Məhkəmə qərarları › İş №2(011)-1391/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1391/2023

17.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1391/2023 17.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş maddi və mənəvi ziyanın, həmçinin əldən çıxmış faydanın – gəlirin hesablanaraq "xxxx" ASC tərəfindən ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin İddiaçı, məhkəməyə “dəymiş ziyanın dəqiqləşdirilməsi barədə” Ərizə təqdim edərək, ona dəymiş ümumi 36280 (7480+1800+(27000 – 6 aylıq qazanc)) manat ziyanın "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2018-ci il tarixində Bakı-Qazax yolunun 281.7-ci km-də "xxxx" ASC-yə məxsus KAMAZ-65225-014-22 markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edən X10 ona məxsus olan "xxxx" Lizinq Kompaniyası MMC-dən kredit müqaviləsi əsasında aldığı “HOVO Z2173317N3867V” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı, özüboşaldan yük avtomobili ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində onun avtomobil vasitəsinə ciddi ziyan dəymiş, həm də avtomobil yolunda olan qoruyucu sədd və işıq dirəyi dağılmışdır. İşıq dirəyinin dağılması nəticəsində avtomobil yoluna 1800 (min səkkiz yüz) manat ziyan dəy mişdir. Dövlət yol polisinin təqdim etdiyi İXP ******* saylı xx.xx.2018ci il tarixli inzibati xəta haqqında protokola əsasən sürücü X10 hərəkətdə olarkən manevr etmə qaydasını düzgün yerinə yetirmədiyi üçün Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək yol hərəkəti qaydasını pozmuşdur. Onun avtomobilinə dəymiş maddi ziyanın hesablanması üçün həmin ərazidə yerləşən "Yevlax Kəndnəqliyyat” ASC-yə müraciət etmişdir, "xxxx" ASC-nin 05 saylı xx.xx.2018-ci il tarixli rəy - protokoluna əsasən onun avtomobilinə dəymiş ziyan o vaxtki bazar qiymətləri ilə hesablanaraq 12480 (on iki min dörd yüz səksən) manat məbləğində dəyərləndirilmişdir. Həmçinin o, avtomobil yoluna dəymiş ziyanın əvəzi olaraq "xxxx" MMC-yə 1800 (min səkkiz yüz) manat ziyanı ödəmişdir və bu barədə də həmin yol idarəsindən arayışı vardır. Ona dəymiş maddi ziyanın (12480 manat) 5000 (beş nin) manatı "xxxx" Şirkəti tərəfindən ödənilmişdir, ona dəymiş ziyanın 9280 (doqquz min iki yüz səksən) manat qalığının ödənilməsindən "xxxx" ASC bu günə qədər də yayınır, yuxarıda qeyd edilən avtomobil nəqliyyatının sürücüsü X10 vəfat etmişdir. Ona görə də cavabdehlik avtomobil nəqliyyatının rəsmi sahibi "xxxx" ASC-yə keçmişdir. O, avtonəqliyyat vasitəsini kredit - lizinqlə aldığı üçün hər ay 1620 (min altı yüz iyirmi) manat kredit borcu ödəmişdir. Onun avtomaşını hadisə baş verənə qədər Azərbaycan Respublikası ərazisində hər ay müxtəlif işlər görərək 4500 (dörd min beş yüz) manata qədər qazanc gətirirdi. Onun maşınını 6 ay müddətinə təmir etdirmək mümkün olmadı. Göründüyü kimi 7480 manat avtomobilin təmiri üçün dəymiş ziyandan, 1800 manat Yol idarəsinə ödədiyi pul və 6 ay müddətində avtomobilinin gətirdiyi 4500 manat qazancdan məhrum olduğuna görə xeyli ziyan dəymişdir. Buna görə də həmin məbləğlərin hamısı cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdehlərin təqsirinə görə vurulmuş onlar tərəfindən ödənilməli, əks halda həmin ziyanın ödənilməsi hadisəni törədən KAMAZ markalı avtonəqliyyat vasitəsinə yönəldilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.R.İsayev iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, tərəflər öz sübutlarını yalnız hazırlı iclasında təqdim edə bilər, baxış iclası olduğuna görə iddiaçının təqdim etdiyi sənədlər qəbul edilə bilməz, ekspert rəyi 2018-ci ildə tərtib edilmiş akta əsasən verilmişdir, real qiymətləri əks etdirmir, rəy və qüsur aktı qəbul edilə bilməz, qəza 2018-ci ildə baş verib, lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilən müqavilə sonrakı tarixdə bağlanılıb, ona görə də qəza nəticəsində əldən çıxmış faydanın hesablanması üçün həmin sənədlərə istinad oluna bilməz, həmçinin müqavilədə konkret olaraq hansı nəqliyyat vasitəsinin olması göstərilməmişdir, həmin sənədlərdə qeyd olunan gəlir istənilən maşın vasitəsilə qazanıla bilərdi. Sığorta şirkəti tərəfindən iddiaçıya 5000 manat məbləğində vəsait də ödənilmişdir. Bundan əlavə iddiaçı iddia tələbində işıq dirəyi və yola vurulmuş 1800 manat məbləğində zərəri ödədiyini qeyd edərək həmin məbləği də tələb etsə də, həmin məbləğ əslində iddiaçı tərəfindən ödənilməmiş, işıq dirəyi və yol bardyuru həmin vaxt "xxxx" ASC-də sürücü işləyən mərhum X10 tərəfindən naturada bərpa edilmişdir, bununla bağlı yol xidmətinin məktubu da vardır. Göründüyü kimi iddiaçı iddia tələbində şişirdilmiş məbləğdə maddi və mənəvi zərərin olduğunu qeyd etsə də, həmin zərəri heç bir sübut ilə əsaslandırmamışdır. Sonda cavabdehin nümayəndəsi R.R.İsayev iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından olan xx.xx.2018-ci il tarixli İXP ******* seriyalı inzibati xəta haqqında protokoldan görünür ki, KAMAZ-65225-014-22 markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü X5 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, “hadisə kamaz markalı avtomobilin sürücüsünün manevretmə qaydasını düzgün yerinə yetirməməsi səbəbindən baş vermiş, nəticədə Hovo markalı avtomobillə toqquşmuşdur” qeyd edilmişdir. İş materiallarından olan Goranboy rayon Polis şöbəsinin xx.xx.2018-ci il tarixli 197- 1802-1218 nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışından görünür ki, hadisəni törədən Kamaz 65225 markalı yük avtomobilinin mülkiyyətçisi "xxxx" ASC, sürücüsü isə X10 olmuş, hadisə nəticəsində mülkiyyətiçisi “Nikoyl Lizinq” olan Hovo markalı **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi əzilmiş, mülkiyyətçisi "xxxx" ASC olan bir ədəd işıq dirəyi yararsız vəziyyətə düşmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 05 nömrəli Rəydən görünür ki, Hovo markalı **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilin cəmi təmir xərci 12480 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC-nin Nizamnaməsindən görünür ki, Cəmiyyətin Nizamnaməsi ilə nəzərə alınmış məqsədlərinin yerinə yetirilməsi üçün Cəmiyyət aşağıdakı fəaliyyət növlərini həyata keçirir: kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, emalı və satışı, habelə bu cür məhsulların daşınması üzrə nəqliyyat ekspeditor xədmətlərinin göstərilməsi; hər cürə kənd təsərrüfatı texnikasının, habelə avtomobillərin və onların ehtiyat hissələrinin alqı-satqısı, icarəyə verilməsi və onlara texniki xidmət sexlərinin təşkili və işlədilməsi; taxıl və taxıl məsullarının istehsalı, tədarükü, emalı və satışı; çörək-bulka və müxtəlif nov ərzaq məhsullarının istehsalı və satışı; hüquqi və fiziki şəxslərə müxtəlif növ məişət xidmətlərinin göstərilməsi, iaşə obyektlərinin (çayxana, kafe, qəlyanaltıxana və s.) təşkili və işlədilməsi; kommersiya fəaliyyəti, pərakəndə və topdansatış ticarəti, komisyon və fırma mağazalarının təşkili və işlədilməsi. İş materiallarında olan "xxxx" MMC tərəfindən göndərilmiş xx.xx.2018-ci il tarixli 26 nömrəli məktubdan görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində 1 ədəd işıq dirəyi və 4 ədəd bardyur yararsız hala düşməklə, dəymiş ziyanın məbləği 1800 manat olmuşdur. X10 tərəfindən xx.xx.2018-ci il tarixdə 1 ədəd işıq dirəyi və 4 ədəd bardyur natura şəklində bərpa olunmuşdur. Ona görə də, dəymiş ziyan barədə vətəndaş X7 qarşı heç bir iddiaları yoxdur. İş materiallarında olan məktubdan görünür ki, İddiaçı vurulmuş ziyanın ödənilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli etibarnamədən görünür ki, "xxxx" Lizinq Kompaniyası MMC-yə məxsus “HOVO” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarəetmə və istifadə hüququ X1 verilmişdir. İş materiallarında olan 220-1AL/HMK nömrəli xx.xx.2017-ci il tarixli lizinq müqaviləsindən görünür ki, Lizinq predmeti Borclunun seçimi ilə, hazırkı müqaviləyə əlavə olan Spesifikasiyada (hazırkı müqaviləyə Əlavə №1) müəyyən edilmiş tərkib və xomplektasiyada, Lizinqverən ("xxxx" Lizinq Kompaniyası MMC) tərəfindən 65 P/AL/AKM/ №-li 14 may 2013-cü il tarixli təchizat (alqı-satqı) müqaviləsinə əsasən irəlidə Satıcı adlanacaq uyğun olaraq X3 alınmış əmlakdır. Borclu Lizinqverənin razılığı ilə Lizinq predmetindən istifadə etmək və sahiblik hüququ da daxil olmaqla lizinq müqaviləsi üzrə bütün hüquqlarını və öhdəliklərini tam həcmdə Lizinqalana (İddiaçı) verir, Lizinqalan isə Borclunun lizinq müqaviləsi üzrə Lizinq verən qarşısında olan öhdəlikləri Borclunun əvəzinə tam şəkildə icra etməyi, o cümlədən hazırkı müqavilə imzalandığı tarixdən sonra olan lizinq və digər ödənişlərin Lizinqverənə ödənilməsi hüququ da daxil olmaqla, öhdəsinə götürür. Lizinqverən Lizinq predmetinin seçiminə görə məsuliyyət daşımır. Lizinqalan lizinq müqaviləsi ilə tam tanış olub və həmin müqavilə üzrə olan hazırkı müqavilə imzalandığı tarixə qədər Borclunun icra etmədiyi və ya lazımınca icra etmədiyi öhdəlikləri üzrə Lizinqverən qarsısında heç bir məsuliyyət daşımır. Lizinqalan Lizinq müqaviləsi üzrə hüquqları və öhdəlikləri hazırkı müqavilə imzalandığı tarixdən əldə edir. Hazırkı müqavilənin imzalanması lizinq müqaviləsinin etibarsızlığına səbəb olmur. İş materiallarında olan 220-1AL/HMK nömrəli xx.xx.2017-ci il tarixli lizinq müqaviləsinə Əlavədən görünür ki, “HOVO” markalı özüboşaldan nəqliyyat vasitəsi üçün müqavilənin ümumi məbləği 25618 manat müəyyən edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən lizinq üçün müxtəlif məbləğlərdə öənişlər həyata keçirilmişdir. İş materiallarında olan Əmək müqaviləsindən və xx.xx.2018-ci il tarixdə çap olumuş əmək müqaviləsi bildirişindən görünür ki, X10 xx.xx.2006-cı il tarixdən "xxxx" ASC-də sürücü kimi işləmişdir. İş materiallarında olan AZ-220170 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli 9/7052 nömrəli Rəydən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Hovo Z2173317N3867V” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10251,0 manat müəyyən edilir. İş materiallarında olan HTS 01\08 nömrəli xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, "xxxx" M-NAF MMC, “İcarəyə verən” "xxxx" MMC (direktoru İddiaçı) olmaqla, “İcarəyə verən”, qanuni əsaslarla ona məxsus olan Texnikanı bu Müqavilə müddətində İcarəçi tərəfdən tələb edilən periodlarda icarəyə verir, tələb olunan xidmətləri göstərir və texnikanı idarə edən personal ilə daimi təmin edir, Bu müqavilədə qeyd edilən Texnikanın icarəyə verilməsi ona mülkiyyət hüququnun verilməsinə səbəb olmur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 8/787 nömrəli Rəydən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitərində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri itisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 9/1955 nömrəli Rəydən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Hovo Z2173317N3867V” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10251,0 manat müəyyən edilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş Arayışdan görünür ki, İddiaçı məxsus ** JD *** nömrə nişanlı HOVVO markalı yük avtomobilinin təmir işərinin bir hissəsi həmin şirkət tərəfindən aparılmışdır və 2018-2019-cu illərdə HOWO və CHAGMAN markalı yük avto maşınlarının ehtiyyat hissələri çətin tapıldığına görə onların təmiri uzun müddət (6 aydan yuxarı) çəkmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli KM-5 nömrəli Xidmət müqaviləsindən görünür ki, Müqaviləyə əsasən, İcraçı İddiaçı AZ **-CB-*** dövlət qeydiyyat nişanlı özüboşaldan Shacman Özüboşaldan yük kamazı ilə (bundan sonra Müqavilənin obyekti adlandırılacaq) Sifarişçi "xxxx" MMC-nin Müqavilə obyektinin təyinatına uyğun (Torpağın, Atsepin, Şebenin əraziyə daşınması hər reysinə görə 165 manat məbləği nəzərdə tutulmuşdur) işlərini yerinə yetirməyi, Sifarişçi isə bunun müqabilində İcraçıya xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Aktdan görünür ki, AZ **-CB-*** dövlət qeydiyyat nişanlı özüboşaldan Shacman Özüboşaldan yük kamazı, torpaq qazma işləri üçün xx.xx.2018 tarixinə qədər işləmiş, xidmətin ümumi dəyəri 16945 manat olmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Aktdan görünür ki, AZ **-CB-*** dövlət qeydiyyat nişanlı özüboşaldan Shacman Özüboşaldan yük kamazı, torpaq qazma işləri üçün xx.xx.2018 tarixinə qədər işləmiş, xidmətin ümumi dəyəri 15000 manat olmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, “HOVO Z2173317N3867V” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı, özüboşaldan yük avtomobili "xxxx" Lizinq Kompaniyası MMC-ə məxsus olmaqla, lizinq müqaviləsi əsasında X8 tərəfindən alınmış, onun istifadəsində və sahibliyində olmuşdur, xx.xx.2018-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində həmin avtomobilə ziyan vurulmuşdur, həmin hadisə ilə bağlı tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən, "xxxx" ASC-yə məxsus olan KAMAZ-65225-014-22 markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü X10 “manevretmə qaydasını düzgün yerinə yetirmədiyinə” görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddələsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir, iddiaçıya sığorta şirkəti tərəfindən 5000 manat sığorta ödənişi edilmişdir. Bununla belə, cavabdehin mülki hüquqi məsuliyyətini, həmçinin dəymiş zərərin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, dəymiş maddi ziyanın həddini müəyyən edərkən ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, vurulmuş maddi ziyanın məbləği ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq avtomobilin təmir-bərpa xərci üzrə 10251,0 manat həddində müəyyən edilməli, dəymiş ziyan hesablanarkən sığorta ödənişi kimi ödənilmiş 5000 manat məbləğ nəzərə alınmalıdır. Məhkəmə, iddia tələbinin 1800 manat məbləğində vurulmuş zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, bu hallar sübutetmə yükü ilə bağlıdır, iddiaçı 1800 manat məbləğin ödənilməsinə dair sübutetmə vəzifəsi daşıyır. Lakin o, həmin məbləğin ödənilməsini təsdiq edən sübutları iş materiallarını əlavə etməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Əksinə, iş materiallarında olan xx.xx.2018-ci il tarixli "xxxx" MMC-nin məktubundan görünür ki, X10 tərəfindən xx.xx.2018-ci il tarixdə 1 ədəd işıq dirəyi və 4 ədəd bardyur natura şəklində bərpa olunmuşdur. Məhkəmə iddia tələbinin 27000 manat məbləğində əldən çıxmış fayda ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, bu hal da sübutetmə yükü ilə bağlıdır, iddiaçı 27000 manat məbləğində əldən çıxmış fayda ilə bağlı sübutetmə vəzifəsi daşıyır. Belə ki, əldən çıxmış fayda ilə bağlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər hadisənin baş verdiyi tarixdən sonrakı dövrə aid olmaqla, hadisəyə qədər “HOVO Z2173317N3867V” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı, özüboşaldan yük avtomobilindən istifadə edilməsi nəticəsində əldə edilən gəlir məbləğinin hesablanmasında nəzərə alına bilməz. Məhkəmə, iddia tələbinin “mənəvi zərər” hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin hüquqazidd əməli, iddiaçı X4 məxsus olan daşınar əmlaka vurulmuş ziyanın aradan qaldırılmasına və iddiaçının öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməlidir Məhkəmə, mənəvi zərərə görə tutulmalı olmalı kompensasiya məbləğinə münasibətdə isə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulmasını, mənəvi sarsıntıya və iztirablara dözüm həddini və digər diqqətəlayiq halları nəzərə alaraq, həmin məbləğin 800 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəyiş maddi və mənəvi zərərin ümumi məbləği avtomobilə dəymiş ziyan kimi 5000 manat sığorta ödənişi nəzərə alınmaqla (10251-5000) 5251 manat, mənəvi zərərə görə kompensasiya kimi 800 manat olmaqla, ümumilikdə 6051 manat həddində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099-cu maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında formalaşdırdığı presedentə görə, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" ASC-dən dəymiş maddi və mənəvi zərərin əvəzi kimi ümumilikdə 6051 manat məbləğində pul alınaraq X4 ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, dövlət rüsumunun kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri tərəflərə aid edilməli, dövlət rümumi iddia tələbinin həcminə müvafiq olaraq hesablanmalı, iddianın qiyməti ümumilikdə 36280 manat olduğundan buna müvafiq olaraq dövlət rüsumu kimi 198,84 manat müəyyən olunmalı, həmin məbləğin iddianın təmin olunmuş hissəsinə (6051 manat) müvafiq olaraq 80,51 manat cavabdehə, yerdə qalan hissə (118,33 manat) iddiaçıya aid edilməli, bu zaman iddiaçı tərəfindən ödənilmiş 30 manat nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, 80,51 manat məbləğ cavabdeh "xxxx" ASC-dən, 88,33 (118,33- 30) manat isə İddiaçı alınaraq Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə münasibətdə qeyd edir ki, ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 manat "xxxx" ASC-dən tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dəymiş zərərə görə 5251 manat, mənəvi zərərə görə 800 manat, ümumilikdə 6051 (altı min əlli bir) manat alınaraq iddiaçı X4 verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı X2 88 (səksən səkkiz) manat 33 (otuz üç) qəpik Dövlət Rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 80 (səksən) manat 51 (əlli bir) qəpik Dövlət Rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən ümumilikdə 100 manat cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Dövlət Büdcəsinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar