Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1341/2024 25.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı, cavabdeh Pasha Musayevin iştirakı ilə, İddiaçı cavabdeh Pasha Musayeva qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdeh Pasha Musayevaya qarşı cavabdehdən maddi zərərin əvəzi olaraq 1175 manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: ** UK *** dövlət qeydiyyat nişanlı VAZ 21703 minik markalı nəqliyyat vasitəsi iddiaçıya məxsusdur. 06 sentyabr 2023-cü il tarixində saat 19:00 radələrində Bakı şəhəri, Mirəsədulla Mirqasımov küçəsi ilə yuxarıda qeyd oluna avtomobili idarə edərkən yolnəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Mirəli Qaşqay küçəsi ilə hərəkətdə olan və Paşa Musayevin idarə etdiyi PL200AT dövlət qeydiyyat nişanlı Mercesedes Benz C220 CDİ markalı nəqliyyat vasitəsi yol nişanlarının tələblərinə riayət etməyərək iddiaçının idarə etdiyi nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Paşa Musayev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bununla bağlı TP ******* nömrəli 08 sentyabr 2023-cü il tarixli qərar qanuni qüvvəyə minmişdir. PL200AT dövlət qeydiyyat nişanlı Mercesedes Benz C220 CDİ markalı nəqliyyat vasitəsinin icbari sığortası olmadığına görə və cavabdeh dəymiş ziyanı könüllü olaraq ödəməkdən imtina etdiyinə görə dəymiş ziyan ödənilməmiş qalmışdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsii xahiş etdi. İşin faktiki halları: ** UK *** dövlət qeydiyyat nişanlı VAZ 21703 minik markalı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. TP ******* nömrəli 08 sentyabr 2023-cü il tarixli İnzibati tənbeh vermək haqqında Qərara əsasən Paşa Musayev 06 sentyabr 2023-cü il tarixində Nəsimi rayonu, M.Qaşqay küçəsində PL200AT dövlət qeydiyyat nişanlı Mercesedes Benz C220 CDİ markalı idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmiş, nəticədə onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Onun barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ** UK *** dövlət qeydiyyat nişanlı VAZ 21703 minik markalı nəqliyyat vasitəsi də zədələnmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2408 nömrəli 22 may 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 08 sentyabr 2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı, ** UK *** dövlət qeydiyyat nişanlı VAZ 21703 minik markalı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1075 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. İddianın hüquqi əsası: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh Paşa Musayev 06 sentyabr 2023-cü il tarixində Nəsimi rayonu, M.Qaşqay küçəsində PL200AT dövlət qeydiyyat nişanlı Mercesedes Benz C220 CDİ markalı avtomobili idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmiş, nəticədə onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Cavabdeh təqsirli qanunazidd hərəkətləri nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş və iddiaçıya məxsus ** UK *** dövlət qeydiyyat nişanlı VAZ 21703 minik markalı nəqliyyat vasitəsi zədələnmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən törədildiyindən mülki hüquq pozuntusu (delikt) nəticəsində ona dəymiş ziyanın cavabdehdən alınaraq ona ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə iş üzrə təyin edilmiş ekspertiza üzrə ekspert rəyini sübut qismində qiymətləndirərək hesab edir ki, iddiaçının avtomobilinə dəymiş zərər iddia tələbində qeyd edildiyi kimi, 1175 manat deyil, 1075 manat məbləğində olmuşdur. Odur ki, iddia qismən təmin edilərək cavabdeh Pasha Musayevdən 1075 manat məbləğində vəsait alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflər, yəni ekspertiza tədqiqatının dəyəri də cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Dəymiş maddi ziyana görə 1075 (bir min yetmiş beş manat) manat məbləğində pul vəsaiti Pasha Musayevdən alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Pasha Musayevdən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1341/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1341/2024
25.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver