Məhkəmə qərarları › İş №2(011)-128/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-128/2022

01.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-128/2022 01.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, X1, Cavabdeh, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əldən çıxmış fayda və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “əldən çıxmış fayda və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13846/2019 saylı 27 noyabr 2019-cu il tarixli qətnaməsi üzrə 20 iyul 2020-ci il tarixdə icra vərəqəsi verilmişdir. Həmin icra sənədi üzrə icra işi (№ e101071/2020-1-20) Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 icraatındadır. İcra sənədi üzrə borclu Cavabdeh cəmi 2 251.01 manat məbləğində pul Nümayəndə2 xeyrinə ödənilməli, 30 manat pul Nümayəndə2 və İddiaçı xeyrinə ödənilməli, borclu Cavabdeh üzərinə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 7 saylı evin 99 saylı mənzilindən 2 (iki) ədəd qəhvəyi rəngli kreslo, 1 (bir) ədəd qəhvəyi rəngli divan, 1 (bir) ədəd qəhvəyi rəngli güllü çarpayı, 1 (bir) ədəd boz rəngli «Supermax» markalı televizor, 1 (bir) ədəd boz rəngli «LG» markalı videomaqnitofon və kitabların götürülməsi vəzifəsi qoyulmalıdır. İcra məmurunun 29 iyul 2020-ci il tarixli qərarına əsasən icra sənədi üzrə icraata başlanılmışdır. Borclu Cavabdeh 10 gün müddətində icranın könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İcra sənədi üzrə icraata başlanılmasından 2 aydan çox müddət keçməsinə baxmayaraq icra sənədində göstərilən tələblərin icra olunması təmin edilməmişdir. Borclu Cavabdeh icra sənədini qəsdən icra etmir, icra məmuru V.Mahmudov isə bütün zəruri icra hərəkətlərini həyata keçirmir, bunun nəticəsində onların qanunla qorunan hüquq və mənafeləri kobud şəklində pozulur. Dövlət adından qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktına bu cür yanaşması qəbuledilməzdir. İcra sənədinin icrası ilə bağlı onların Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış çoxsaylı yazılı və şifahi müraciətləri cavabsız qalmışdır. İcra məmuru tərəfindən müvafiq sorğular (borclunun əmlakı, pul vəsaitləri və gəliri ilə bağlı) aidiyyatı dövlət orqanlarına və digər qurumlara göndərilməmişdir. İcra məmuru V.Mahmudov həmçinin borclu Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması inzibati xəta haqqında protokolu tərtib etməmiş və onu Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərməmişdir. Bunlan əlavə, icra məmuru tərəfindən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimat rayon məhkəməsinə verilməmişdir. İcra məmuru V.Mahmudov qanunla nəzərdə tutulmuş səlahiyyətlərini icra etmir, məcburi icra tədbirlərini həyata keçirmir. İcra məmurunun hərəkətsizliyi yolverilməzdir. Cavabdeh (borclu) Cavabdeh könüllü qaydada qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmir və onun sözlərinə görə şikayətin və ya iddianın məhkəməyə verilməsini göstərərək e-101071/2020-1-20 icra sənədi üzrə məhkəmə qərarını icra etmək fikrində deyildir. O, qeyd etmişdir ki, cavabdeh könüllü qaydada öz mebel zibilini, köhnə kitablarını, köhnə texnikasını Bakı şəhəri Xətai rayonunda yerləşən mənzildən çıxarmaq fikrində deyildir. Heç kimə lazım olmayan əşyalar (cavabdehin əmlakı) vergi rüsumu ödəmədən yazılı və ya şifahi müqaviləyə əsasən minimal 200 (iki yüz) manata həmin mənzili icarəyə verməklə onun qazanc əldə etməsinə imkan vermir. Əldə edilməyən gəlir ona sonrakı müalicəsi, reabilitasiyası və Mediland özəl klinikada qan köçürülməsi üçün lazımdır. CavabdehQ 2019-cu ildən bu vəziyyət barədə xəbərdardır ki, müalicə üçün pul vəsaitlərinin olmamasına görə onun bu vəziyyəti onun ölümünə gətirib çıxara bilər. O, 2018-ci ilin əvvəlindən pozulmuş hüquqlarına görə Bakı şəhəri Xətai rayonunda yerləşən əmlakından (mənzilindən) gəliri əldən buraxır, daha doğrusu gəlir əvəzinə zərər əldə edir. Əldə edilməyən fayda borclunun günahı üzündən 2 il və 6 ay müddətində hər aya 200 manat olmaqla, 30 ay x 200 manat = 6.000 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, buraxılmış faydanı nəzərə almaqla, iddiaçı Cavabdeh 6000 manat həcmində pul məbləğinin tutulması və vurulan mənəvi zərərə görə 1000 manat həcmində pul məbləğinin tutulması və 30 manat həcmində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh bildirmişdir ki, qətnamənin icr edilməməsinin səbəbi iddiaçının özü tərəfinfən törədilən maneədir. Belə ki, dəfələrlə icra məmuru tərəfindən təyin edilmiş tarixdə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 7 saylı evin 99 saylı mənzilinə getsə də, tələbkar evdə olmamış, təyin edilmiş vaxtda həmin əşyaları götürməyə şərait yaratmamışdır. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X5 bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13846/2019 saylı 27 noyabr 2019-cu il tarixli icra sənədi üzrə borclu Cavabdeh tərəfindən tələbkarlar Nümayəndə2 və İddiaçı xeyrinə 2281 manat məbləğində pul vəsaiti tam şəkildə ödənilmişdir. Sözügedən icra sənədinin əşyaların götürülməsi hissəsinin icrası ilə əlaqədar olaraq tərəflərindən dəfələrlə təyinatlar verilsə də, tələbkarlar icra yerinə gəlməmişlər. Bu barədə tərəfindən müvafiq aktlar tərtib olunmuşdur. Məhkəmə iclası barədə İddiaçı lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin və icra məmurunun çıxışlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6107/2019 saylı,06 sentyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Nümayəndə2 və qeyrisinin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 2000 manat məbləğində pul vəsaiti və 170 manat məbləğində faiz borcunun tutularaq Nümayəndə2 xeyrinə ödənilməsi, Cavabdeh üzərinə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 7 saylı evin, 99 saylı mənzilindən 2 (iki) ədəd qəhvəyi rəngli kreslo, 1 (bir) ədəd qəhvəyi rəngli divan, 1 (bir) ədəd qəhvəyi rəngli güllü çarpayı, 1 (bir) ədəd boz rəngli «Supermax» markalı televizor, 1 (bir) ədəd boz rəngli «LG» markalı videomaqnitofon və kitabların götürülməsi vəzifəsinin qoyulması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 13846/2019 saylı, 27 noyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6107/2019 saylı, 06 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6107/2019 saylı,06 sentyabr 2019cu il tarixli qətnaməsi cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz pulun tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh 251.01 manat məbləğində faiz borcunun tutularaq Nümayəndə2 xeyrinə ödənilməsi, qətnamənın qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2821/2020 saylı, 09 iyun 2020-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13846/2019 saylı, 27 noyabr 2019cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13846/2019 saylı, 27 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vidadi Mahmudov tərəfindən məhkəməyə ünvanlanmış 05 iyul 2022-ci il tarixli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13846/2019 saylı 27 noyabr 2019-cu il tarixli icra sənədi üzrə borclu Cavabdeh tərəfindən tələbkarlar Nümayəndə2 və İddiaçı xeyrinə 2281 manat məbləğində pul vəsaiti tam şəkildə ödənilmişdir. Sözügedən icra sənədinin icrası ilə əlaqədar olaraq tərəflərindən dəfələrlə təyinatlar verilsə də, tələbkarlar icra yerinə gəlməmişlər. Bu barədə tərəfindən müvafiq aktlar tərtib olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vidadi Mahmudov tərəfindən tərfib edilmiş 04 may 2022-ci il tarixli, 17 may 2022-ci il tarixli və 27 may 2022-ci il tarixli aktlardan görünür ki, icra vərəqəsinin icrası ilə əlaqədar borclunun iştirakı ilə qeyd olunan ünvana gəlinmiş, lakin iş üzrə tələbkarlar Nümayəndə2 və İddiaçı şifahi məlumat, eyni zamanda rəsmi bildirişlər verilsə də, onlar icra yerinə gəlməmişlər. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qəranmn 1-ci hissəsinə əsasən, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “Mənəvi zərərin odənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrubəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı, 03 noyabr 2008-ci il tarixli qərarında gostərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin odənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar kecirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri muəyyən edilmiş olsun. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13846/2019 saylı, 27 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6107/2019 saylı,06 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6107/2019 saylı,06 sentyabr 2019-cu il tarixli qətnaməsi cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz pulun tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh 251.01 manat məbləğində faiz borcunun tutularaq Nümayəndə2 xeyrinə ödənilməsi, qətnamənın qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 13846/2019 saylı, 27 noyabr 2019-cu il tarixli qətnaməsi əsasında icra vərəqəsi verilmiş, həmin icra vərəqəsi qismən, yəni icra sənədi üzrə borclu Cavabdeh tərəfindən tələbkarlar Nümayəndə2 və İddiaçı xeyrinə 2281 manat məbləğində pul vəsaiti tam şəkildə ödənilmiş, Cavabdeh üzərinə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 7 saylı evin, 99 saylı mənzilindən 2 (iki) ədəd qəhvəyi rəngli kreslo, 1 (bir) ədəd qəhvəyi rəngli divan, 1 (bir) ədəd qəhvəyi rəngli güllü çarpayı, 1 (bir) ədəd boz rəngli «Supermax» markalı televizor, 1 (bir) ədəd boz rəngli «LG» markalı videomaqnitofon və kitabların götürülməsi hissəsində icra sənədi tələbkarların təqsiri üzündən hazırki günədək icra edilməmişdir. Məhkəmə mülki işdə olan sübutu qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “əldən çıxmış fayda və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar