Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1477/2022 05.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «X6» ASC-nin cavabdehlər Cavabdeh1 və X3 qarşı borcun tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərdən iddiaçının xeyrinə 3011,73 manat əsas, 2,10 manat faiz, cəmi 3013,83 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 50,14 manat məbləğində vəsaitin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə Hüseynov Əhliman Əli oğlu arasında 13.06.2018-ci il tarixdə 4151sAHM/18 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Hüseynov Əhliman Əli oğluna illik 25% olmaqla, 24 ay müddətinə 4000 manat məbləğində kredit limiti verilmişdir. Hüseynov Əhliman Əli oğlu 01.06.2019-cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Masallı Regional “Asan xidmət” Mərkəzində notariat ofisində 06.03.2020-ci il tarixində 48 saylı vərəsəlik işi açılmış, cavabdehlərə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Cavabdeh1 mərhum Əhliman Hüseynovun arvadı olmuş, X4 isə onun qızıdır. Aytac Hüseynli hazırda yetkinlik yaşına çatmamışdır. İddiaçı yuxarıda qeyd edilmiş iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış 13.06.2018-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 25% ödəmək şərtilə 4000 manat məbləğində kredit limiti verilmişdir. Masallı Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin sorğuya cavab məktubuna əsasən Hüseynov Əhliman əli oğlunun vəfat etməsi ilə əlaqədar cavabdehlərin vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə cavabdehlərin borcalanın hüquqi varisi kimi müəyyən olunması anlamına gəlir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 11.01.2022-ci il tarixinə Banka 3011,73 manat əsas, 2,10 manat faiz, cəmi 3013,83 manat borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə Hüseynov Əhliman Əli oğlu arasında 13.06.2018-ci il tarixdə 4151sAHM/18 saylı kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən 24 ay müddətinə, illik 25% ödəmək şərti ilə ona 4000 manat məbləğində kredit verilmişdir. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, borc alan Hüseynov Əhliman Əli oğlu 01.06.2019-cu il tarixdə ölmüşdür. Cavabdehlərə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Masallı Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı tərəfindən 11.01.2022-ci il tarixinə təqdim olunmuş maliyyə arayışına əsasən Hüseynov Əhliman Əli oğluna verilən kredit üzrə əsas borcu 3011,73 manat, faiz borcu 2,10 manat olmaqla, cəmi borc 3013,83 manatdır. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1 maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1 maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları qanun üzrə vərəsələrdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Hüseynov Əhliman Əli oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Onun ölməsi nəticəsində arvadı olan cavabdeh Mülki Məcəllənin yuxarıda qeyd edilən müddəalarına əsasən iddiaçı qarşısında müqavilə tərəfinə çevrilməklə, ölmüş ərinin vərəsəsi kimi krediti iddiaçıya qaytarmaq öhdəliyinə malik olmuşdur. Lakin, işin hallarından da görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını Cavabdeh1 tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Lakin məhkəmə digər cavabdeh X3 münasibətdə hesab edir ki, iddia tələbi ondan borcun tutulması hissəsində təmin edilməməlidir. Belə ki, cavabdeh X2 şəxsiyyət vəsiqəsi məlumatları barədə elektron çıxarışdan müəyyən olunur ki, o, 17.06.2004-cü il tarixdə doğulmuşdur. Göründüyü kimi, cavabdeh yetkinlik yaşına çatmadığından iddiaçı ona qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia qaldıra bilməz. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Məhkəmə həmçinin iddianın 50,14 manat dövlət rüsumu yalnız Cavabdeh1 alınaraq iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 13.06.2018-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 3011,73 manat, faiz borcu üzrə 2,10 manat, cəmi 3013,83 manat borc və 50,14 manat dövlət rüsumu Cavabdeh1 tutularaq «X6» ASC-yə ödənilsin. İddia tələbi digər cavabdeh X3 münasibətdə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-1477/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1477/2022
05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver