Məhkəmə qərarları › İş №2(011)-1347/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1347/2024

06.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1347/2024 06.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. Pirallahı Rayon Məhkəməsinin 1(094)-45/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə cavabdeh AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 10 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın icrasının təmin olunması məqsədilə cavabdehə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur.

2. Cavabdeh elektron nəzarət vasitəsini sındırmışdır. "xxxx" QSC tərəfindən tərtib edilmiş qiymətləndirmə aktına əsasən elektron nəzarət vasitəsini dəyəri 2277,40 manat təşkil edir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı elektron nəzarət vasitəsinin dəyəri olan 2277,40 manat pulun cavabdehdən alınıb Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh məhkəmə hökmü ilə AR CMnin 234.1-ci maddəsinə əsasən təqsirli 1 il 10 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkəmə tərəfindən məhkumun üzərinə yaşadığı ünvanı axşam saat 24.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitəni işlək vəziyyətdə saxlamaq, Bakı şəhərinin ərazisini tərk etməmək vəzifələri qoyulmuşdur. Hökm və onun icrasına dair hakimin xx.xx.2022-ci il tarixli göstərişi xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuş, məhkum xx.xx.2022-ci il tarixdə İddiaçındə qeydiyyatdan keçərək, onunla ilkin qaydada fərdi söhbət aparılmış və xx.xx.2022- ci il tarixdə ona yaşadığı ünvanda “Attenti” markalı elektron nəzarət vasitəsi komplektinə daxil olan elektron qolbaq tətbiq edilərək ona üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” xx.xx.2023-cü il tarixli texniki rəydən müəyyən edilmişdir ki, mobil nəzarət qurğusunun ana platası əyilmişdir, təmiri mümkün deyildir və istifadəyə tam yararsızdır. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi maliyyə arayışına görə həmin elektron nəzarət vasitəsini dəyəri 2277,40 manat təşkil edir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

5. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh məhkəmə baxışı zamanı izahatında bildirdi ki, həqiqətən də elektron nəzarət qurğusuna ziyan dəyib. Lakin, hal-hazırda tələb edilən pul vəsaitini birdəfəyə ödəməyə maddi imkanı çatmır.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

7. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

8. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

9. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

10. Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

11. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

15. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

16. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

İşə baxan məhkəmənin mövqeyi:

17. Məhkəmə cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

18. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır.

19. Buna görə də, cavabdehin mülki hüquq pozuntusu törədib-tərətməməsinə, törətdiyi halda onun təqsirli olmasına iş materiallarında olan sübutlarla əlaqəli şəkildə araşdırılaraq qiymət verilməlidir.

20. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin təyin olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş Protokolla müəyyən edilir ki, cavabdehə tətbiq edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası məqsədilə ona elektron nəzarət qurğusu və ona aid avadanlıqlar təhkim olunmuş, həmin nəzarət avadanlıqlarına xidmət etmək, zədələməmək, onu üzərində saxlamaq, nəzarət avadanlıqlarını zədələdikdə dəymiş maddi zərərin ondan tutulması barədə xəbərdarlıq edilmiş, həmçinin bu barədə cavabdehə yaddaş kitabçası verilmişdir. Protokol icra məmuru Vəsilə Əliyeva və cavabdeh tərəfindən imzalanmışdır.

21. Həmçinin, iş materiallarında olan cavabdehin xx.xx.2023-cü il tarixdə yazdığı izahatından görünür ki, o, elektron nəzarət vasitəsini sındırmağını etiraf etmişdir.

22. Beləliklə, işin şərh edilən hallarından da göründüyü kimi cavabdeh, məhkum olunduğu azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasının təmin edilməsi üçün təhkim edilmiş nəzarət avadanlıqlarının salamatlığına əməl etməyə borclu olduğu halda bunu etməməklə (qanunazidd əməl), ona verilmiş elektron nəzarət qurğusunu itirməsi (təqsirli hərəkət) nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirlinə maddi zərər dəyməsinə səbəb olan (səbəbli əlaqə) mülki hüquq pozuntusu törətmişdir.

23. Dəymiş zərərin həcminə gəldikdə isə, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.

24. Belə ki, iş materiallarında olan "xxxx" QSC tərəfindən AR Ədliyyə Nazirliyinə ünvanlanmış məktuba əsasən elektron nəzarət qurğusunun dəyəri 2277,40 manatdır.

25. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus elektron nəzarət qurğusunu zədələməklə ona maddi ziyan vurduğundan, iddia təmin edilməklə dəymiş ziyan cavabdehdən tutulmalıdır.

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Bir ədəd elektron nəzarət qurğusunun dəyəri olan 2277,40 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar