Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1294/2021 21.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödədiyi 15.000 manat və əldən çıxmış fayda kimi borclu olduğu məbləğin 5 faizi, 1.125 manat miqdarında əlavə pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 16.125 manatın borcludan tutularaq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 26 avqust 2019-cu il tarixdə 6 saylı Notariat Ofisinin xüsusi notariusu X1 iştirakı ilə iddiaçı və cavabdeh arasında 18 ay müddətinə müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən sahibkar-yəni iddiaçı ilə saç ustasıyəni Cavabdeh arasında bağlanan müqaviləyə əsasən bu müqavilə işə qəbul olunma razılaşmasının bir hissəsidir. İşə qəbul olunan şəxs salonda kolorist, saç qaynağı, keratin, ombre, refle, saç kəsimi işlərini həyata keçirməli olmuş, müqavilə 18 ay müddətinə qüvvədə olmuşdur. İşə qəbul olunan şəxs-saç ustası müqaviləni ləğv edərsə, o zaman ödənilən məbləğ bütövlükdə geri alınır. Müqavilədə qeyd edildiyi kimi razılıq əsasında İddiaçı qarşı tərəfə, Cavabdeh notariusun depozit hesabı vasitəsilə 14.000 manat pul ödəmişdir. Eyni zamanda iddiaçı cavabdehə əvvəlcədən aralarında bağlanmış beh müqaviləsinə əsasən 1.000 manat da vermişdir. Beləliklə, iddiaçı cavabdehə ümumilikdə 15.000 manat pul vermişdir. Müqavilənin şərtlərinə iddiaçı tərəfindən layiqincə əməl edilmişdir. Belə ki, şərtləşdikləri kimi o, cavabdehə əvvəlcədən ödənilməli olan məbləği vermişdir və onun sərbəst işləməsi üçün hər cür şərait yaratmışdır. Cavabdeh müqavilədə qeyd olunduğu kimi müəyyən edilmiş müddətdə fasiləsiz və qanunla müəyyən edilmiş gündəlik iş müddətində fəaliyyətlə məşğul olmalı olmuşdur. Lakin cavabdeh bir neçə ay işlədikdən sonra heç bir ciddi səbəb göstərmədən, xəbərdarlıq etmədən müqavilənin şərtlərini pozaraq fəaliyyətini davam etdirməmişdir. O, işlədiyi müddət ərzində həm işə vaxtında gəlməmiş, həm də ödənişləri az etmişdir. Cavabdeh öhdəliyini yerinə yetirmədən, iddiaçıya olan borcunu qaytarmadan və müqaviləyə xitam verilmədən çıxıb getmişdir. Borc müddətinin başa çatmasına və borcluya borcu qaytarması barədə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, müxtəlif bəhanələr gətirərək götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11.265 manatın, borc kimi aldığı 350 ABŞ dollarının və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən qəbul edərək onun qismən təmin edilməsini xahiş etdi. O, izahatında ona zərər dəydiyini, işdən qovulduğunu, 350 ABŞ dolları borcu isə qəbul etdiyini bildirdi. Məhkəmə araşdırması zamanı şahid qismində ifadə verən X2 öz izahatında bildirmişdir ki, o, sözügedən salonun mühasibidir. Cavabdeh özü salonu tərk etmişdir. O, işçi olaraq öz öhdəliklərini yerinə yetirməmişdir. Tərəflər arasında narazılığın yaranmasına səbəb cavabdehin işçilərlə olan mübahisələri, işdən icazəsiz çıxıb getməsi və digər hərəkətləri olmuşdur. Cavabdeh təxminən 3 aya yaxın müddətdə salonda işləmişdir. Mübahisələr son bir ayda yaranmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 26 avqust 2019-cu il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh işə qəbul olunmuş, iddiaçıya məxsus salonda saç ustası kimi işləyərək kolorist, saç qaynağı, keratin, ombre, refle, saç kəsimi işlərini həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehə beh müqaviləsinə əsasən 1.000 manat pul əvvəlcədən vermişdir. Razılıq əsasında İddiaçı cavabdehə notariusun depozit hesabı vasitəsilə 14.000 manat pul vəsaiti ödəmişdir. Göründüyü kimi, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xidmət göstərilməsi ilə bağlı müqavilə bağlanmış, cavabdeh müqavilə üzrə işə qəbul olunaraq salonda xidmət göstərmək vəzifəsini, iddiaçı isə cavabdehə pul məbləğini ödəməyi və ona işini layiqincə yerinə yetirə bilməsi üçün lazımi şəraiti yaratmağı öz üzərinə götürmüşdür. Müqavilə 18 ay müddətinə bağlanmışdır. İddiaçı tərəfindən cavabdehə 15.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Tərəflər arasında bağlanmış müqavilə işə qəbul olunma razılaşmasının bir hissəsi olmuşdur. Cavabdeh yuxarıda adı çəkilən xidmətləri göstərərək, iddiaçı tərəfindən ona verilmiş 15.000 manat pulu hissə-hissə geri qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən xüsusatlara və sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan xidmət haqqını almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin xidməti göstərməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında xidmət haqqı almasına dair hüququndan istifadə etmiş, lakin həmin xidməti göstərməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdeh iddia tələbində qeyd edilən məbləği iddiaçıdan aldığını etiraf etmiş, lakin daha sonra aralarında yaranmış mübahisəyə görə iş yerinə buraxılmadığını və bu səbəbdən işləmək imkanından məhrum olduğuna istinad edərək pulu qaytara bilmədiyini qeyd etmişdir. Dəfələrlə iddiaçıya müraciət etsə də, o, işə buraxılmamışdır. Məhkəmə iclasında iddiaçı tərəf cavabdehin verdiyi izahatla bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məktub ünvanlamış və onun məktubuna cavab verilmişdir. Lakin cavabdeh bir dəfə də olsa salona gəlməmiş və hət hansı bir razılığa gəlmək üçün cəhd göstərməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh öz istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh 11.265 manat pul vəsaitinin alınaraq iddiaçıya qaytarılması hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, tərəflər arasında olan razılaşmalara əsasən İddiaçı cavabdehə ümumilikdə 15.000 manat məbləğində pul vəsaiti vermişdir. Cavabdeh salonda işlədiyi dövrdə salona 2019-cu ilin sentyabr ayı üçün 625.50 manat, oktyabr ayı üçün 842.50 manat, noyabr ayı üçün 1.104,50 manat və dekabr ayı üçün 1.162,50 manat olmaqla, ümumilikdə 3.735 manat gəlir gətirmişdir. Odur ki, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, həmin pul məbləği iddiaçının ödədiyi 15.000 manat borcdan çıxılmaqla (15.000- 3.735=11.265) Cavabdeh 11.265 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin cavabdehin iddiaçıdan borc kimi aldığı 350 ABŞ dollarının tutularaq iddiaçıya qaytarılması hissəsinə qiymət verərək, belə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olmaqla təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı Cavabdeh öz izahatlarında iddiaçıdan 350 ABŞ dolları məbləğində borc pul aldığını özü etiraf etmişdir. Odur ki, həmin pul vəsaiti ondan tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 11.265 manat pul vəsaiti, 350 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunduğundan, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 11.265 (on bir min iki yüz altmış beş) manat pul vəsaiti, 350 (üç yüz əlli) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-1294/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1294/2021
21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver