Məhkəmə qərarları › İş №2(011)-1438/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1438/2021

24.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1438/2021 24.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 04.05.2014-cü il təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin miqdarı artırılaraq hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Zəngilan rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 04.05.2014-cü il təvəllüdlü X3 onun himayəsində saxlanılmış, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 100 manat aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda uşağın 7 yaşı var. Uşağın məsrəfləri artmışdır, məhkəmə ilə müəyyən edilmiş aliment məbləği artıq yetərli deyil. Ona görə də hesab edir ki, məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment miqdarı artırılaraq Cavabdeh hər ay bir uşağa görə 170 manat sabit pul məbləğində aliment onun xeyrinə tutulmalıdır. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazimlı qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-275/2018 saylı 20.07.2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Zəngilan Rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 128 sayla qeydə alınmış 20.08.2013-cü il tarixli nikahın pozulması, 04.05.2014-cü il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması, Cavabdeh 03.03.2018-ci il tarixdən başlayaraq 04.05.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə işin müəyyən olunmuş hallarından görünür ki, X3 04.05.2014-cü il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 2 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 13.06.2014-cü il tarixdə verilmiş AZ-İİİ 335607 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 04.05.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Zəngilan Rayon qeydiyyat şöbəsi tərəfindən 10.01.2019-cu il tarixdə verilmiş AZ-İ 298588 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 10.01.2019-cu il tarixdə 05 saylı aktla qeydiyyat aparılmışdır. Nikah ləğv olunandan sonra kişiyə İsmayılov, qadına Qasımova soyadı verilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan 04.05.2014-cü il təvəllüdlü X3 adlı bir övladları doğulmuşdur, uşaq hal-hazırda iddiaçının yanındadır, ona görə məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş hər ay bir uşağa görə 100 manat miqdarında aliment məbləği bu məqsədlə yetərli deyil və aliment məbləğinin artırılması tələbi uşağın əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, Zəngilan Rayon Məhkəməsinin 2(034)-275/2018 saylı 20.07.2018-ci il tarixli qətnaməsi əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, onların mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları nəzərə alaraq cavabdehdən hər ay bir uşağa görə 170 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 04.05.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay bir uşağa görə 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu 500 manatdan az olduğundan, həmçinin aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehdən dövlət mədaxilinə 20 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-275/2018 saylı 20.07.2018-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 04.05.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay uşağa görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar