Məhkəmə qərarları › İş №2(011)-1394/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1394/2022

28.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1394/2022 28.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(011)-2233/2021 saylı qətnaməsinə əsasən müəyyən edilmiş aliment miqdarının artırılaraq 21.06.2004-cü il təvəllüdlü X2 və 26.03.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 193 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli 2(001)-4102/2018 saylı qətnaməsi ilə Cavabdeh 21.06.2004-cü il təvəllüdlü X2 və 26.03.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının 1/3 (üçdə bir) hissəsi sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(011)-3843/2019 saylı qətnaməsinə əsasən, alimentin miqdarı artırılmışdır və Azərbaycan Respublikasında 2019-cu ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq hər uşağa 160 manat sabit pul məbləğində müəyyən edilmişdir. Daha sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(011)-2233/2021 saylı qətnaməsinə əsasən, alimentin miqdarı artırılmış və Azərbaycan Respublikasında 2021-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq hər uşağa 175 manat sabit pul məbləğində müəyyən edilmişdir. Hal-hazırda qət edilən alimentin miqdarı uşaqların maddi ehtiyaclarını ödəmir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir . Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4102/2018 nömrəli, 21.05.2018-ci il tarixli qətnaməsi ilə, 21.06.2004-cü il təvəllüdlü X2 və 26.03.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq iddiaçıya İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3843/2019 nömrəli, 01.04.2019-cu il tarixli qətnaməsi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4102/2018 nömrəli, 21.05.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmış, 21.06.2004-cü il təvəllüdlü X2 və 26.03.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, 320 (üç yüz iyirmi) manat məbləğində sabit pul şəklində alimentin tutularaq iddiaçıya İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2233/2021 nömrəli, 25.02.2021-ci il tarixli qətnaməsi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3843/2019 nömrəli, 01.04.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmış, 21.06.2004-cü il təvəllüdlü X2 və 26.03.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, 350 (üç yüz əlli) manat məbləğində sabit pul şəklində alimentin tutularaq iddiaçıya İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment uşaqların saxlanması üçün yetərli olmadığından iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların saxlanılmaları üçün təyin edilmiş alimentin məbləği məhkəmə tərəfindən artırılmalı, 21.06.2004-cü il təvəllüdlü X2 və 26.03.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay, hər uşaq üçün 193 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 4632 manat (386 manat x 12 ay) təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 66,32 (altmış altı manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2233/2021 nömrəli, 25.02.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. 21.06.2004-cü il təvəllüdlü X2 və 26.03.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh bu qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmaqla hər ay, hər uşağa görə 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilsin. 66,32 (altmış altı manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sərdlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar