Məhkəmə qərarları › İş №2(011)-1447/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1447/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1447/2023 12.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı– Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 6950 ABŞ dolları pulun və dövlət rüsumu kimi ödənilmiş 125,60 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Xalq Məhkəməsinin 11 dekabr 1998-ci il tarixli, N- 2-1375 1998 il saylı qətnaməsi ilə Cavabdeh 5600 ABŞ dollarının tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.Həmin qətnamədən Bakı şəhər Məhkəməsinə kassasiya şikayəti versə də şikayəti təmin edilməyərək Xətai rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən məhkəmə tərəfindən Xətai rayon İcra Şöbəsinə icra sənədi göndərilmiş, lakin icra sənədi icra edilməyərək məhkəməyə geri qaytarılmışdır. Bu günədək cavabdeh (borclu) Cavabdeh həmin məbləğdən bir manat da olsun tələbkara ödəməmişdir. Yəni hal-hazırda Cavabdeh iddiaçıya məhkəmə qətnaməsi ilə 5600 ABŞ dolları borcu qalmışdır.İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əcacən cavabdeh (borclu) Cavabdeh borclu olduğu 5600 ABŞ dolları məbləğində borca görə borcun ödənilmədiyi hər bir il üçün iddiaçıya borcun 5 %-ni ödəməlidir və pulun alıcılıq qabiliyyəti aşağı düşdüyünə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə əsasən 5600 ABŞ dolları borc məbləği istehlak qiymətləri indeksi kimi inflyasiya göstəricisinə uyğun olaraq indeksasiya olunmalıdır. Tərəflərin izahatları: İddiaçı, onun nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh iddianı qəbul etməyib, izahatında borcu tam şəkildə qaytardığından məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Xətai Rayon Xalq Məhkəməsinin 11 dekabr 1998-ci il tarixli, 2-1375 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh və X1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası ısassız olduğundan təmin edilməmiş, Cavabdeh İddiaçı nəfinə 5600 ABŞ dolları tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2001-ci il tarixli məktubdan görünür ki, İddiaçı məhkəmə qətnaməsinin icra edilməməsi barədə Respublika Baş Prokurorluğuna daxil olmuş müraciəti baxılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilmişdir. İş materiallarında olan 4/2285 saylı, 09 oktyabr 2001-ci il tarixli məktubun surətindən görünür ki, Borclu Cavabdeh 5600 ABŞ dolları dəyərində vəsaitin alınıb iddiaçıya verilməsi barədə Xətai rayon məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsinin icra edilməməsi barədə Ədliyyə Nazirliyinə daxil olmuş ərizəsinə baxılmış, iddiaçıya bildirilmiş ki, mənzil alqı-satqısının etibarsız hesab edilməsi barədə Cavabdeh və qeyrilərinə qarşı qaldırdığı iddia rədd edilmiş və Cavabdeh iddiaçının xeyrinə 5600 ABŞ dollarının tutulması barədə qətnamə çıxarılmışdır. İcra hərəkətləri nəticəsində borcluda tələbin yönəldilə biləcəyi əmlak və ya gəlir aşkar edilməmişdir. Ona görə də məhkəmə qətnaməsinin icrası ləngimişdir. Həmçinin bildirmişlər ki, məhkəmə qətnaməsinin icra olunmasının səbəblərini göstərməklə, borcluya qarşı tədbir görülməsi üçün məhkəməyə təqdimatla müraciət edilməsi barədə Xətai rayon Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsinin rəhbərliyinə tapşırıq verilmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sisteminin sərhədkeçmə haqqında məlumat çıxarışından görünür ki, Cavabdeh 2015-01-24-tarixdə Astara DSBMdən çıxışı, 2015-07-24-, tarixdə Astara DSBM-dən girişi, 2018-05-13- tarixdə Samur DSBM-dən çıxışı, 2018-06-14- tarixdə Şirvanlı DSBM-dən girişi, 2018-06-19- tarixdə Şirvanlı DSBM-dən çıxışı, 2018-06-26- tarixdə Samur DSBM-dən girişi, 2018-07-04tarixdə Şirvanlı DSBM-dən çıxışı, 2019-01-14- tarixdə Samur DSBM-dən girişi olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, borclu Cavabdeh barəsində olan Xətai rayon Məhkəməsinin 2-1375/1998 saylı, xx.xx.1998-ci il tarixli icra sənədi Xətai rayon İcra şöbəsinin icraatında olmuş, lakin. Halhazırda aparılmış araşdırmalar nəticəsində sözügedən icra sənədinin icra vəziyyəti barəsində məlumat əldə etmək olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Arxivindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, tələb olunan icra işi siyahı üzrə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməmişdir. İş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o və Cavabdeh İddiaçı ilə 1999-cu ildə Bakı Kinoteatrının qarşısında görüşmüş və 5000 ABŞ dollarını İddiaçı təhvil vermişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağığıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır, borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir, kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 2.2.-ci maddəsinə əsasən icra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 3.1.-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında”Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimrədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil” Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir. Belə ki, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki,Bakı şəhəri Xətai rayon Xalq Məhkəməsinin 11 dekabr 1998-ci il tarixli, N- 2-1375 1998 il saylı qətnaməsi ilə Cavabdeh 5600 ABŞ dollarının tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin iddiaçı həmin məbləğin bugünə qədər ona ödənilmədiyini bildirərək, cavabdeh (borclu) Cavabdeh borclu olduğu 5600 ABŞ dolları məbləğində borca görə borcun ödənilmədiyi hər bir il üçün iddiaçıya borcun 5 %-ni ödənməli olduğunu və pulun alıcılıq qabiliyyəti aşağı düşdüyünə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə əsasən 5600 ABŞ dolları borc məbləğinin istehlak qiymətləri indeksi kimi inflyasiya göstəricisinə uyğun olaraq indeksasiya olunmalı olduğunu qeyd edir. Məhkəmə hesab edir, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olsa da, o iddiasında qeyd itdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçının istinad etdiyi 09 oktyabr 2001-ci il tarixli məktubdan görünür ki, icra hərəkətləri nəticəsində borcluda tələbin yönəldilə biləcəyi əmlak və ya gəlir aşkar edilməmişdir. Ona görə də məhkəmə qətnaməsinin icrası ləngimişdir. Lakin bu məktubda yazılanlar ilə borcun 2001-ci ildən sonra da qaytarılması istisna edilmir. Əksinə bu keçən müddət ərzində (2001-ci ildən 2023-cü il tarixə qədər) iddiaçının icra sənədinin icra olunmaması ilə bağlı aidiyyatı qurumlara müraciət etməməsi şübhə doğurur. Həmçinin “Elektron Məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, cavabdehin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmamış. Belə ki, o 2015, 2018, 2019-cu illərdə ölkədən çıxmış ve yenidən qayıtmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin arxivindən əldə edilmiş 1998-ci il tarixli 2- 1375 saylı məhkəmə işindən görünür ki, icra sənədinin icra vəziyyəti barədə (icra sənədinin geri qautarılması, xitam edilməsi və s.) məhkəmədə məlumat yoxdur. Məhkəmə araşdırılması zamanı tərəflər arasında borc münasibətinin olduğu təsdiq olunsa da, qətnamədə qeyd olunan 5600 ABŞ dolları məbləğində pul məbləğinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması, eləcə də qaytarılmaması heçnə ilə təsdiq olunmur. Habelə iddia ərizəsində icra sənədinin icra olunmadan məhkəməyə qaytarılması qeyd olunsa da, bu hal da, məhkəmə araşdırması zamanı öz təsdiqini tapmır. Həmçinin məhkəmə şahidin ifadəsinə münasibətdə qeyd edir, şahid cavabdehin yaxını olduğundan onun ifadəsi mötəbət sübut kimi qymətləndirilə bilməz. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbinin iddiaçılar tərəfindən hüquq xidmətləri və dövlət rüsumuna görə ödədikləri 125, 60 manat məbləğində xərclərin əvəzinin cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edilmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı– Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 6950 ABŞ dolları pulun və dövlət rüsumu kimi ödənilmiş 125, 60 (yüz iyirmi beş manat 60 qəpik) manatın tutularaq iddiaçıya ödənilməsi barədə iddiası təmin edilməsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar