Məhkəmə qərarları › İş №2(011)-14/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-14/2022

20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-14/2022 20.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 165.000 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, əvvəllər tanıdığı Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə altı ay müddətinə, xx.xx.2014-ci il tarixinə qədər qaytarmaq şərti ilə 165000 ABŞ dollarının verilməsinə dair borc müqaviləsi imzalamışdır. Lakin, həmin pulu qaytarmadığından 2018-ci ildə "pul tələbinə dair" iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət etmiş, işin məhkəmə baxışı zamanı Cavabdeh maddi vəziyyətinin ağır olduğunu və ABŞ dollarının manata münasibətdə dəyərinin artdığını bildirərək ümumi borcun bir hissəsini ona bağışlamasını və pulun qaytarılması ilə bağlı ona əlavə vaxt verilməsini xahiş etmişdir. Nəticədə borcun bir hissəsinin güzəşt edilməsi və qalan hissəsinin ödənilməsi üçün əlavə vaxt təyin edilməsi üçün razılığa gəlmişlər. Razılaşmanın nəticəsi olaraq, aralarında xx.xx.2018-ci il tarixində notarial qaydada təsdiq olunmaqla barışıq razılaşmasının şərtlərinə görə razılaşmanın şərtlərinə əməl olunacağı halda qaytarılacaq məbləği 160.000 ABŞ dolları yox, 125.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Yəni borcun 125.000 ABŞ dolları məbləğində qaytarılması barışıq razılaşmasının şərtlərinin yerinə yetirilməsindən asılı edilmişdir.(bənd 2.1.) Bundan əlavə, razılaşmada göstərilmiş şərtlərin pozulması xx.xx.2013cü il tarixli borc müqaviləsində göstərilmiş öhdəliklərin yerinə yetirilməsinə səbəb olur.(bənd 3.) Barışıq razılaşmasının 2,3-cü bəndinə görə isə razılaşdırılmış 125.000 ABŞ dollarının 100,000 hissəsi xx.xx.2018-ci il tarixinə qədər, 25.000 hissəsi isə xx.xx.2019-cu il tarixinə qədər cavabdeh tərəfindən ona qaytarılmalı idi. Lakin bu şərtlərin heç biri Cavabdeh tərəfindən yerinə yetirilməmiş, ötən vaxt ərzində heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmədiyini göstərərək, məhkəmədən onun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2013-cü il tarixli borc müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2014ci il tarixinədək qaytarmaq şərti ilə 165000 ABŞ dolları məbləğində pul borc vermiş, cavabdeh həmin pulu qəbul etmiş və müəyyən edilmiş müddətdə həmin borcu qaytarmağı öhdəsinə götürmüşdür. Borc müqaviləsi Bakı şəhəri 6-cı notariat kontorunun notariusu Ə.Umanov tərəfindən təsdiq edilmiş və reyestrdə 3M/707 nömrə ilə qeyd edilmişdir. İddiaçı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2018-ci il tarixli barışıq razılaşmasının surətindən görünür ki, İddiaçı Cavabdeh 15,01.2014-cü il tarixədək qaytarılması şərti ilə 165000 ABŞ dolları borc vermiş və həmin borc barışıq razılaşması təsdiq olunan günədək qaytarıİmamışdır. Tərəflər təsdiq edirlər ki, borcalan Cavabdeh 2015-2017-ci illər ərzinda pulun dəyərdən düşməsi nəticəsində və digər təsirlərlə bağlı maddi vəziyyəti pisləşdiyindən pulun qaytarılma müddəti qarşılıqlı razılaşmaya əsasən şifahi surətdə uzadılmış, hal-hazırda pulun qaytarılmasına dair növbəti müzakirələr nəticəsində müəyyən edilmişdir ki, maddi vəziyyətinin çətinliyi ilə əlaqədar borcalan pulun bir dəfəyə qaytarılmasına dair üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmir və tərəflər mübahisəni qarşılıqlı güzəştlər yolu ilə həll etmək məqsədi ilə aşağıdakı şərtlər daxilində razılığa gəlirlər: Borcverən İddiaçı qaytarılacaq məbləğin miqdarında güzəştə gedir və bu razılaşmama bütün şərtləri yerinə yetiriləcyi halda qaytarılacaq borcun məbləğini 125.000 ABŞ dolları məbləğində müəyyən edirlər. Göstərilən məbləğin 100.000 ABŞ dolları hissəsi xx.xx.2018-ci il tarixinə qədər, 25.000 hissəsi isə xx.xx.2019-cu il tarixinə qədər qaytarıİmalıdır. Razılaşmada göstərilmiş şərtlərin pozulması bu razılaşmanın qüvvədən düşməsinə və tərəflərin üzərindəki öhdəliklərin xx.xx.2013-cü il tarixli borc müqaviləsinə əsasən yerinə yetirilməsinə səbəb olur. Razılaşmanın şərtlərinin tam yerinə yetirilməsi xx.xx.2013-cü il tarixli borc müqaviləsinin qüvvədən düşməsinə səbəb olur. Razılaşma Bakı şəhəri 14 saytı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-129 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-2657/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı və “X4. Ticaret LTD” şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə edərək, cavabdeh İddiaçı ilə onun arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri 6 saylı Notariat Kontorunda 3M/707 saylı reyestrlə qeydə alınaraq bağlanmış borc müqaviləsinin və xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda 3M-129 reyestr nömrəsi ilə qeydə alınaraq bağlanmış barışıq razılaşmasının etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, qətnamə ilə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-3495/2020 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)- 2657/2019 saylı qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-3368/2021 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)- 3495/2020 saylı qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş kassasiya şikayətləri təmin edilmiş, qətnamə ləğv edilmiş və şikayətə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-670/2022 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)- 2657/2019 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilərək, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-2844/2022 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)- 3495/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə görə müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biri kimi təsbit olunmuşdur. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməs orclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, işin məhkəmədə araşdırılmış halları ilə iş üzrə İddiaçı Cavabdeh 165.000 ABŞ dolları məbləğində pulu borc verməsi, həmin borc məbləğinin müəyyən olunmuş müddətdə borcalan tərəfindən qaytarılmaması təsdiq edildiyindən iddia tələbi təmin edilməli, həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 165.000 (bir yüz altmış beş min) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar