Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-130/2022 17.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı – ona dəyən maddi ziyan kimi ümumi 1002 manat pulun, mənəvi ziyana görə 1500 manat pul cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Bəkir Çobanzadə küçəsi 20/3 məhəllədə olan evini 1997-ci ildən özü tikmiş və hal-hazırkı vaxta qədər qeyd edilən ünvanda pasport qeydiyyatında olmaqla yaşayır və qanunla tənzimlənən bütün kommunal xərcləri müvafiq qaydada ödəyir. İddiaçı elektrik, su və qaz tələbatının təmini məqsədilə bütün kommunikasiya xətlərini özü öz şəxsi vəsaiti hesabına çəkmişdir. O cümlədən, qaz xəttini də 55-60 metr məsafədən 20-lik qaz turbası ilə iki qonşunun arasında olan hasara bərkitməklə çəkmişdir. İddiaçının qaz xətti hazır olandan sonra Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən evin daxilinə və mənbədən evə qədər olan məsafədəki xəttə baxış keçirilmişdir. Qaz xəttinin çəkilişi texniki normaların tələblərini təmin etdiyi təsdiqlənəndən sonra qaz sayğacı qoyulmuşdur. Halhazırkı vaxta qədər bəzi çatışmazlıqları (təzyiqin aşağı olması) nəzərə alınmasa problemləri olmamışdır. Ana qaz xəttinin bir qismi qonşuların həyətlərininin yaxınlığından keçdiyindən neqativ hallar aşkarlanmışdır. Bu problemin aradan qaldırılması və təzyiqin normaya salınması ilə bağlı iddiaçı qonşuların şikayətinə baxılacaq deyərək təzə 75-lik boru ilə qaz xətti çəkməyə başlamışdır. Sonradan məlum olmuşdur ki, bu qaz xəttini yaxınlıqda olan yeni tikilmiş “ALP” şadlıq sarayına çəkmişlər və heç kimi bu sözügedən xəttə qoşmamışlar. İddiaçı müvafiq yerlərə müraciət etsə də, nəticə olmamışdır. Son dövrlər Bakı şəhərində güclü küləklər olması səbəbi ilə qaz xəttinin hasarın üstündən keçən bir qonşu X2 xx.xx.2021-ci il tarixində mənbəyə yaxın olan bir yerdə qaz sızması olduğunu iddiaçıya bildirmişdir. Həqiqətən də güclü qaz sızması olduğunun iddiaçı şahidi olmuşdur. Qonşunun oğlu Məmmədov Zaman Cavabdeh “104 Operativ Xidməti” çağrı mərkəzinə zəng etmişdir. İddiaçı ondan xəbərsiz təkrar eyni yerdə olan qaz sızması üçün “104 Operativ Xidməti” çağrı mərkəzinə zəng etmişdir. Axşam saat 21:30 radələrində “104 Operativ Xidməti”-dən 2 nəfər nümayəndə gəlmişdir. Borunun muftadan sınan yerindən güclü qaz buraxmasının qarşısının alınması məqsədilə izolentlə bağlayaraq müvəqqəti qaz axmasının qarşısını almışlar. Demişlər ki, sabah qaynaq cihazı gətirərək problemin qarşısını alacaqlar. Səhəri yəni xx.xx.2021-ci il tarixində digər bir briqada gəlmiş və yenə də qaz sızması olduğunu görərək bu dəfə skoçla izolentin üstündən bağlamışlar. Ustalar “çeka” ilə gələrək problemi həll edəcəklər deyərək getmişlər. Problemin belə ötürə-ötürə həll edilməməsi, qonşunun evi üçün təhlükəni aradan qaldırmaqla bağlı tələbi iddiaçının güclü əsəbi sarsıntı keçirməyinə səbəb olmuşdur. İddiaçı təkrar “104 Operativ Xidməti” çağrı mərkəzinə zəng edib problemin həll edilmədiyini bildirmişdir. Çox zənglərdən, xahişdən sonra xx.xx.2021-ci il tarixində başqa bir briqada gəlmişdir. Bu vaxt iddiaçı evdə olmadığından, qonşunun müşayiəti ilə problemi aradan qaldırmaq üçün qonşunun həyətinə daxil olaraq məsuliyyətsiz, qeyri-peşəkarcasına hərəkət edərək qonşu Rəşid Məmmədovun həyətində 50 manatlıq moykanı sındırmışlar. Bundan əsəbləşən qonşudan üzürxahlıq əvəzinə mübahisə edərək qaz borusunun sızmaya qədər olan hissəsini çıxarıb yerə ataraq mənbədən qazı bağlayaraq çıxıb getmişlər. İddiaçının dəfələrlə müraciət etməsinə, “104 Operativ Xidməti” çağrı mərkəzinə zəng vurmağına baxmayaraq, “Azəriqaz" İB tərəfindən heç bir tədbir görülməmişdir. Digər tərəfdən qonşunun həyətində yaradılan bu problemdən əsbləşən qonşu həyətinə heç kimi buraxmayacağını və qaz xəttinin buradan çıxarılmasını tələb etmişdir. Bütün bu qalmaqalı yaradan “Azəriqaz" İB işçilərinin məsuliyyətsiz hərəkəti nəticəsində 21.05 tarixindən xx.xx.2021-ci il tarixinə kimi qazsız qalmışlar. Qeyd edilən bu müddət ərzində məcburiyyət qarşısında qalaraq qaz xəttini mövcud yerindən çıxararaq başqa, daha uzun yolla çəkmək məcburiyyətində qalmışdır. Belə ki, iddiaçı əlavə 48 metr (biri 8 metr olan 20-lik 6 ədəd) əlavə qaz borusu almışdır. Qaz borusu (şovsuz) 1 metrəsi 4 manatdan 192 manat, yol haqqı 35 manat, əlavə instaliyasiya materialları (yanmış məftil, dayaqlar, qaynaq üçün material, vintil) 275 manat, qaz xəttinin yenidən çəkilməsi üçün usta pulu 450 manat, qonşunun moykası 50 manat, cəmi 1002 manat iddiaçıya maddi ziyan vurulmuşdur. Baş verənlərin səbəbi Cavabdeh İB tərəfindən mövcud qanunvericiliyin təmin edilməsi, müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, sui-istifadə əməllərinin qarşısının alınması, fəaliyyətin təkmilləşdirilməsi üçün təhlillərin aparılması və vətəndaş məmnunluğunun təmin edilməsi kimi bir öhdəliyin yerinə yetirilməməsidir. Cavabdehin təqsiri üzündən iddiaçıya ümumilikdə 1002 manat maddi ziyan dəymişdir. Bütün bunları şəkillər, müvafiq xidmət və ödəniş sənədləri təsdiq edir. Cavabdeh İB təqsirli hərəkətləri nəticəsində 192 manatlıq yeni boru, 275 manatlıq instaliyasiya materialları, 35 manat materialların “Dərnəgül yolu” tikinti materialları ticarət mərkəzindən daşınma üçün yol xərci, 450 manatlıq usta pulu və moyka 50 manat dəyərində xərc çəkmək məcburiyyətində olmuşdur. Yeni trayektoriya ilə çəkilmiş xətt və əlavə olaraq istifadə olunan mal-material, usta zəhmət haqqısı sübut kimi təqdim oluna bilər. İddiaçıya dəyən maddi ziyanın ümumi dəyəri 1002 manat təşkil edir. Həmçinin, cavbdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının mənzilində körpə, azyaşlı uşaqlar və yaşlı ailə üzvləri həmin müddətdə normal qidalanma üçün yemək və digər xidmətlərdən istifadə edə bilməməsi, eyni zamanda 25 illik qonşuluq münasibətlərinin korlanmasına səbəb olması səbəbindən bütün ailə üzvləri o, cümlədən iddiaçı çox böyük əsəbi sarsıntı keçirmişdir. Digər tərəfdən evdə gündəlik isti su tələbatlarını təmin edə bilməməkləri onlara həm maddi, həm də mənəvi zərbə vurmuşdur. Bunlardan əlavə qaz xəttinin çəkilməsi üçün dəvət edilən ustalarla sövdələşmələri baş tutmamasına baxmayaraq və heç bir iş görmədiyi halda iddiaçıdan pul tələb etməsi əsəb sistemlərini pozmaqla bütün günü onları gərgin bir vəziyyətə salmışdır. Bütün bunları nəzərə alaraq iddiaçıya və ailəsinə dəyən tək maddi ziyan 1002 manat, mənəvi ziyan isə 1500 manat tələb olunur. İddiaçı Qarabağ müharibəsi veteranıdır. Obyektiv səbəblərdən 10 ilə yaxındır ki, əsəb sisteminin yerində olmaması səbəbi ilə müalicə alır. Müalicəsi tam bərpa edilməmiş belə bir problemin olması güclü stres almağına səbəb olmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi təyin edilmiş xx.xx.2022-ci il tarixli 10/6998 saylı rəydən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə 20/3 məhəllədə İddiaçı məxsus evin təbii qazla təmin olunması üçün tələb olunan vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 638 manat məbləğində müəyyən olunur. İş üzrə şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində göstərmişdir ki, o, su və qaz kəmərlərinin çəkilişi və bərpası, boruların təmiri ilə məşğul olur. İddiaçı ona müraciət edərək qaz xəttinin yenidən çəkilməsini və boruların yenilənməsini xahiş etmiş, o, digər iki nəfər işçi ilə birlikdə iddiaçının ünvanına çəkilən qaz xəttini yeniləmişlər. İddiaçı onlara zəhmət haqqı kimi 450 manat pul vermişdir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Bəkir Çobanzadə küçəsi 20/3 məhəllədə olan evində təbii-qazdan istifadə etməsi üçün qaz xətlərini iddiaçı öz şəxsi hesabına çəkmiş, sonradan qaz xəttində yaranmış qaz sızmasının qarşısının alınması üçün iddiaçı Cavabdeh İB-nə dəfələrlə müraciət etsə də, lakin cavabdeh bununla bağlı göstərilən ünvanda hər hansı təmir işi aparmamışdır. Daha sonra iddiaçı yaranmış nasazlığı aradan qaldırmaq üçün yenidən öz vəsaiti hesabına qonşusunun həyətindən keçən qaz xətlərinin yerini dəyişərək, yeni qaz xətti ilə əvəz etmişdir. Cavabdeh hazırkı mübahisə barədə məlumatlı olsa da, lakin iddiaçı tərəfindən göstərilən halların əksi cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının “Qazdan təchizatı haqqında” Qanunun 13.1ci maddəsinə əsasən, energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Həmin qanunun 1-ci maddəsinə əsasən, qaz paylayıcısı - alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandır (qurum). Göründüyü kimi, təbii qazdan istifadə edilməsi üçün qazpaylayıcı şəbəkəyə qoşulma qaz paylayıcısı tərəfindən təmin edilməlidir. Bildiyimiz kimi, ölkə ərazisində qaz paylayıcısı qismində Cavabdeh İB fəaliyyət göstərir. Məhkəmə hesab edir ki, iddiaçı mənzilinə gedən qaz xətlərini öz şəxsi vəsaiti hesabına yeniləməklə ona maddi ziyan dəymişdir. Odur ki, iddiaçı ona dəymiş maddi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin iddia tələbi göstərilən hissədə həcminə görə qismən əsaslıdır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, iddiaçının evində təbii qazla təmin olunması üçün tələb olunan vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 638 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbinin həcmi iddiaçının hər hansı digər mötəbər sübutu ilə təsdiq edilmədiyindən, məhkəmə verilmiş ekspert rəyi ilə razılaşır. Odur ki, iddia tələbi qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehdən vurulmuş maddi ziyana görə 638 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. İddianın mənəvi ziyanın ödənilməsinə dair hissəsini araşdıraraq, məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçı iddia ərizəsində ona mənəvi zərərin vurulduğunu göstərsə də, zərərin nədən ibarət olması və bu zərərin nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə göstərilən zərərin ona vurulmasını məhkəmənin iclasında işin hər hansı halı ilə sübuta yetirə bilməmişdir. Buna görə də iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 45,02 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehndən 638 (altı yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 45,02 (qırx beş manat iki qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-130/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-130/2022
17.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver