Məhkəmə qərarları › İş №2(011)-133/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-133/2021

31.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-133/2021 31.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçının İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı – Cavabdehə borc kimi verilmiş 50000 (əlli min) manat məbləğində pulun, 7500 (yeddi min beş yüz) manat faizin, məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödədiyi 30 manatın, ümumilikdə 57530 (əlli yeddi min beş yüz otuz) manat məbləğində pulun Cavabdeh tulularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum X3 ilə Cavabdeh arasında xx xxxxxx 2016-cı il tarixli Kredit Müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən mərhum əri cavabdehə 50000 (əlli min) manat məbləğində pul borc vermiş, cavabdeh isə həmin borc pulu xx.xx.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh üzərinə götürdüyü həmin öhdəliyi yerinə yetirməyərək, həmin məbləği qaytarmamışdır. X3 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. xx xxxxxxxx 2019-cu il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnaməyə əsasən iddiaçı ərinin vərəsəsidir. Tərəfindən xx xxxxxx 2020-ci il tarixli Bildirişlə cavabdehə müraciət edilərək, mərhum əri tərəfindən Cavabdeh borc kimi verilmiş 50000 (əlli min) manat məbləğində pulun bütünlüklə 05 (beş) gün ərzində iddiaçıya ödənilməsi təklif edilmiş, əks halda, mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı bildirilmişdir. Cavabdeh tərəfindən müraciətinə hər hansı bir cavab verilməmişdir. Odur ki, hazırki iddia tələbi məhkəməyə müraciət edərək, hesab edir ki, mərhum əri tərəfindən cavabdehə borc kimi verilmiş 50000 (əlli min) manat məbləğində pulun cavabdeh tərəfindən ona qaytarılmasına dair qətnamə qəbul edilməlidir. Həmçinin hesab edir ki, cavabdehin öhdəliyi müqavilədə göstərilən qaydada və müddətdə icra etməməsi ilə bağlı ona vurduğu digər zərərləri ödəmək vəzifəsi də əmələ gəlmişdir. Artıq cavabdeh R.A. Ağcayev pulu 2 (iki) ildən artıqdır ki, qanunsuz olaraq özündə saxlayır. 50000 (əlli min) manatın 2 il üçün faiz dərəcəsi 7500 manat (50000 x 7,5% x 2 = 3750 X 2 = 7500) edir. Həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddianı qismən qəbul edir, X10 Ağcayev arasında imzalanmış xx.xx.2018-ci il tarixli üzləşmə sənədinə əsasən Cavabdeh Yasir Əliyevə 7800 manat borcu qalmış, Yasir Əliyevin vəfatından sonra o, mərhumun oğlu X6 300 manat, 400 manat, 300 manat nağd şəkildə, 250 manatlıq isə dondurulmuş düşbərə şəklində vermişdir. X13 borcu 6550 manat təşkil edir və bu borcu hissə-hissə ödəməyə razıdır. İddianı qalan hissədə qəbul etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı X8 ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə Bakı şəhər 51 saylı Notariat kontorunda notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X8 Cavabdeh 50000 (əlli min) manat məbləğində borc pul vermiş, cavabdeh isə krediti xx.xx.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirdilər. Ölüm haqqında AZ-İ seriyalı 991240 nömrəli Şəhadətnaməyə əsasən X8 xx.xx.2018ci il tarixdə ölmüşdür. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli şəhadətnaməyə əsasən xx.xx.2018-ci il tarixdə ölmüş X4 vərəsəsi İddiaçıdır və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. X8 ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli Üzləşmə sənədinə əsasən Cavabdeh 50000 manat borcdan 7800 manat borcu qaldığı qeyd edilərək imzalanmışdır. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/88 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, 2(011)-133/2021 saylı mülki işin materiallarında X4 və Cavabdeh adlarından olan olan xx xxxxxxx 2018-ci il tarixli üzləşmə sənədinin aşağı hissəsində “Yasir Əliyev” yazılarının qarşısındakı imza X8 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 140 manat təşkil edir. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, aralarında bağlanmış kredit müqaviləsi üzrə X1 Rasim Abdulla oğluna 50000 (əlli min) manat məbləğində borc pul vermiş, sonuncu həmin borcu xx.xx.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürsə də, bu öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh tərəf xx xxxxxxx 2018ci il tarixli üzləşmə sənədi təqdim edərək, onun həmin kredit müqaviləsi üzrə 7500 manat borcunun qaldığını bildirsə də, bu hal iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə təkzib edilmişdir. Belə ki, ekspert rəyinə əsasən xx xxxxxxx 2018-ci il tarixli üzləşmə sənədinin X8 tərəfindən imzalanmadığı müəyyən edilmişdir. Məhkəmə ilk növbədə, İddiaçı X4 verdiyi borcu tələb etməsi hüququnu araşdıraraq qeyd edir ki, İddiaçı mərhum X3nun qanun üzrə vərəsəsi hesab edilərək, ondan miras əmlakı qəbul etmiş, bununla da miras qoyan X3nun əmlakı hesab edilən və borc (kredit) kimi verilmiş pulu tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqısatqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, X5 müqavilə əsasında kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Buna görə də iddia təmin edilərək, kredit borcu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının, 7500 (yeddi min beş yüz) manat faizin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə tələbini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2009-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Görünüdüyü kimi, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən 7500 manat faizi cavabdehdən tələb etdiyi halda, cavabdehin kredit borcu üzrə pul vəsaitindən istifadəyə görə gəlir, artım, bəhər, törəmə əldə etməsi halını sübut etməli idi. Lakin iddiaçı tərəfindən qeyd edilən halları sübut edən hər hansı dəlil məhkəməyə təqdim edilmədiyindən iddia qeyd edilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Bununla yanaşı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri də cavabdehdən dövlət büdcəsinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, ekspert tədqiqatının dəyəri də cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 50.000 (əlli min) manat və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində , cəmi 50.030 (əlli min otuz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərci cavabdehə aid edilsin. Cavabdeh aparılmış ekspertiza tədqiqatına görə 140 (bir yüz qırx) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN 170032662, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar