Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1451/2023 20.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 61.500 manat məbləğində pulun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi uzun müddətdir ki, tanıyır. Onunla qohumluq əlaqəsi, ədavəti yoxdur. Cavabdeh 2021-ci ilin aprel ayında iddiaçıya bildirmişdir ki, dondurulmuş ət məhsullarının satışı ilə məşğul olur, fəaliyyətinin genişləndirilməsi üçün maddi yardım göstərildiyi halda, verilmiş pulun müqabilində əldə edilmiş gəlirdən iddiaçıya müəyyən məbləğdə ödəniş edəcəkdir, pulu tələb etdikdə 10 gün müddətində həmin pulu bütünlüklə heç bir çəkişmə olmadan tam şəkildə qaytaracağını demişdir. İddiaçı cavabdehə inanaraq 2021-ci ilin aprel ayından hissə-hissə və sonuncu dəfə həmin ilin dekabr ayında 15.000 manat, ümumilikdə 66.000 manat verdikdən sonra, 2022-ci ilin fevral ayının 1-də iddiaçıya məlum olmuşdur ki, cavabdeh ondan aldığı pulu borclu olduğu şəxslərə verdiyindən, eləcə də digər şəxslərə borclu olduğundan özünə qəsd etməklə xəstəxanaya yerləşdirilmişdir. Bir neçə gündən sonra iddiaçı cavabdehdən pulu tələb etdikdə, cavabdeh anası ilə birlikdə mülkiyyətlərində olan evi sataraq aldığı pulu hər gün və ya gün aşırı qaytaracağına vəd etsə də, müxtəlif bəhanələrlə qaytarmaqdan imtina edir. Cavabdeh aldığı puldan cəmi 4.500 manat qaytarıb, 61.500 manatı qaytarmaqdan imtina edir. 12 oktyabr 2022-ci il tarixdə iddiaçı cavabdehin yaşadığı ünvana getmiş, ondan aldığı pulu qaytarmağı tələb etdikdə, cavabdeh iddiaçını döyərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirdiyi üçün, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, Xətai Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmü ilə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması təyin edilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 59.700 manat borc pulun və dövlət rüsumu kimi ödənilmiş 275 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, izahatında bildirdi ki, məhkəmə gedişatında cavabdeh ona borcdan 300 manat da ödəniş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. O, izahatında bildirdi ki, iddiaçıya məhkəmə gedişatında əlavə olaraq 300 manat da qaytarmışdır. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh 66.000 manat məbləğində borc pul vermiş, cavabdeh pulu tam şəkildə geri qaytaracağını bildirmişdir. Lakin cavabdeh borcun bir qismini qaytarsa da hazırda onun iddiaçıya borcu qalmışdır. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə istinad edərək, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli olmasını, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməli olmasını, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququnun olduğunu qeyd edir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, işin mübahisə edilməyən halı ondan ibarətdir ki, tərəflər yazılı şəkildə borc müqaviləsi bağlamadan aralarındakı razılaşma əsasında üzərlərinə öhdəlik götürmüşlər. Məhkəmə araşdırması zamanı iddiaçının irəli sürdüyü iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, cavabdehin iddianı etiraf etməsi qəbul olunmalıdır. Məhkəmə iclasında ifadə verən İddiaçı öz izahatında bildirmişdir ki, cavabdeh ona olan borcun 300 manatını da hazırda geri qaytarmışdır. Cavabdeh də izahatında bu halı təsdiq etmişdir. Məhkəmə belə hesab edir ki, cavabdeh iddiaçıya olan 59.700 manat borcun 300 manatını da hazırda geri qaytardığından onun iddiaçıya cəmi 59.400 manat borcu qalmışdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 59.400 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 275 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 275 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 59.400 (əlli doqquz min dörd yüz) manat məbləğində pul vəsaiti və 275 (iki yüz yetmiş beş) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-1451/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1451/2023
20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver