Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1443/2022 25.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı - Cavabdeh İddiaçı QSC-nin xeyrinə 1461.69 manat məbləğində kredit borcu, 114.10 manat məbləğində faiz borcu və 270.67 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1846.46 manat məbləğində borcun və ödənilmiş 38.47 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə 09.08.2019-cu il tarixdə bağladığı 017A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2% olmaqla 30 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 (dörd min) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 15.06.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 2538.31 manat ödəniş etmiş və onun iddiaçıya 1461.69 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 17.12.2021-ci il tarixə 185 gün üçün hesablanmış faiz borcu 114.10 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 17.12.2021-ci il tarixə 185 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 270.67 manat təşkil edir. Daha sonra iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qeyd edilən borcla bağlı ödənişlər edildiyini bildirmiş və məhkəməyə həmin müqavilə üzrə yeni maliyyə arayışı təqdim edərək, cavabdehdən həmin maliyyə arayışında göstərilən məbləğdə borcun tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında 09.08.2019-cu il tarixdə bağlanmış 017A********** nömrəli “Kredit Müqaviləsi”nə əsasən bank borcluya 30 ay müddətinə, illik 2% olmaqla 4000 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC tərəfindən verilmiş 08.04.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 09.08.2019-cu il tarixli, 017A********** nömrəli müqavilə üzrə 08.04.2022-ci il tarixinə 1038.13 manat əsas borcu, 142.56 manat faiz borcu və 424.36 manat məbləğində cərimə borcu, cəmi 1605.05 manat borcu vardır. İş materiallarında olan 14.12.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən müəyyən olunur ki, İddiaçı QSC cavabdehə banka olan borc məbləğini tam olaraq 25.12.2021-ci il tarixədək ödəməyi təklif edərək, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə bildirmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 38.47 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitinin ödənilməsinə dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından, tələb edilən cərimə məbləği azaldılaraq 72.66 manat məbləğində cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 38.47 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində miqdarında dövlət rüsumu tutulur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “Accessbank" QSC və Cavabdeh arasında bağlanmış 09.08.2019-cu il tarixli 017A********** saylı kredit müqaviləsi üzrə 1038.13 (bir min otuz səkkiz manat on üç qəpik) manat əsas, 142.56 (bir yüz qırx iki manat əlli altı qəpik) manat faiz borcu, 72.66 (yetmiş iki manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 1253.35 (bir min iki yüz əlli üç manat otuz beş qəpik) manat məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumuna görə 38.47 (otuz səkkiz manat qırx yeddi qəpik) manat pul vəsaiti Cavabdeh tutularaq "xxxx" QSC-yə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonda qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1443/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1443/2022
25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver