Məhkəmə qərarları › İş №2(011)-1307/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1307/2022

01.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1307/2022 01.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X8 İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3, Cavabdeh nümayəndəsi Vəkil2 Anar oğlunun iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.07.2020-14.12.2021 tarixləri aralığında avtomobilin təmirinə ödənilmiş 16900 (on altı min doqquz yüz) AZN pul vəsaiti maddi ziyan və 2500 (iki min beş yüz) əldən çıxan fayda AZN məbləğində pul vəsaiti, cəmi 19400 AZN məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçı-İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 01.04.2022-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 02.07.2020-14.12.2021 tarixləri aralığında avtomobilin təmirinə ödənilmiş 9290 AZN pul vəsaiti maddi ziyan və 2500 manat əldən çıxan fayda AZN məbləğində pul vəsaiti, cəmi 11790 AZN məbləğində pul vəsaitinin Cavabdeh MMCdən tutularaq iddiaçı-İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili A.V.Hadıyev iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh ’’Foursea Motors” MMC ilə 01 iyul 2020-ci il tarixdə “Avtomobil alışı üzrə məsləhət xidmətlərinin göstərilməsi haqqında” № FM-20/028 olan müqavilə bağlanılmışdır, müqavilənin də adından görünür ki, tərəflər Cavabdeh MMC-də çalışan mütəxəssislərin məsləhətindən yararlanaraq avtomobil almaq üçün rəsmi razılaşmaya gəlmişdirlər, lakin cavabdeh öz fəaliyyətində qeyri-qanuniliyə və qeyriobyektivliyə, hətta kobud surətdə qanun pozuntularına yol vermişdir, o, iddiaçını aldadaraq, gizli qüsurlu olan avtomobili iddiaçıya almaq məsləhət vermişlər, müqavilədə nəzərdə tutulan öhdəliyi deyil, əksinə, yararsız avtomobili ona 12114.30 ABŞ dolları məbləğində almaq məsləhət veriblər, iddiaçı işlək vəziyyətdə olan, heç bir texniki nasazlığı olmayan avtomobillərin alınmasına məsləhət verilməsini xahiş etmişdir, bununla bağlı rəsmi danışıqlar olub və şirkətin keçmiş direktoru Səməd bəy telefon nömrəsi ilə 050 *** ** ** ilə WhatsApp proqram vasitəsi ilə səs yazısı mövcuddur hansı ki, iddiaçı bildirir ki, avtomobilin əsas mühərriki ilə bağlı heç bir problem olmasın, şirkətin rəhbəri mühərriki ilə bağlı heç bir məlumat verməyib, öhdəliyi götürən şirkət özü iddiaçını aldadıb, yararsız avtomobil satıb, halbuki şirkət məhsul satmaq üçün deyil, mütəxəssis məsləhəti vermək üçün iddiaçı ilə müqavilə bağlayıb, sonra isə iddiaçını aldadaraq iddiaçıya külli miqdarda maddi ziyan vurub, müqavilədə nəzərdə tutulan öhdəliyi deyil, əksinə, yararsız avtomobili iddiaçını sözün əsl mənasında aldadaraq 12.114. ABŞ dolları məbləğində satıb "Ekspress Bank" vasitəsi ilə avtomobilin alınması üçün 01 iyul 2020-ci il tarixində xarici ölkəyə Gürcüstan Respublikasının bankına göndərdilər, iddiaçıdan 35.15 komissiya haqqı alınır, müqavilə bağlandıqdan sonra nağd şəkildə 1500 AZN iddiaçıdan pul alınır ki, onlar iddiaçıya xidmət göstərəcək, avtomobilin yararlı olub-olmaması ilə bağlı rəylərini bildirəcəklər, lakin müqavilədə nəzərdə tutulan öhdəliklərini layiqincə yerinə yetirməmişlər, iddiaçı vicdanlı alıcı kimi pul ödəyib, mütəxəssislər kimi onlara inanıb müqavilə bağlamışdır ki, bilmədiklərini onlar mütəxəssis kimi daha yaxşı bilirlər, avtomobil sentyabr ayında gəmişdir, onu iddiaçı seçmişdir, ona məhz bu maşını seçməsi deyilmişdir, orada bütün maşınlar həmin qiymətə gəlir, cavabdehin rəhbəri iddiaçıya video ilə göstərmişdir ki, maşın yaxşı vəziyyətdədir, avtomobil ölkəyə çatdıqdan sonra onu işə sala bilməyib, avtomobilin bu qüsurunu aşkar etdikdən sonra, avtomaşını qaytarılması ilə bağlı cavabdehə müraciət olunub, lakin cavabdeh bildirib ki, avtomobili “Akay Avto” salona təmir üçün aparsın, təmirin pulunu özü ödəyəcək, bu səbəbdən avtomobili evakuatora yükləmiş və cavabdehin dediyi təmir servisinə aparmışdır, lakin avtomobil təmir olunandan sonra cavabdeh heç bir ödəniş etməyiblər, müqavilənin 3.2.4-cü bəndində icraçının işinin vicdanla yerinə yetirilməsi barədə öhdəlik götürülüb, müqavilə şərtinə əməl etmədiyinə görə, iddiaçıya maddi ziyan dəymişdir, BMW F30 markalı avtomobil təmirinə 17.09.2020-ci il tarixdə Akay Auto servisinin aktına əsasən avtomobilin hissələrinin dəyişdirilməsi və işlərin görülməsi üçün İddiaçı pul xərcləyib, bundan əlavə 2500 AZN əlavə olaraq avtomobil “Akay Auto” salonda təmirdə olarkən xərclənib, artıq qeyd olunan hadisə ilə bağlı bir ildən çox müddət keçmişdir və həmin məsələ ilə bağlı heç bir maddi ödəniş olunmamışdır, maşını tərəf təhvil almadan birbaşa servisə aparmışdır, heç bir gün belə idarə etməmişdir, yerli bazarda maşın iyirmi beş min dollardır, iddiaçıya isə iyirmi üç minə başa gəlmişdir, həmçinin 16900 AZN məbləğində vəsaitdən vicdanlı alıcı İddiaçı 2500 AZN manat gəlir əldə etmiş olardı, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı əldə edəcəyi gəlirdən də (əldən çıxmış fayda) məhrum olmuşdur, hazırda iclasda qeyd edilənlər iddiaçı, şirkətə yaxınlaşarkən deyilməmişdir, Sonda A.V.Hadıyev iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkilinin izahatına uyğun izahat verərək, sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdeh müəssisə yalnız məsləhət xidməti ilə məşğul olur, bununla bağlı müqavilə şərtlərində də qeyd olunub, tərəf özü birbaşa maşını görmüş və seçmişdir, cavabdeh sadəcə təşkilatçılıq və məsləhət xidməti göstərmişdir, iddiaçı hal hazırda hətta vurulmuş vəziyyətdə olan maşının təmirinin də xərcinin cavabdeh tərəfindən ödənilməsini tələb edir, bu tamamilə əsassızdır, müqavilənin 1.4-cü maddəsi ilə bağlı tələb yoxdur, müqavilə üzrə tələblər cavabdeh tərəfindən yerinə yetirilmişdir, müqavilənin 6.1-ci maddəsinə əsasən yolda, yəni avtomobil ölkəyə gətirilənədək ona nəsə olarsa, cavabdeh məsuliyyət daşıyır, müqavilədə avtomobilin keyfiyyəti ilə bağlı hər hansı bir şərt yoxdur, cavabdeh yalnız məsləhət məsələsini həll edir, bunu da etmişdir, auksionda olan məlumatlar tərəfə bildirilir, avtomobilin keyfiyyətinə cavabdeh şirkət qarantiya vermir, bu müqavilədə də yoxdur. Sonda Vəkil2 qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. 01.04.2022-ci il tarixli məhkəmə iclasında 31.10.1992-ci il təvəllüdlü X2 şahid qismində ifadə verərək bildirmişdir ki, iddiaçının qardaşıdır, bu məsələ ərəfəsində hər yerdə bir olmuşlar, müəssisənin Vüqar adlı işçisi onlara məlumat vermişdir ki, maşının yalnız radiatoru dəyişə bilər, maşən gömrükdən keçmiş, servisdə demişlər ki, motor pis gündədir, onlar video vasitəsilə iddiaçını aldatmışlar ki maşın yaxşıdır, buferdə xırda əziklər olmuşdur ki bu da normaldır, onlara qüsurları sayanda demişdir ki əsas motor yaxşı olsun, motorun işləmədiyini Səməd onlara deməmişdir, sifariş ərizəsini özü yazmamışdır, onlara 4-5 maşın təklif olunmuş, özləri BMW F30 markalı maşını seçmişdirlər, auksionda özləri iştirak etmişdirlər, 01.04.2022-ci il tarixli məhkəmə iclasında 17.03.1994-cü il təvəllüdlü X4 şahid qismində ifadə verərək bildirmişdir ki, cavabdeh şirkətdə direktor olmuşdur, həmin ərəfə işdən çıxmışdır, proses belə olmuşdur ki, iddiaçı cavabdeh şirkətə yaxınlaşmış, BMW F30 markalı avtomobil istədiyini bildirmişdir, sonda onu seçmişdirlər iddiaçı maşını bəyənmişdir, sifariş belə olmuşdur ki, 2015-2016-cı ilin maşını olsun, sürüşü az olsun, iddiaçıya bir neçə maşın seçimi göstərilmiş, şəkilləri göndərilmişdir, iddiaçı özü də maşını bəyənmişdir, maşının problemi şəkildə görünəndir, vuruq maşındır, vuruq maşına da qarantiya vermir. 01.04.2022-ci il tarixli məhkəmə iclasında 11.12.1996-cı il təvəllüdlü X5 şahid qismində ifadə verərək bildirmişdir ki, cavabdeh şirkətin təsisçisinin qardaşı oğludur, həmin ərəfədə direktor özü olmuşdur, danışığı özü aparmışdır, lakin alışda şəxsən özü iştirak etməmişdir, iddiaçıya bir çox avtomobil təklif edilmişdir, avtomobili iddiaçı şəxsən özü istəmiş, seçmiş və oynanılmışdır, maşın barədə məlumat verilmişdir, auksionda nə poblemi varsa deyilmişdir, məsuliyyət auksionundur, avtomobilə qarantiya verilmir, əgər zərər yolda daşınarkən olarsa, məsuliyyət cavabdehindir, cavabdeh şirkət avtomobilin yalnız daşınmasına garantiya verilir, maşın standarta uyğun olmasa gömrükdən keçməzdi. İş materiallarında olan 11.09.2020-ci il tarixdə verilmiş AD 877279 nömrəli X1 şəhadətnaməsinin surətindən görünür ki, BMW 3281 minik markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. İş materiallarında olan Cavabdeh MMC-nin direktor şəxsində X5 və İddiaçı arasında bağlanmış Avtomobilin alışı üzrə məsləhət xidmətlərinin göstərilməsi haqqında 20/028 nömrəli 01.07.2020-ci il tarixli Müqavilənin surətindən görünür ki, xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir, göstəriləcək xidmətin sifarişi sifarişçi tərəfindən verilir. Sifarişçi müqavilə qüvvəyə mindikdən sonra sifarişdən imtina edərsə 3,450.00 (üç min dörd yüz əlli manat) AZN cərimə ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 3.1.3- 3.1.4-cü bəndlərinə əsasən, sifarişçi göstərilmiş xidmətin dəyərini ödəmək, xidmətin göstərilməsi ilə bağlı çəkilən zəruri xərclərin əvəzini icraçıya ödəmək, 3.2.1 -3.2.4-cü bəndlərinə əsasən, icraçı müqavilədə nəzərdə tutulan qaydada sifarişçinin müəyyən etdiyi avtomobil alışı üzrə məsləhət xidmətləri həyata keçirmək, xidməti göstərdiyi yeri mühafizə etmək, xidmətin göstərilməsi ilə əlaqədar sifarişçiyə məlumat vermək, xidməti vicdanla yerinə yetirib sifarişçiyə təhvil vermək öhdəliklərini götürmüşdür, müqavilənin 6.4-cü bəndinə əsasən sifarişçi avtomobili özü seçir və avtomobilin dəyərini, zahiri görünüşünü, texniki xüsusiyyətləri və digər parametrlərinin əmlak sahibi ilə alqı-satqı anındakı vəziyyətini qəbul edir, İş materiallarında olan ‘’Akay Auto’’ tərəfindən verilmiş ilkin baxış sənədinin surətindən görünür ki, BMW F30 markalı **-OB-*** dövlət qeydiyyat nişanlı, istehsal ili 2016 olan avtomobil 18.09.2020-ci il tarixində təmirə başlanılmışdır. Avtomobilə olan ilkin baxış zamanı hissələr və görüləcək işlər nəzərə alınmaqla 12.900 AZN məbləğində təmir xərcinin olduğu qeyd olunmuşdur. İş materiallarında olan ‘’Akay Auto’’ tərəfindən verilmiş ilkin baxış sənədinin surətindən görünür ki, BMW F30 markalı **-OB-*** dövlət qeydiyyat nişanlı, istehsal ili 2016 olan avtomobil 18.09.2020-ci il tarixində təmirə başlanılmışdır. Avtomobilə olan ilkin baxış zamanı 9290 AZN məbləğində təmir xərcinin olduğu qeyd olunmuşdur. İş materiallarında olan 01.07.2020 tarixli 01 nömrəli ‘’Expressbank’’ ödəniş tapşırığından görünür ki, 12078.00 dollar İddiaçı tərəfindən “Lion Motors” Group LLC-yə göndərilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında “Avtomobil alışı üzrə məsləhət xidmətlərinin göstərilməsi haqqında” 01.07.2020ci il tarixdə müqavilə imzalanmışdır, müqaviləyə əsasən tərəflər razılaşmışlar ki, sifarişçi (hazırki iş üzrə iddiaçı) avtomobili özünün seçməsi və avtomobilin dəyərini, zahiri görünüşünü, texniki xüsusiyyətləri və digər parametrlərinin əmlak sahibi ilə alqı-satqı anındakı vəziyyətini qəbul edir, cavabdeh sifarişçinin müəyyən etdiyi avtomobil alışı üzrə məsləhət xidmətləri həyata keçirmək, xidməti göstərdiyi yeri mühafizə etmək, xidmətin göstərilməsi ilə əlaqədar sifarişçiyə məlumat vermək, xidməti vicdanla yerinə yetirib sifarişçiyə təhvil vermək öhdəliklərini öz üzərinə götürür, cavabdeh müqavilə üzrə xidmət göstərmişdir, avtomobil iddiaçı tərəfindən seçilmiş, ölkə ərazisində iddiaçı tərəfindən gömrük məntəqəsində təhvil alınmış və evakuator xidməti vasitəsilə avtomobil servisinə aparılmışdır, hazırda iddiaçıya məxsus BMW F30 markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərci 9290 manatdır, iddia tələbi həmin avtomobilin təmir xərcinin, habelə əldən çıxmış faydanın cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədədir. Bununla belə müqavilə üzrə cavabdehin 9290 manat pulun geri qaytarılması öhdəliklərinə, həmçinin avtomobilə dəymiş zərərə görə cavabdehin mülki-hüquqi məsuliyyətinə əsasə verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddiaçının “bilavasitə xidmət müqaviləsi şərtlərinin (yanlış məsləhət və s.) pozulması nəticəsində ona maddi ziyan dəyməsi” barədə dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla, tərəflər arasında bağlanmış yazılı müqaviləyə əsasən, tərəflər iddiaçının, öz seçdiyi avtomobilin dəyərini, zahiri görünüşünü, texniki xüsusiyyətləri və digər parametrlərinin əmlak sahibi ilə alqı-satqı anındakı vəziyyətini qəbul etməsi (6.4-cü bəndi) və cavabdehin iddiaçının özünün seçdiyi avtomobil alışı üzrə məsləhət xidmətləri həyata keçirməyi, xidməti vicdanla yerinə yetirib sifarişçiyə təhvil vermək öhdəliklərini öz üzərinə götürməsi barədə razılığa gəlmişdirlər (3.2-ci bəndi) ki, bu da iddiaçı tərəfindən seçilmiş BMW F30 markalı avtomobilin təmirinə çəkilmiş xərcin cavabdeh tərəfindən ödənilməsi öhdəliyini özündə ehtiva etmir. İkincisi, cavabdehin xidməti müqavilə üzrə vurulmuş zərər üçün məsuliyyət halları, sübutetmə yükü ilə bağlıdır və iddiaçı (zərərçəkən) bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin onun tərəfindən iş materiallarına buna dair sübutlar əlavə edilməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının, dəymiş zərərin yazılı müqavilə şərtlərindən irəli gələn öhdəliklərlə bilavasitə səbəbli əlaqəsinə dair dəlilləri əsaslı deyil və məhkəmə tərəfindən nəzərə alına bilməz. Məhkəmə, iddiaçının “16900 AZN məbləğində vəsaitdən 2500 AZN manat gəlir əldə etmiş olardı” barədə dəlillərinə münasibətdə isə qeyd edir ki, bu dəlillər konkret fakta əsaslanmamaqla formal mülahizələrindən ibarətdir ki, bu da iddia tələbinin həmin hissədə təmin olunması üçün nəzərə alına bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsassızdır və təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 441.3-cü maddəsinə əsasən, əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 1132-ci maddəsinə əsasən, malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “Cavabdeh” MMC-dən 11790 manat məbləğində təmir xərcinin tutularaq İddiaçı ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə dövlət rüsumuna münasibətdə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ‘02.07.2020-14.12.2021 tarixləri aralığında avtomobilin təmirinə ödənilmiş 9290 AZN pul vəsaiti maddi ziyan və 2500 manat əldən çıxan fayda AZN məbləğində pul vəsaiti, cəmi 11790 AZN məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar