Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1298/2024 13.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı1 MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı1 MMC və İddiaçı2 Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və avtomobilin geri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı1 MMC və İddiaçı2 Cavabdeh qarşı tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3455 nömrəli müqavilənin ləğv edilməsi, müqavilənin predmeti olan avtomobilin geri qaytarılması, əks təqdirdə avtomobilin geri verilməməsi səbəbində dəymiş zərərin əvəzi kimi 13628 manat əsas borc pulun, 2379 manat məbləğində cərimə pulunun, 18300 manat məbləğində icarə haqqının və dövlət rüsumu qismində ödənilmiş 192,92 manat məbləğində pulun, cəmi 34499,92 manat pulun Cavabdeh İddiaçı1 MMC-nin xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddianın dəlilləri ondan ibarətdir ki, İddiaçı1 MMC xx.xx.2011-ci il tarixli ********** nömrəli Nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir. Onun əsas fəaliyyəti avtomobillərin alqı-satqısıdır. İddiaçı2 mülkiyyətində olan “Kia Rio” minik markalı 2012-ci il buraxılışlı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün Cavabdeh İddiaçı1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3455 saylı alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 4800 manat, 36 ay müddətinə hər ay üzrə 650 manat olmaqla, 28178,7 manata satılmışdır. Lakin Cavabdeh “Kia Rio” minik markalı 2012-ci il buraxılışlı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün İddiaçı1 MMC ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3455 saylı alqı-satqı müqaviləsinə əsasən, ilkin 4800 manat, 15 ay 650 manat ödəniş edərək, cəmi 14550 manat ödəniş etmiş, xx.xx.2022-ci il tarixdən sonra İddiaçı1 MMC-yə heç bir ödəniş etməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdən İddiaçı1 MMC-yə heç bir ödəniş etməyərək 13628 manat məbləğində əsas borcu qalaraq ödənilməmişdir. Qalan borcun ödənilməsi barədə dəfələrlə Cavabdeh xəbərdarlıq edilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və İddiaçı1 MMC-yə heç bir ödəniş etməmişdir. Bu səbəbdən də iddiaçı xx.xx.2023-cü il tarixdə borclunun təqdim etdiyi ünvana pretenziya məktubu unvanlayaraq borcun 10 iş günü ərzində ödənilməsi tələb olunmuş, lakin borclu bu tələbə də məhəl qoymamışdır. xx.xx.2021-ci il tarixli 3455 nömrəli müqavilənin 4.5-ci bəndinə əsasən hər aylıq ödəniş gecikdirildiyi halda, avtomobilin təhvil verildiyi günə qədər gecikdirildiyi hər gün üçün 50 manat məbləğində icarə haqqı ödənilməlidir. Cavabdeh “Kia Rio” minik markalı 2012-ci il buraxılışlı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ödənişi xx.xx.2022-ci il tarixdən iddia verildiyi günədək, 366 gün istifadə edərək təhvil vermədiyindən, ödənişi gecikdirdiyi hər gün üçün 50 manat məbləğində icarə haqqı hesablanılmaqla 18300 manat məbləğində icarə pulu hesablanmışdır. Müqavilənin 4.6-cı bəndinə əsasən aylıq ödənişin gecikdirildiyi hər gün üçün ödəməli olan ödənişin 1 faizi məbləğində cərimə ödənilməlidir və cavabdeh “Kia Rio” minik markalı 2012-ci il buraxılışlı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ödənişi xx.xx.2022-ci il tarixdən iddia verildiyi günədək 366 ün istifadə edərək ödəniş etmədiyinə görə ödənişi gecikdirdiyi hər gün üçün aylıq ödənişin 1 faizi məbləğində cərimə hesablanmaqla 2379 manat məbləğində cərimə hesablanmışdır. Cavabdehin iddiaya dair münasibəti. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları: İddiaçı1 MMC və Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 3455 saylı alqı-satqı müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, iddiaçı “Kia Rio” minik markalı 2012-ci il buraxılışlı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobil, ilkin ödəniş 4800 manat, aylıq 36 ay müddətinə aylıq 650 manat olmaqla, 28178,7 manat ödəmək şərti ilə nisyə olaraq sonuncuya satılmışdır, müqaviləyə əsasən, alıcı avtomobilə görə aylıq ödənişi gecikdirdiyi halda satıcıya avtomobilin ödəniş qrafiki üzrə borcu bağladığı günə qədər gecikdirdiyi hər gün üçün aylıq ödənişinin 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür, iddiaçı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək avtomobili Cavabdeh təhvil vermiş, lakin sonuncu müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə - aylıq ödənişləri yerinə yetirməməklə - müqavilənin şərtlərini pozmuşdur. Hazırda iddiaçı həmin müqavilənin ləğv edilməsini, avtomobilin geri verilməsini, əks halda dəymiş ziyanın ödənilməsini tələb edir. “Kia Rio” minik markalı 2012-ci il buraxılışlı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2r, sonuncu nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini İddiaçı1 MMC-yə etibar etmişdir. Etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. İş materiallarında olan maliyyə arayışının surətinə əsasən, Cavabdeh avtomobil üçün xx.xx.2022-ci il tarixdən İddiaçı1 MMC-yə ödəniş etməyərək 13628 manat ödənilməmiş əsas borcu qalmışdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 39 saylı qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə 2.9. Nəqliyyat vasitələrinə sahibliyi təsdiq edən sənədlərdən biri də nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasında yazılı şəkildə tərtib edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X3-imtahan məntəqələrində təsdiq olunmuş alqısatqı, yaxud dəyişmə müqaviləsidir.
Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, tərəflər arasında olan mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə tərəflər arasında hansı müqavilə münasibətlərinin yarandığı aydınlaşdırılmalıdır. İddiaçı tərəf iddia tələbində bu müqaviləni nisyə alqı-satqı müqaviləsi kimi adlandırmış və müqavilə bu ad altında bağlanmışdır. Lakin avtomobil rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşya hesab olunur. Mülki qanunvericiliyin tələbinə görə isə belə əqdlər notariat qaydada təsdiq olunmalıdır. Lakin hazırki işdə tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsi notariat qaydada təsdiq olunmamışdır. Qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub olmadığının müəyyən olunmasıdır. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikası MPM-nin 337-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, iddiaçının istinad etdiyi əqd (nisyə alğı-satqı müqaviləsi) əhəmiyyətsizdir, ona görə də həmin əqdə əsaslanaraq cavabdehə qarşı qaldırılmış hazırki iddia da əsaslı deyidir. Əqd etibarsız hesab olunduqa əgər bu məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (qarşılıqlı restitusiya). Məhkəmə İddiaçı1 MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3455 saylı nisyə alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd olması əsası ilə etibarsız sayıldığı üçün Azərbaycan Respublikasının MPM-nin 337.5- ci maddəsində göstərildiyi kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Buna görə də məhkəmənin qənaətinə görə “Kia Rio” minik markalı 2012-ci il buraxılışlı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən "xxxx" MMCyə qaytarılmalı, sonuncu tərəfindən avtomobil üçün ödənilmiş ilkin ödəniş kimi 4800 manat, 15 ay müddətinə hər ay 650 manat olmaqla, cəmi 14550 manat məbləğində pul Cavabdeh qaytarılmaqla, tərəflər əvvəlki vəziyyətə qaytarılmalı, qətnamə avtomaşının qaytarılması ilə ödənişin qaytarılması eyni vaxtda icra edilməlidir. Məhkəmə həmçinin Cavabdeh “Kia Rio” minik markalı 2012-ci il buraxılışlı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almaqla onu "xxxx" MMC-yə qaytarılmalı vaxtadək istifadəsində olmasını nəzərə alaraq qeyd edir ki, bununla bağlı mötəbər sübutlar olduğu təqdirdə tərəflər bir-birinə qarşı maddi ziyanın vurulması ilə bağlı iddia qaldırmaq hüququna malikdirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı1 MMC və İddiaçı2 Cavabdeh qarşı tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3455 nömrəli müqavilənin ləğv edilməsi, müqavilənin predmeti olan avtomobilin geri qaytarılması, əks təqdirdə avtomobilin geri verilməməsi səbəbində dəymiş zərərin əvəzi kimi 13628 manat əsas borc pulun, 2379 manat məbləğində cərimə pulunun, 18300 manat məbləğində icarə haqqının və dövlət rüsumu qismində ödənilmiş 192,92 manat məbləğində pulun, cəmi 34499,92 manat pulun Cavabdeh İddiaçı1 MMC-nin xeyrinə tutulması tələbinə dair iddiası qismən əsaslı hesab edilərək qismən təmin edilməli, İddiaçı1 MMC ilə Cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3455 saylı alqı-satqı müqavilə etibarsız hesab edilməli, “Kia Rio” minik markalı 2012-ci il buraxılışlı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən "xxxx" MMC-yə qaytarılmalı, sonuncu tərəfindən avtomobil üçün ödənilmiş ilkin ödəniş kimi 4800 manat, 15 ay müddətinə hər ay 659 manat olmaqla, cəmi 14550 manat məbləğində pul vəsaiti isə İddiaçı1 MMC-dən alınaraq Cavabdeh qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia rədd edilsin. İddiaçı1 MMC və Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 3455 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. “Kia Rio” minik markalı 2012-ci il buraxılışlı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən "xxxx" MMC-yə qaytarılsın. "xxxx" MMC tərəfindən Cavabdeh tərəfindən həmin MMC-yə ödənilmiş 19300 (on doqquz min üç yüz manat) manat məbləğində pul vəsaiti Cavabdeh geri ödənilsin. Avtomaşının qaytarılması ilə ödənişin qaytarılması eyni vaxtda icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova