Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1512/2025 09.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurduğu fiziki və maddi ziyana görə 3.000 manat məbləğində pulun tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh idarə etdiyi “Mercedes” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai Rayon Məhkəməsinin önündən keçərkən onu vurmuşdur. Ağrılarının olduğuna görə, yumuşaq toxumalarının bərk əzilməsi səbəbindən sol ayağının və sol qolunun işləməməsi üzündən o, muzdlu işlədiyi işdən çıxmalı olmuşdur. Sonradan cavabdeh ümumiyyətlə onunla maraqlanmamışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və əlavə bildirmişdir ki, xəsarət aldıqdan sonra Cavabdeh onu təcili tibbi yardım ilə aparmaq əvəzinə, öz tanışlarının olduğu “Diaqnoz” Tibb Mərkəzinə çatdırmışdır. O, “Diaqnoz” Tibb Mərkəzində rentgen müayinəsi, travmatoloq və uzi müayinəsindən keçmişdir. Buna görə özü pul ödəməmişdir. Həkim ona sınıq olmadığını, amma yumşaq toxumalarının əzildiyini demişdir. Həkim ona resept yazmışdır. Reseptdə bir-iki baha olmayan dərmanlar olub. Cavabdeh reseptdəki dərmanları alıb ona vermişdir. “Diaqnoz” Tibb Mərkəzindən sonra o dövlət sığortası ilə “Neftçilər” Xəstəxanasına da müayinəyə getmişdir. O, özünü çox pis hiss edirdi, işləyə bilmirdi. Onun əsas olan dövlət işi və əlavə işləri var idi. O, əlavə işlərdə aşbaz və dayə kimi çalışırdı. O, xəsarət aldıqdan sonra dövlət işini davam etmişdir. Belə ki, iş yoldaşları ona dəstək olaraq, işlərini görməyə köməklik göstərirdilər. Lakin xəsarət aldığına görə o dayə kimi əlavə işini davam edə bilməmişdir və buna görə 1.500 manata yaxın ala biləcəyi məvacibindən məhrum olmuşdur. Cavabdeh iddia tələblərini qəbul etməyək bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. İddiaçı avtomobillərin sıx hərəkəti zamanı avtobusun qaşısından yolu keçərkən o, avotomobilini saxlaya bilməyərək iddiaçını avtomobili ilə vurmuşdur. O, hadisə baş verəndən dərhal sonra iddiaçını “Diaqnoz” Tibb Mərkəzinə çatdrımışdır, orada iddiaçı həkim müayinələrindən keçmişdir. O, həmin mərkəzdə iddiaçıya göstərilmiş tibbi xidmətlərə görə 110 manat və 195 manat pul ödəmişdir. Həkimin yazdığı reseptdəki dərmanları da alıb iddiaçıya vermişdir. Həmin dövrdə iddiaçının qohumları ondan əlavə 1.200 manat pul istədilər. O isə bildirmişdir ki, bu qədər pulu ödəyə bilmir. İş üzrə şahid qismində dindirilmiş X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, iddiaçının bacısıdır. Hadisə olan vaxt o öz evində idi. Bacısı ona zəng edib onu maşın vurduğunu bildirmişdir. Cavabdeh bacısı ilə “Diaqnoz” Tibb Mərkəzinə getmişdir. Orada bacısını həkim müayinə etmişdir. Həkim bildirmişdir ki, bacısında sınıq yoxdur, lakin yumşaq toxumalarının möhkəm əzilmələri var. Daha sonra onlar “Neftçilər” xəstəxanasına getdilər və orada da həkim müayinəsindən keçdilər. Həkim oynağında su yığıldığını bildirdi və növbəti gün müayinədə suyun çəkildiyini dedi. Onun bacısı 3 işdə işləyirdi. Biri əsas dövlət işidir, ikisi isə şəxsi işlər olmuşdur. O, aşbaz və dayə kimi işləyirdi. Hadisədən sonra bacısı dayə işini davam edə bilməmişdir. Uşağa baxmağa görə ayda 500 manat, yemək bişirməyə görə ayda 600 manat gəlir əldə edirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli İddiaçı ünvanlanmış məktubdan görünür ki, Xətai RPİnin TŞ-də xx.xx.2024-cü il tarixdə Xətai rayonu, M.Hadi küçəsində baş vermiş yol nəqliyyat hadisəsi faktı əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. - cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Xətai RPİ-nin TŞ-nin xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, toplanmış material üzrə hadisəni törətmiş Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından, barəsində cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6(011)-185/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis polkovnikleytenantı Teymur Ağamirovun 15 noyabr 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv olunması və işin yenidən baxılması və araşdırılması barədə qərar qəbul edilməsinə dair İddiaçı tərəfindən verilmiş şikayətin təmin olunmaması qərara alınmışdır. Həmin qərardan həmçinin görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X6 canlı şəxsin ekspertizası 10 noyabr 2024-cü il tarixli 1166№-li ekspert rəyindən görünür ki, vət.İddiaçı sol dirsək oynağı və sağ said nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-ci il tarixdə YNH zamanı törənə bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. - “Diaqnoz” Tibb Mərkəzinin xx.xx.2024-cü il tarixli daxili orqanların ultrasəs müayinə protokolundan görünür ki, İddiaçı “qaraciyər və mədəaltı vəzidə diffuz dəyişiklik, öd kisədə xolestaz əlamətləri, qarın boşluğunda güclənmiş mütüorizm, dinamika” müəyyən edilmişdir. - “Diaqnoz” Tibb Mərkəzinin xx.xx.2024-cü il tarixli Kranial KT cavabından görünür ki, İddiaçı kəllə sümüklərində sınıq və destruksiya izlənilmir. baş beyin strukturlarında izlənə bilən aktiv patalogiya təsbit edilməmişdir. - “Diaqnoz” Tibb Mərkəzinin xx.xx.2024-cü il tarixli rentgen müayinəsinin cavabından görünür ki, İddiaçı sol dirsək oynağının iki proyeksiyada R-qramması müayinəsinə əsasən müayinə sahəsinə daxil olan sümüklərdə travmatik, degenerativ və destruktiv dəyişikliklər aşkar edilmədi. - “Diaqnoz” Tibb Mərkəzinin xx.xx.2024-cü il tarixli rentgen müayinəsi cavabından görünür ki, İddiaçı çiyin oynağı rentgenoqrafiyası (sol; iki proyeksiyalı) müayinəsinə əsasən müayinə sahəsinə daxil olan sümüklərdə travmatik, degenerativ və destruktiv dəyişikliklər aşkar edilmədi. Rentgenoloji oynaq yarığı dəyişilməyib. - X3 xx.xx.2024-cü il tarixli rentgen müayinəsi cavabından görünür ki, İddiaçı döş qəfəsi 2pr müayinəsinə əsasən, +R-skopiya Traxeya – yerini dəyişməyib, ağciyər sahələrində hal-hazırda ağciyərlərdə aktiv ocaqlı və infiltirativ, dəyişikliklər qeyd edilmir. Şəffafalıq – dəyişməyib, pnevmotizasiya normaldır. Ağciyər şəkli – kök ətrafı sahədə bronx-damar şəkili güclənib. Ağ ciyər kökləri –N. Plevra cibləri – sağ kosto-frenko, sərbəstdir. Solda plevranın reaksiyası izlənilir. Diafraqma – hamardır və yerini dəyişməyib, Ürək və aorta – forma və ölçüləri yaşa uyğundur. Diafraqmaaltı sahələr – patoloji dəyşikliklər qeyd edilmir. - “Diaqnoz” Tibb Mərkəzinin xx.xx.2024-cü il tarixli rentgen müayinəsi cavabından görünür ki, İddiaçı diz oynağı 1 pr müayinəsinə əsasən müayinə sahəsinə daxil olan sümüklərdə travmatik, degenerativ və destruktiv dəyişikliklər aşkar edilmədi. Beləliklə, məhkəmə araşdırılması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh idarə etdiyi “Mercedes” markalı **-MH- *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən, sonuncu tərəfindən yol hərəkəti qaydaları pozulmaqla piyada İddiaçı sağlamlığına dərəcəsi təyin olunmayan xəsarətlər yetirilmişdir. Hadisədən dərhal sonra cavabdeh iddiaçını “X5”nə çatdırmış, orada iddiaçı həkim müayinələrindən keçmişdir. Bununla bağlı tibbi xərcləri 305 manat olmaqla cavabdeh ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1118.2-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Əlavə iş yerinin itirilməsi ilə bağlı əldən çıxmış fayda olan 1.500 manat məbləğinin cavabdehdən tutulması ilə bağlı iddia tələblərinə münasibətdə məhkəəmə qeyd edir ki, iddiaçının əsas iş yerindən əlavə dayə və aşbaz olaraq işləməsi, həmin fəaliyyətdən gəlir əldə etməsi və həmin gəlirin həcmi iş materialları ilə müəyyən edilmir. Buna görə də bu hissədə iddia tələbləri təmin edilməməlidir. Məhkəmə mənəvi zərərlə bağlı iddia tələblərinə münasibətdə qeyd edir ki, iddia tələbləri həmin hissədə qismən təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Cavabdeh avtomobilini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq iddiaçının sağlamlığına ziyan vurması işin mübahisəsiz halıdır. Baş vermiş hadisə nəticəsində sağlamlığına dəymiş ziyanla yanaşı iddiaçı mənəvi sarsıntılara (stress, emosional gərginlik, qorxuya) məruz qalmışdır. Buna görə də işin konkret hallarını, o cümlədən də cavabdehin hadisədən sonra iddiaçını tibb müəssisəsinə çatdırması, 305 manat məbləğində tibbi xərclərini ödəməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, mənəvi ziyanla bağlı iddia tələbi qismən təmin edilməli və 250 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbləri digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmə xərclərinə daxil olan və iddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri qismən təmin edilsin. Cavabdeh dəymiş mənəvi ziyanla bağlı 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti və 40 (qırx) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-1512/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1512/2025
09.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver