Məhkəmə qərarları › İş №2(011)-1515/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1515/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1515/2025 04.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə yazılı borc müqaviləsi bağlanmışdır. Müqaviləyə görə iddiaçı cavabdehə 5500 borc pul verməyi, cavabdeh isə borcu müqavilənin şərtlərinə uyğun olaraq iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndində qeyd edilmişdir ki, cavabdeh borcu - 5500 manat pulu xx.xx.2021-ci il tarixdə almışdır. Həmçinin, müqavilənin 2.2.1-ci bəndində göstərilir ki, cavabdeh (borc alan) 5500 borc məbləğini ilkin ödəniş tarixi xx.xx.2023-cü il olmaqla, öhdəliyin icrası günü hər ayın 10-u müəyyən edilməklə, 27 ay müddətinə, hər ay 200 manat olmaqla, xx.xx.2025-ci il tarixdək qaytaracaqdır. əsasən cavabdeh aldığı 5500 manat pulu iddiaçının istədiyi vaxt ona qaytarmağı öhdəsinə götürmüşdür.

2. Cavabdeh aldığı pulun bir hissəsini iddiaçıya qaytarmışdır.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı 5500 manat məbləğində borc pulun və ödənilmiş dövlət rüsumunun cavabehdən tulularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, cavabdehə 5500 manat borc vermiş və borc pul vəsaitini xx.xx.2023-cü il tarixdən 27 ay müddətinə hər ay üçün 200 manat qaytarmalı idi. Aralarında olan münasibətləri xx.xx.2023-cü il tarixli müqavilə əsasında rəsmləşdirmişik. Bu müddət ərzində cvabdeh öhdəliyini yerinə yetirməmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh 3 dəfə 150 manat olmaqla, cəmi 450 manat pulu ona qaytarmşdır.

7. Cavabdeh məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçıdan aldığı borcu maddi imkansızlığı səbəbindən qaytara bilmir. Yalnız ümumilkdə 450 manat pul qaytara bilmişdir. Onun əmək haqqından tutulmalar aparılır, həmin tutulmalar dayandıqdan sonra hər ay iddiaçının borcunu qaytaracaqdır.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

8. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

10. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

11. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

12. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

13. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

14. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İşə baxan məhkəmənin mövqeyi:

15. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

16. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

17. Tərəflər arasında borc (kredit) müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Müqavilədə borcun məbləği, qaytarılması şərtləri və müddəti açıq göstərilmişdir.

18. Qeyd edilən maddi hüquq normalarının mənasından da aydın olur ki, hazırkı mübahisəyə tətbiqi nəzərə alınmaqla, borc müqaviləsi o halda bağlanmış hesab edilir ki, borc verən özünə məxsus olan pula mülkiyyət hüququnu borc alana keçirmiş (vermiş) olsun. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında yazılı borc (kredit) müqaviləsinin bağlanması baş tutmuş, iddiaçı öhdəliyini icra edərək 5500 manat pul məbləğini cavabdehə ödəməklə və həmin pula olan mülkiyyət hüququnu da cavabdehə verməklə öhdəliyini icra etmişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, sözügedən pul vəsaiti də cavabdeh tərəfindən qəbul edilmişdir. Tərəflər arasında bağlanmış borc müqaviləsi həm də ona görə etibarlı müqavilədir ki, məbləğindən asılı olaraq qanunla müəyyən edilmiş yazılı formada bağlanmışdır. Belə ki, Mülki Məcəllənin 740-cı maddəsində borc müqaviləsinin formasına aid tələblər göstərilmişdir. Həmin müddəada borc müqaviləsinin yazılı və ya şifahi formada bağlanmasının imperativliyi borcun məbləği və onun subyektlərin tərkibi ilə şərtləndirilmişdir. Qanunun tələbinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

19. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış borc (kredit) müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə və şərtlərlə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüş, lakin müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Bununla da cavabdeh həm qanunvericiliklə, həm də müqavilə üzrə öhdəliyini pozaraq razılaşdırılmış müddət başa çatsa da, pulu qaytarmamaqla öhdəliyini pozmuşdur.

20. Lakin məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olsa da, iddia həcminə görə qismən təmin edilməldir. Belə ki, işin məhkəmədə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 3 dəfə 150 manat olmaqla, ümumilikdə 450 manat pul ödənilmişdir. Cavabdeh tərəfindən borcundan qeyd edilən məbləğdə qaytarılmasını iddiaçı da məhkəmədə etiraf etmişdir.

21. Şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə 5050 manat məbləğində pul cavabdehdən iddiaçının xeyinə tutulmalıdır.

22. Məhkəmə, həmçinin iddianın dövlət rüsumunun, cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinə uyğun olaraq 70 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır.

23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 5050 manat məbləğində pul vəsaiti və ödənilmiş 70,5 manat dövlət rüsumu X1 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 14,5 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetdə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar