Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1468/2023 14.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, Cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh BOKT MMC-yə qarşı “pul tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh BOKT MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4.193 manat pul və ödənilmiş 62 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cəlilabad şəhəri, ünvan 1 ünvanında yaşayır. O, 08 iyul 2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh BOKT MMC-nin Cəlilabad filialından anası Nümayəndə1 biznes fəaliyyətinin həyata keçirilməsindən ötrü 4.369 manat məbləğində kredit götürmüş və həmin kreditin təminatı olaraq anasına məxsus qızıl-zinət əşyalarını həmin filialda lombarda qoymuşdur. Bundan iki ay sonra 21 sentyabr 2022-ci il tarixdə iddiaçı cavabdeh təşkilatdan götürdüyü 4.369 manat məbləğində pulu cavabdeh təşkilatın Cəlilabad filialına ödəmiş və bu barədə ona Cəlilabad filialının müdiri Ağadadaş Əzizov tərəfindən borcun tam ödənilməsi ilə bağlı 21 sentyabr 2022-ci il tarixli, 374 nömrəli arayış verilmişdir. Bir müddət sonra iddiaçı anasına məxsus qızıl-zinət əşyalarını da təşkilatın Cəlilabad filialından götürmüşdür. İddiaçı həmin ödənişdən bir müddət sonra “Milliön” ödəmə terminalı vasitəsilə təkrar səhvən cavabdeh təşkilatın hesabına 4.193 manat pul ödəmişdir. O, təkrar səhv ödəniş etməsi barədə Cəlilabad filialının müdirinə məlumat vermiş, onlar isə öz növbəsində iddiaçının ödəniş qəbzinin üstünü möhürlə təsdiq etmişlər. Həmin vaxtdan bugünə kimi iddiaçı Cəlilabad filialından səhvən ödədiyi pulun ona geri qaytarılmasını tələb etsə də, buna məhəl qoyulmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Nümayəndə1 izahatında bildirdi ki, 21 sentyabr 2022-ci il tarixdə o, Cavabdeh BOKT MMC-nin rəhbəri olan Əbülfət adında şəxsə 4.369 manat məbləğində vəsait ödəyərək lombarda qoyduğu qızılları çıxarmaq istəmişdir. Ona həmin gün qızıllar təhvil verilməmiş, sadəcə arayış verilmişdir. Daha sonra o, qəbz verilmədiyindən narahat olaraq həmin şəxsə müraciət etmiş, o da bildirmişdir ki, pulları başqa yerə xərcləyib, ona görə də yenidən ödəniş edilməlidir. Bundan sonra o, “Milliön” aparatı vasitəsilə 01 oktyabr 2022-ci il tarixdə 4.193 manat ödəniş etmiş və qəbzi Cavabdeh BOKT MMC-yə təqdim etmişdir. Cavabdeh BOKT MMC tərəfindən onun təqdim etdiyi qəbzin tarix hissəsinə 2 möhür vurulmaqla qəsdən tarixin oxunulmamasına nail olmuşlar. Odur ki, onun ödədiyi 4.193 manatın ona geri ödənilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İş materiallarında olan sənədlərdən görünür ki, Nümayəndə1 iddiaçının anasıdır. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, İddiaçı 08 iyul 2022-ci il tarixdə Cavabdeh BOKT MMC-nin Cəlilabad filialı ilə kredit müqaviləsi bağlamış, anasının biznes fəaəliyyəti ilə bağlı olaraq 4.369 manat kredit götürmüş və həmin kreditin təminatı olaraq anasına məxsus qızıl-zinət əşyalarını həmin filialda lombarda qoymuşdur. 21 sentyabr 2022-ci il tarixdə İddiaçı 08 iyul 2022-ci il tarixdə götürdüyü 4.369 manat kredit borcunu tam bağlamış, bununla bağlı ona Cavabdeh BOKT MMC-nin Cəlilabad filialı tərəfindən arayış verilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 14 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, iddiaçının anası Nümayəndə1 10 oktyabr 2022-ci il tarixdə Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edərək, kredit borcunu bağlamalarına baxmayaraq lombardın rəhbərinin ona aid qızılları geri qaytarmadığını bildirmişdir. Araşdırma zamanı hazırda qızıl-zinət əşyalarının Nümayəndə1 geri qaytarıldığı aşkarlanmış, nəticədə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş İddiaçı cavabdeh təşkilata 01 iyul 2022-ci il-31 oktyabr 2022-ci il tarix aralığına olan ödənişlərinin çıxarışından görünür ki, İddiaçı tərəfindən cavabdeh təşkilata 30 avqust 2022-ci il tarixdə 260 manat, 20 sentyabr 2022-ci il tarixdə 300 manat, 06 oktyabr 2022-ci il tarixdə 4.193 manat, 12 oktyabr 2022-ci il tarixdə isə 20 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 06 oktyabr 2022-ci il tarixli qəbzdən görünür ki, 06 oktyabr 2022-ci il tarixdə İddiaçı hesab nömrəsinə 4.193 manat vəsait mədaxil edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı: Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İşə baxan məhkəmənin mövqeyi: İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 verdiyi izahatlardan görünür ki, o, 08 iyul 2022-ci il tarixdə ona biznes işləri ilə bağlı pul lazım olduğu üçün özünə məxsus qızıl-zinət əşyalarını Cəlilabad şəhərində yerləşən Asel lombard kredit evinə təhvil verərək oradan 4.369 manat pul götürmüş, o həmin məbləği 21 sentyabr 2022-ci il tarixdə həmin lombarda gedərək tam formada ödəmiş, buna baxmayaraq ona ödəniş qəbzi verilməmiş və ona səhər gəlib götürərsən sözü deyilmişdir. 01 oktyabr 2022ci il tarixə qədər ona qəbz verilməmiş, hər dəfə qəbzi istəyəndə bir yalan deyərək onu aldatmışlar. O, polis şöbəsinə müraciət etdikdən sonra onun qızıl əşyaları ona geri qaytarılmışdır. İddia ərizəsinin mətnindən görünür ki, iddiaçı səhvən ikinci dəfə 4.193 manatı Cavabdeh BOKT MMC-nin hesabına ödədiyini bildirmiş və ödədiyi vəsaiti geri tələb etmişdir. Məhkəmə araşdırması zamanı 02 fevral 2023-cü il tarixdə keçirilən ilkin hazırlıq iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi bildirmişdir ki, Cavabdeh BOKT MMCnin rəhbəri olan Əbülfət adlı şəxs ona və qızına qarşı etdiyi kobud rəftara görə o məhkəməyə müraciət etmiş, tələbinin pul tələbi olmadığını, Əbülfətin özünün etdiyi səhvə görə cavab verməli olduğunu bildirmişdir. Növbəti 23 fevral 2023-cü il tarixli iclasda iddiaçının etibarnamə üzrə nümayəndəsi pulu 21 sentyabr 2022-ci il tarixdə Cavabdeh BOKT MMC-də çalışan Əbülfət adlı şəxsə əlbəəl verdiyini bildirmiş, qızılların ona qaytarılmadığını görərək yenidən Cavabdeh BOKT MMC-yə müraciət etdikdə Əbülfətin onun pulunu xərclədiyini bildirməsindən sonra məcbur qalıb yenidən 01 oktyabr 2022-ci il tarixdə “Milliön” ödəniş terminalı vasitəsilə Cavabdeh BOKT MMC-nin hesabına 4.193 manat ödədiyini bildirmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı müxtəlif vaxt kəsimlərində bir-birindən kəskin şəkildə fərqlənən ifadələr vermişdir. İddiaçının iddiasının hüquqi əsasını cavabdeh təşkilatın onun ikinci dəfə ödədiyi vəsait hesabına əsassız varlanması halı təşkil edir. Məhkəmə araşdırması zamanı iddiaçının iddiasının əsasını təşkil edən hal sübuta yetirilməmişdir. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh BOKT MMC-də lombard girovu üzrə qızıl qoymuş, daha sonra həmin qoyduğu qızılın dəyərini ödəyərək qızıllarını girovdan azad etmişdir. İddiaçı ikinci ödənişinin 01 oktyabr 2022-ci il tarixdə “Milliön” ödəniş terminalı vasitəsilə ödədiyini qeyd etsə də, həmin ödənişlə bağlı bir sübut təqdim edə bilməmişdir. Bunun əksi olaraq iş materiallarında mövcud olan və üzərinə iki möhür vurulan qəbzi məhkəmə təhlil edərək belə qənaətə gəlmişdir ki, istinad olunan qəbz məhkəmə araşdrması zamanı iddiaçının özü tərəfindən verilmiş 06 oktyabr 2022-ci il tarixli qəbzlə eynilik təşkil etdiyi aşkar edilmişdir. Belə ki, o qəbzin üstündə oxunar vəziyyətdə olan mətnlə iddiaçı tərəfindən daha sonra təqdim edilmiş qəbzin mətni eynilik təşkil edir. İstinad olunan haldan belə qənaətə gəlmək olur ki, iddiaçının 21 sentyabr 2022-ci il tarixdə əlbəəl ödədiyi vəsait 06 oktyabr 2022-ci il tarixdə "xxxx" ödəniş terminalı vasitəsilə cavabdeh təşkilatın hesabına mədaxil edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, borcunun 4.369 manat olduğu təqdirdə iddiaçı niyə daha sonra 4.193 manat ödədiyini məhkəmə izah edə bilməmişdir. Cavabdeh tərəfin təqdim etdiyi ödəniş cədvəlindən görünür ki, iddiaçı sonuncuya ümumilikdə 4.773 manat ödəniş etmişdir. İş materiallarında olan 08 iyul 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh BOKT MMC İddiaçı illik 36 faiz olmaqla 4.369 manat məbləğində kredit vermişdir. Kredit üzrə faktiki illik faiz dərəcəsi 40 faiz müəyyən edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatından görünür ki, o, pulu Cavabdeh BOKT MMC-də işləyən Əbülfət adlı şəxsə verdiyini iddia etmişdir. Əgər iddiaçının bununla bağlı etibarlı dəlilləri varsa, o, həmin pulu yenidən iddia qaldırmaqla sonuncudan tələb edə bilər. Məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı 62 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunduğundan, ödənilmiş 62 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh BOKT MMC-yə qarşı - cavabdehdən 4.193 manat pul və ödənilmiş 62 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 62 (altmış iki) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-1468/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1468/2023
14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver