Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1313/2023 28.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı cavabdeh İbrahimova (Səlimova) Aysel Mehman qızına qarşı “alimentin təyin edilməsi və uşaqların valideyn razılığı olmadan ölkədən çıxarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X13, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 hər ay qanunda müəyyən olunmuş miqdarda alimentin tutulması barədə qətnamə qəbul edilməsi, uşaqların ölkə hüdudlarından kənara çıxarılmaları haqqında icazəni qanun dairəsində verilməsini təmin edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər arasındakı nikah pozulmuşdur, xx.xx.2007-ci il təvəllüdlü X13, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2011ci il təvəllüdlü X10 adlı üç yetkinlik yaşına çatmayan uşaqları var, uşaqlar qanuni yolla Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-3236/2021 nömrəli qətnaməsi ilə atanın himayəsinə verilmişdirlər, cavabdeh uşaqlar üçün heç bir maddi və mənəvi yardım göstərmir, halbuki bu bir valideyn kimi onun borcudur, ata, yəni iddiaçı MMC direktoru olsa da, onun borcları vardır, bu borcları ödəyə bilmir, hazırda maddi vəziyyəti yaxşı deyildir, uşaqların saxlanması üçün onların hər biri üçün 220 manat aliment tutulub iddiaçıya verilməsini xahiş edir, cavabdehin harada işlədiyi barədə məlumatı yoxdur, onun təklif etdiyi 150 manat alimentlə isə razı deyildir, həmçinin uşaqların ananın razılığı olmadan ölkədən getməsinə icazə verilməsi, təhsil, dünyagörüşü və s. ilə bağlı olaraq xarici ölkələri görmələri uşaqların mənafelərinə uyğundur. Məhkəmə iclasında Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iddia tələbini qismən qəbul edir, iddiaçı ilə olan nikahı pozulmuşdur, birgə nikahdan iki oğlan, bir qız - üç uşaqları var, hər uşaq üçün 50 manat, ümumilikdə 150 manat aliment ödəməyə razıdır, daha artıq ödəməyə imkanı çatmır, uşaqların atası ilə ölkə sərhədlərindən kənara getməsinə etiraz etmir, uşaqlarla ünsiyyət barədə hər hansı bir qətnamə çıxarılmayıb, hazırda özü rəsmi olaraq işləmir, gəliri yoxdur, dırnaq düzəltmək işini bacarır, arada iş olduqda işləyir, 10-15 manat pul qazanır, sabit bir gəliri yoxdur, uşaqlarının onun yanında qalmasını istəyir, onları görmür, səslərini eşitmir, uşaqlar əvvəl onun himayəsində saxlanmış, bu zaman uşaqlar öz yanında olsa da məhkəmədə aliment tələb etməmişdir, lakin buna şəraiti yoxdur, qardaşı və anası iki otaqlı yataqxanada qalır, qardaşı ailəlidir, onun da uşaqları var, orada yaşamaq çətindir, bu səbəbdən özü kirayədə qalır, uşaqların atasının yaxşı imkanı və qazancı var, o, şirkət direktorudur, tikinti ilə məşğuldur, şəhərdə, həmçinin Şamaxıda bağ evləri var, o uşaqların xərclərini qarşılaya bilir. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi və vəkili Vəkil elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 2503/2015 saylı Qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X13, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X4 anaları Cavabdeh himayəsində saxlanması qət edilmişdir. İş materiallarında olan AZ-T seriyalı 192212 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan AZ-T seriyalı 212576 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan AZ-T seriyalı 212577 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)- 3236/2021 nömrəli qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X13, xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X4 ataları İddiaçı himayəsində saxlanması qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞB/11-01260 saylı “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayışdan görünür ki, X6 və İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, mediasiya prosesini davam etdirməyə razılıq verməmişdirlər və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçının nümayəndəsi X3 tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, Cavabdeh əmək müqaviləsi yoxdur, onun adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, İddiaçı "xxxx" MMC-də və “X7“ MMC-də “direktor” işləyir əmək haqqı müvafiq olaraq 650 manat və 560 manatdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı nikah pozulmuşdur, onların birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X13, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X10 adlı üç yetkinlik yaşına çatmayan uşaqları var, Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-3236/2021 nömrəli qətnaməsi ilə uşaqlar iddiaçının himayəsində saxlanmışdırlar, hazırda da onun himayəsindədirlər, cavabdeh uşaqların saxlanması xərclərində iştirak etmir, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur, cavabdeh işləmir, adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır, hazırki iddia tələbi alimentin təyin edilməsi və uşaqların ananın razılığı olmadan ölkədən kənara çıxarılması barədədir, uşaqların ölkə hüdudlarından çıxarılması onların müalicə və müayinəsi, dünyagörüşü, o cümlədən istirahəti ilə sıx bağlı olmaqla onların mənafeyinə uyğundur, cavabdeh iddia tələbini qismən edir, aliment hissədə hər uşaq üçün 50 manat olmaqla cəmi 150 manat aliment ödəməyə və uşaqların ataları ilə ölkə sərhədindən kənara getməsinə etiraz etmir, məhkəmə qətnaməsi ilə cavabdeh və uşaqlar arasında ünsiyyət qaydası müəyyən edilməmişdir. Bununla belə, uşaqların saxlanılmasına görə cavabdehdən aliment tutulmasını və uşaqların ataları ilə birlikdə müvəqqəti hallar üçün ölkə sərhədindən çıxışını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinin aliment miqdarının müəyyən edilməsi hissəsinə münasibətdə hesab edir ki, bu zaman tərəflərin maddi və ailə vəziyyəti, uşaqların mənafeyinin müdafiəsi zəruriliyi, onların yaşları, cavabdehin rəsmi iş yerinin olmaması, onun əmlak vəziyyəti (adına daşınar və daşınmaz əmlak olmaması), cavabdehin aliment ödəmək barədə razılığı, iddianı həmin hissədə qismən (hər uşaq üçün 50 manat olmaqla, cəmi 150 manat) qəbul etməsi, iddiaçının alimentin sabit pul məbləğində tutulması barədə xahişi nəzərə alınmalı və aliment sabit pul məbləğində, miqdarı isə hər ay hər uşaq üçün 60 manat olmaqla, cəmi 180 manat həddində müəyyən edilməlidir. Alimentin sabit pul məbləğində təyin olunmasını istisna edən, həmçinin aliment məbləğinin daha çox miqdarda müəyyən edilməsini mümkün edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Alimentin tutulması vaxtına münasibətdə məhkəmə hesab edir ki, iddiaçı aliment tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyindən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, alimentin tutulma müddəti də iddia ərizəsinin məhkəməyə verildiyi həmin tarixdən başlanmalıdır. Məhkəmə, iddia tələbinin “uşaqların ölkə hüdudlarından kənara çıxarılmaları” hissəsinə münasibətdə isə qeyd edir ki, uşaqların himayəsinə verildiyi iddiaçı valideyn, yəni İddiaçı, uşaqların ölkədən kənara getmələrinin onların mənafelərinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır, belə ki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur və uşaqların valideyni ilə birlikdə müxtəlif məqsədlər üçün ölkə ərazisindən kənara getməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüquqununun həyata keçirilməsidir. Belə olan halda məhkəmə hesab edir ki, uşaqların ataları ilə birlikdə müvəqqəti hallar üçün ölkə sərhədindən çıxışını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından və cavabdeh iddia tələbini bu hissədə qəbul etdiyindən, təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) və məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.1 və 9.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Həmin Məcəllənin 9.3-cü maddəsində isə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas ola bilən hallar göstərilmişdir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərarı ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 7.14-cü bəndinə əsasən, analoji işlərə baxılarkən mübahisənin keçmiş ərarvad arasında barışmaz şəxsi münasibətlərdən irəli gələrək bir-birinə qarşı təsir vasitəsi kimi istifadə olunmasının qarşısı alınmalıdır. Bunun üçün hər bir tərəfin uşağın mənafeyindən çıxış etməsi ilə bağlı diqqətəlayiq hallar aydınlaşdırılmalıdır. Uşağın ölkə hüdudlarından kənara getməsi hüququndan istifadə etməsinə razılıq verməyən valideynin uşaqla ailə əlaqələrinə xüsusi diqqət yetirilməlidir. Bununla yanaşı qeyd olunmalıdır ki, tərəflərin nikaha daxil olmamaları və ya aralarındakı nikahın pozulmaması səbəbindən uşağın hansı valideynin yanında saxlanması ilə bağlı məhkəmə qərarının olmaması bu cür iddiaların rədd edilməsi üçün müstəqil əsas ola bilməz. Həmin Qərarın 7.18-ci bəndinə əsasən, bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüquqununun (maddə 28, İİİ hissə) həyata keçirilməsidir. Bu hüquq uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Ona görə də, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 10-cu maddəsinin 2-ci hissəsinə görə, valideynləri müxtəlif dövlətlərdə yaşayan uşağın, xüsusi hallar istisna olmaqla, hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququ vardır. Bu məqsədlə və iştirakçı dövlətlərin 9-cu maddənin 2-ci bəndi üzrə öhdəliyinə uyğun olaraq iştirakçı dövlətlər uşağın və onun valideynlərinin istənilən ölkəni, o cümlədən öz ölkəsini tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna hörmət bəsləyirlər. İstənilən ölkəni tərk etmək hüququ barəsində yalnız elə məhdudiyyətlər qüvvədədir ki, onlar qanunla müəyyən edilmişdir və dövlət təhlükəsizliyinin, ictimai qaydanın (ordre public), əhalinin sağlamlığının və ya mənəviyyatının və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün zəruridir və bu Konvensiyada tanınan başqa hüquqlarla bir araya sığır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla, cavabdehdən hər ay hər uşaq üçün 60 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməli, uşaqların yetkinlik yaşına çatanadək anaları - cavabdeh Səlimova (İbrahimova) Aysel Mehman qızının razılığı olmadan ataları ilə birlikdə, müvəqqəti hallar üçün, Azərbaycan Respublikasından kənara getməsinə icazə verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə hesab edir ki, iddiaçı aliment alınması barədə hazırki iddia üzrə dövlət rüsumu ödəməkdən azad olunduğundan, cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbləri, qiymətləndirilməyən iddia üzrə və bir il ərzində ödəniləcək alimentin məbləği (180x12=2160 manat) nəzərə alınmaqla, cavabdehdən dövlət mədaxilinə 50 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2011ci il təvəllüdlü X1 üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 60 manat olmaqla, cəmi 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək, anaları Cavabdeh razılığı olmadan, ataları İddiaçı ilə birlikdə, müvəqqəti hallar üçün, sərbəst şəkildə Azərbaycan Respublikasının ərazisindən kənara çıxmalarına icazə verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment hissədə dərhal icra olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1313/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1313/2023
28.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Valideynin, yaxud övladlığa götürən şəxsin, yaxud himayəçinin və ya qəyyumun razılığı olmadan uşağın ölkədən çıxmasına icazənin verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver