Məhkəmə qərarları › İş №2(011)-136/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-136/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-136/2023 12.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin mübahisələndirilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-nin iddiaçıya hesabladığı, yəni qanunsuz olaraq ondan tutmaq istədiyi artıq pulların silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC ilə iddiaçının arasında 30 iyul 2021-ci il tarixdə GL/0xx/xx/277929 nömrəli kredit və girov müqaviləsi bağlanmış, həmin sənədlərə əsasən Cavabdeh QSC tərəfindən iddiaçıya illik 26 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 12.827 ABŞ dolları məbləğində kredit verilmişdir. 30 iyun 2022-ci il tarixə qədər iddiaçının heç bir gecikməsi olmamışdır. Həmin tarixdə aldığı krediti tam bağlamaq üçün Cavabdeh QSC-nə yaxınlaşarkən, onlar iddiaçıdan pulu götürməmişlər. İddiaçı pulu ödəmək istədiyini israrla bildirsə də, Cavabdeh QSC müxtəlif bəhanələr gətirərək iddiaçıdan bütöv pulu almamışlar. Bir müddət keçəndən sonra iddiaçıya Cavabdeh QSC tərəfindən bildirilmişdir ki, onun cavabdehə 26.000 manat borcu vardır. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə müraciət edərək, Cavabdeh QSC-də girov predmeti olan ümumi çəkisi 25.7 qr, xalis çəkisi 25.7 qr olan 3 ədəd 875 prob 10-luq qızıl qəpik, ümumi çəkisi 17.72 qr, xalis çəkisi 17.32 qr olan 3 ədəd 875 prob kulon, ümumi çəkisi 13.46 qr, xalis çəkisi 13.46 qr olan 2 ədəd 875 prob üzük, ümumi çəkisi 10 qr, xalis çəkisi 10 qr olan 1 ədəd 875 prob qolbaq, ümumi çəkisi 59.32 qr, xalis çəkisi 54.32 qr olan 2 ədəd 750 prob boyunbağı, ümumi çəkisi 73.30 qr, xalis çəkisi 72.30 qr olan 3 ədəd 750 prob kulon, ümumi çəkisi 19.8 qr, xalis çəkisi 16.6 qr olan 1 ədəd 583 prob ağlı komplekt, ümumi çəkisi 15.06 qr, xalis çəkisi 15.06 qr olan 1 ədəd 750 prob üzük ağlı, ümumi çəkisi 14.90 qr, xalis çəkisi 14.10 qr olan 1 ədəd 750 prob sırğa ağlı, ümumi çəkisi 8.7 qr, xalis çəkisi 8.7 qr olan 1 ədəd 750 prob sırğa, ümumi çəkisi 26.23 qr, xalis çəkisi 22.23 qr olan 2 ədəd 585 prob üzük, ümumi çəkisi 196 qr, xalis çəkisi 50 qr olan 1 ədəd 750 prob saat zinət əşyalarının iddiaçıya geri qaytarılması və yaxud cavabdeh zinət əşyalarını qaytara bilməyəcəyi təqdirdə, zinət əşyalarının bazar dəyəri hesablanaraq pul məbləği şəklində iddiaçıya geri qaytarılması, 10.000 manat mənəvi zərər və iddia ərizəsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, cavabdeh özbaşınalıq edərək iddiaçını təzyiqlərə məruz qoyaraq qanunazidd hərəkətlər və hərəkətsizliklər edərək qızıl əşyalarını satdığına görə, iddiaçını aldadaraq 5600 ABŞ dolları pul tələb etdiyinə görə barəsində xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, Cavabdeh QSC ilə İddiaçı arasında 30 iyul 2021-ci il tarixdə GL/0xx/xx/277929 nömrəli kredit və girov müqaviləsi bağlanmış, həmin sənədlərə əsasən Cavabdeh QSC tərəfindən iddiaçıya illik 26 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 12.827 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra iddiaçı cavabdeh təşkilata borcunu ödəmək üçün yaxınlaşmış, ona borc məbləğinin artıq olduğunu bildirmişlər. Bir müddət sonra isə ümumiyyətlə girov predmeti olan qızıllarının satıldığı bildirilmişdir. Odur ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 158.1.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ da əmlak hüququ sayılır. 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 269.5-ci maddəsinə görə, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarı: “Mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, hazırkı iddia müqavilədən irəli gələn öhdəliklərin icra edilibedilməməsinin araşdırılmasından ibarətdir. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında kredit və girov müqavilələri bağlanmışdır. Öhdəliklərin lazımi qaydada iddiaçı tərəfindən icra edilməməsi nəticəsində onun cavabdeh qarşısında borcu yaranmışdır. Tərəflər arasında yaranmış borcun məbləğini müəyyən etmək üçün məhkəmə tərəfindən mühasibatlıq eskpetizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22 fevral 2023-cü il tarixli ekspertizanın rəyinə əsasən İddiaçı cavabdeh qarşısında 03 avqust 2022-ci il tarixinə icra edilməmiş 12.827 ABŞ dolları əsas, 1.365,30 ABŞ dolları faiz borcu qalmışdır. İddiaçı iddia ərizəsində girov qoyduğu əmlakların satıldığını bildirmiş, cavabdehin bu əməlinin qanunsuz hesab edilməsini və qızılların ona geri qaytarılmasını, bu mümkün olmadıqda isə dəyərinin ona ödənilməsini istəmişdir. Məhkəmə araşdırması zamanı iddia ərizəsində qeyd edilən bu xüsusatın araşdırılmasında şahid qismində Şahid dindirilmişdir. O, öz izahatında bildirmişdir ki, istinad olunan girov qoyulmuş əmlaklar satılmamış, hal-hazırda da cavabdeh təşkilatın balansında qalmaqdadır. İddiaçı tərəfindən ödəniş ediləcəyi təqdirdə cavabdeh təşkilat ona qızılları qaytarmağa hazırdır. Məhkəmə prosesində tərəflərə mübahisəni barışıqla həll etmələri təklif edilmiş və bunun üçün əlavə vaxt da verilmişdir. Lakin tərəflər barışığa gələ bilməmişlər. Məhkəmə qızılların qaytarılması tələbinə münasibətdə qeyd edir ki, qızıllar kredit müqaviləsinin təminatı olaraq girov qoyulmuşlar və onların qaytarılması yalnız əsas öhdəliyin icra edilməsi nəticəsində mümkün ola bilər. Beləliklə hazırkı mərhələdə İddiaçı cavabdeh təşkilata olan 12.827 ABŞ dolları əsas, 1.365,30 ABŞ dolları faiz borcunu ödəmədən qızılların ona qaytarılması mümkünsüzdür. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyana görə 10.000 manat pulun cavabdehdən onun xeyrinə tutulması hissəsinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Belə ki, iddiaçı məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə iddia tələbinin cavabdeh barəsində xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə də əsassızdır. Belə ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddia üzrə iddiaçının iddia ərizəsində xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən bu məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunduğundan, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat müəyyən edilmişdir. Odur ki, iddia rədd edildiyindən iddiaçıdan 50 manat pul vəsaiti alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh QSC-yə qarşı- Cavabdeh QSC-də girov predmeti olan ümumi çəkisi 25.7 qr, xalis çəkisi 25.7 qr olan 3 ədəd 875 prob 10-luq qızıl qəpik, ümumi çəkisi 17.72 qr, xalis çəkisi 17.32 qr olan 3 ədəd 875 prob kulon, ümumi çəkisi 13.46 qr, xalis çəkisi 13.46 qr olan 2 ədəd 875 prob üzük, ümumi çəkisi 10 qr, xalis çəkisi 10 qr olan 1 ədəd 875 prob qolbaq, ümumi çəkisi 59.32 qr, xalis çəkisi 54.32 qr olan 2 ədəd 750 prob boyunbağı, ümumi çəkisi 73.30 qr, xalis çəkisi 72.30 qr olan 3 ədəd 750 prob kulon, ümumi çəkisi 19.8 qr, xalis çəkisi 16.6 qr olan 1 ədəd 583 prob ağlı komplekt, ümumi çəkisi 15.06 qr, xalis çəkisi 15.06 qr olan 1 ədəd 750 prob üzük ağlı, ümumi çəkisi 14.90 qr, xalis çəkisi 14.10 qr olan 1 ədəd 750 prob sırğa ağlı, ümumi çəkisi 8.7 qr, xalis çəkisi 8.7 qr olan 1 ədəd 750 prob sırğa, ümumi çəkisi 26.23 qr, xalis çəkisi 22.23 qr olan 2 ədəd 585 prob üzük, ümumi çəkisi 196 qr, xalis çəkisi 50 qr olan 1 ədəd 750 prob saat zinət əşyalarının iddiaçıya geri qaytarılması və yaxud cavabdeh zinət əşyalarını qaytara bilməyəcəyi təqdirdə, zinət əşyalarının bazar dəyəri hesablanaraq pul məbləği şəklində iddiaçıya geri qaytarılması, 10.000 manat mənəvi zərər və iddia ərizəsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, cavabdeh özbaşınalıq edərək iddiaçını təzyiqlərə məruz qoyaraq qanunazidd hərəkətlər və hərəkətsizliklər edərək qızıl əşyalarını satdığına görə, iddiaçını aldadaraq 5600 ABŞ dolları pul tələb etdiyinə görə barəsində xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul vəsaiti İddiaçı alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar