Məhkəmə qərarları › İş №2(011)-1280/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1280/2022

18.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1280/2022 18.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehdən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən 59.248,4 manat, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tanınan 6.451,84 manat və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə 4.132,54 manat indeksasiya məbləği, ümumilikdə 69.832,78 manat pulun 5%-i , yəni 2021-ci il üzrə gecikdirilmiş vaxt üçün 3.491,6 manat maddi zərər, 500 manat mənəvi zərər, 60 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 4.051,6 manat tutularaq iddiaçıya ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 06 noyabr 2018-ci il tarixli 2(011)-1184/2018 saylı qətnaməsi ilə 14 aprel 2016-cı il tarixli kredit müqaviləsi üzrə borca görə 53.000 manat, məzənnə fərqinə görə 6218 manat, dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 59.248,4 manat pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş 59.218.4 manat (53000 manat əsas borc, 6.218 manat məzənnə fərqi) borc məbləğinin 2 il müddət üçün hər il 5% olmaqla, illik 2960,92 manat, iki illik 5921,84 manat maddi zərər, 500 manat mənəvi zərər, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat pul məbləği tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamə xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmiş və icra olunması üçün Bakı şəhər Xətai rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Yenə də Bakı şəhəri Xətai rayon məhkəməsinin 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən cavabdehdən iddiaçının xeyrinə 4132,54 manatın tutulması qərara alınmışdır. Qərardad qanuni qüvvəsini almış və icra edilməsi üçün xx.xx.2021-ci il tarixdə Bakı şəhər Xətai rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.Səlimova) 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən 53.000 manat borc məbləği, 6218 manat məzənnə fərqi, habelə 30,40 manat ödənilmiş dövlət rüsumu olmaqla, 59.248,4 manat pulun xeyrinə tutulması qət edilmişdir. Bundan sonra onlar arasında həmin pul vəsaitinin ödənilməməsindən irəli gələn bir neçə məhkəmə mübahisələri olmuş, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə cavabdehdən onun xeyrinə həm keçikməyə, həm də indeksasya faizinə görə pul tutulmuşdur. Hazırkı tarixə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən 59.248,4 manat borc, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tanınan 6.451,84 manat borc və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı təsdiq olunan 4132,54 manat indeksasiya məbləği, ümumilikdə isə 59.245,4+6451,84+4.132,54 = 69.832,78 manat vəsaitin 2021-ci il üçün cavabeh tərəfindən ödənilməsi geçikdirilməklə geri qaytarılmamışdır. İddiaçının vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında kredit (borc) müqaviləsi bağlanmış, cavabdeh tərəfindən borc ödənilmədiyindən iddiaçının iddiası ilə Bakı şəhəri Xətai rayon məhkəməsinin 06 noyabr 2018-ci il tarixli 2(011)-1184/2018 saylı qətnaməsi ilə 14 aprel 2016-cı il tarixli kredit müqaviləsi üzrə borca görə 53.000 manat, məzənnə fərqinə görə 6218 manat, dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 59.248,4 manat pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsi qət edilmiş, lakin cavabdeh tərəfindən həmin vəsait hal-hazıradək ödənilməmişdir. Mülkü Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Şərh edilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini, yəni iddiaçıya olan borcunu vaxtında ödəməməsi, daha sonra isə məhkəmə qərarları ilə müəyyən edilmiş pul vəsaitlərini ödəməməklə iddiaçıya maddi ziyan vurmuş və onun bu hərəkətsizliyi hazırda da davam etməkdədir. Bütün bunlar isə iddiaçıya pul formasında dəyən maddi zərərlə nəticələnir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4119 saylı ekspert rəyindən görünür ki, 2021-ci il üzrə 69 832,78 manat məbləğində pul vəsaitinə illik 5% hesablanmaqla faiz (cərimə) borcunun məbəği 3491,64 manat təşkil edir. Odur ki, iddia tələbi məhkəmə qərarları ilə müəyyən edilmiş pul vəsaitinin vaxtında ödənilməməsinə görə illik 5% məbləğində pulun cavabdhdən tutulması hissəsində təmin edilməlidir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrində də göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələbinin 500 manat məbləğində mənəvi zərərin tutulması hissəsinə münasibətdə hesab edir ki, idda tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı ona mənəvi zərər dəyməsini sübuta yetirə bilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə qeyd edilir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Sadalanan xüsusatlara və işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, iddiaçı ona dəyən mənəvi ziyanı sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddianın 60 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin olunması nisbətində (iddia tələbi təxminən 86% hissədə təmin edilmişdir) tərəflərə aid edilməli, dövlət rüsumunun 51,6 manat hissəsu cavabdehdən tutulmalı, qalan məbləğ isə iddiaçıya aid edilməlidir. Digər tərəfdən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti də iddianın təmin edilməsi nisbətində tərəflərə aid edilməldir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 3491,64 manat məbləğində pul və 51,60 manat məbləğində dövlət rüsumu, cəmi 3543,24 manat pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 8,40 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərcinin 86 manat hissəsi Cavabdeh, 14 manat hissəsi isə İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar