirdə cavabdeh istifadəsində olan həmin saxlanc yerindən məqsədinə uyğun istifadə edə bilməyəcəkdir.
41. Digər bir tərəfdən, məhkəmə tərəfindən yerində müayinə zamanı müəyyən oldu ki, iddiaçının istifadəsində olan tikiliyə mübahisəli giriş qapısından başqa ön hissədən də giriş-çıxış üçün qapı mövcuddur. Yəni, mübahisələndirilən qapı iddiaçının istifadəsində olan tikiliyə giriş-çıxış üçün yeganə vasitə deyil. Məhkəmə qeyd edir ki, məhkəmə qərarının ədalətli olması şərtlərindən birincisi tərəflər arasında ədalətli tarazlığın qorunmasıdır. İddiaçı tikiliyə giriş-çıxış qapısı olduğu halda, ikinci bir giriş-çıxış qapısının hansı səbəblərdən açılması zərurətini əsaslandıra bilməmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir.
42. Məhkəmə qeyd edir ki, mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil və MPM-nin 77.1-ci maddəsi də tələb edir ki, iddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
43. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən sonradan açılmış qapı cavabdehin istifadəsində olan saxlanc yerinin istifadəsinə maneə yaratdığından, habelə iddiaçının sonradan açdığı qapı olmadan da onun istifadəsində olan evdn istifadə mümkün olduğundan iddia həmin hissədə təmin edilə bilməz.
44. Məhkəmə hesab edir ki, iddiaçının üçüncü tələbi, yəni cavabdeh tərəfindən inşa edilmiş hasarın sökülməsi hissəsində iddia təmin edilməlidir.
45. Məhkəmə tərəfindən yerində müayinə zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən inşa edilmiş hasarın daxilində yerləşən (cavabdehin istifadəsində olan özbaşına tikilinin giriş-çıxışı istisna olmaqla) sahə əvvəllər hər iki tərəfin istifadəsində olmuşdur. Həmin sahədə həm cavabdehin istifadəsində olan saxlanc yeri, həm də, iddiaçının istifadəsində olan yaşayış sahəsinə aid su sayğacı yerləşir. Cavabdeh tərəfindən həmin sahə hasarla əhatə olunandan sonra iddiaçının su sayğacına lazımi xidməti göstərməsinə, ondan məqsədinə uyğun istifadəsinə maneə yaranmış olur. Belə ki, iddiaçı mütəmadi olaraq sayğacın üzərindəki göstəricililərlə tanış olmaq üçün həmin sayğaca baxış keçirməli, bu isə mübahisəli hasarın çəkilməsi səbəbindən iddiaçı üçün çətinlik yaratmış olacaq, iddiaçı hər dəfə həmin sahəyə daxil olmaq üçün cavabdehə müraciət etməli olacaq. Nəzərə alınmalıdır ki, həm tərəflərin istifadəsində olan tikililər, həm də hasarla əhatə olunmuş sahə dövlət mülkiyyətinə aid olduğundan, nə ididaçı, nə də cavabdeh həmin sahəyə hər hansı üstünlük hüququna malik deyildir.
46. Bundan başqa, cavabdehin istifadəsində olan özbaşına tikilmiş evin divarının bir hissəsi, eləcə də gəlcəkdə bərpa olunduğu halda mübahisəli pəncərə qanunsuz inşa edilmiş hasarın daxilində qalır. Hasarın mövcudluğu isə iddiaçının istifadəsində olan özbaşına tikiliyə, orada yaşamasının təmin edilməsi məqsədilə, qulluq göstərilməsinə maneələr yaratmış olur.
47. Digər bir tərəfdən, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hasar cavabdeh tərəfindən iddiaçı ilə aralarında mübahisə yarandıqdan sonra özbaşına inşa edilmişdir. Hasar inşa olunmamışdan əvvəl də cavabdeh istifadəsində olan tikiliyə sərbəst girib çıxmış və onun isitfadəsinə heç bir maneə yaranmamışdır. Məhkəmə tərəfindən yerində müayinə zamanı isə müəyyən edilmişdir ki, hasar cavabdehin istifadəsində olan özbaşına tikilidən təxminən 1,5 metr aralıda, ümumi istifadədə olan yerdə inşa edilmişdir.
48. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən mişar daşı ilə inşa edilmiş hasarın mövcudluğu iddiaçının istifadəsində olan özbaşına evin istifadəsinə maneə yaratdığından cavabdeh tərəfindən onun vəsaiti hesabına sökülməlidir.
49. Məhkəmə iddia tələbinin sahiblik hüquqlarının həyata keçirilməsinə maneənin aradan qaldırılması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı cavabdeh tərəfindən son qoyulmasını tələb etdiyi manelərin nədən ibarət olmasını dəqiq və aydın şəkildə qeyd etməmişdir.
50. Məhkəmə hesab edir ki, ekspertiza xərci iddianın təmin edilməsinə uyğun olaraq, bərabər bölünməklə tərəflərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən tikilidə yaşayış otağının bağlanmış pəncərəsi X2 tərəfindən açılaraq əvvəlki vəziyyətində bərpa edilsin. ünvan 2 ünvanında yerləşən tikilinin həyətində tikilmiş mişar daşından ibarət, hündürlüyü 2 metr, eni 6 metr olan hasar X2 tərəfindən öz vəsaiti hesabına sökülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərcinin 50 manat hissəsi X5, 50 manat hissəsi isə X2 qızından tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı