Məhkəmə qərarları › İş №2(011)-1522/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1522/2022

18.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1522/2022 18.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “alimentin dəyişdirilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X5 Cavabdeh qarşı “alimentin dəyişdirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 15.12.2009-cu il tarixli, 2(011)-4043/2009 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək cavabdehdən 21.03.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin və 50 manat məbləğində mediasiyaya dair xərcin tutularaq özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Xətai Rayon Məhkəməsinin 15.12.2009-cu il tarixli, 2(011)-4043/2009 saylı qətnaməsi ilə 01.09.2003-cü il təvəllüdlü X7 və 21.03.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanədək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay bütün növ qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi alimentin tutulması qət edilmişdir. Birgə nikahdan anadan olan 01,09.2003-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatmışdır. Cavabdeh xeyli vaxtdır ki, Azərbaycanda işləmir və rəsmi gəlir yeri barədə məlumat yoxdur. Cavabdeh Azərbaycandan işdən çıxıb Rusiya Federasiyasına getdikdən sonra kifayət qədər qazanc əldə etməsinə baxmayaraq bir uşağa görə cəmi 90 manat aliment ödəyir ki, bu da bugün üçün çox azdır və uşağın təhsil və başqa xərclərini ödəməyə kifayət etmir. Uşağın saxlanmasında çətinlik çəkir. Dövlət tərəfindən yuşaqlar üçün aşayış minimumu 193 manata qalxdığından Xətai Rayon Məhkəməsinin 2(011)-4043/2009 saylı, 15.12.2009-cu il tarixli qətnaməsi ilə ödənməli olan həmin alimentin məbləğinin dəyişdirilərək sabit pul məbləği kimi yetkinlik yaşına çatmayan övladım üçün 193 manat olması zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.12.2009-cu il tarixli, 2(01)-4043/2009 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi təmin edilərək, cavabdehdən 01.09.2003-cü il təvəllüdlü X7 və 21.03.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bütün növ qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi alimentin tutulması qət edilmişdir. Birgə nikahdan anadan olan 01,09.2003-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatmışdır. X1 tərəfindən tərtib olunmuş 13.12.2021-ci il tarixli MŞİH-11996 saylı ilkin mediasiya sessiyasinda iştirak edilməməsi barədə arayış iddia ərizəsinə əlavə olunmuşdur. X2 etibarnamə əsasında nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, ““Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Məhkəmə hesab edir ki, sadalanan qanunvericilik normalarına əsaslanaraq iddia tələbi təmin edilməli, cavabdehdən uşağın saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması qət edilməlidir. Bu məbləğ tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasına əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında”Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.12.2009-cu il tarixli, 2(011)-4043/2009 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh 21.03.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilsin. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiyaya dair xərc tutularaq iddiaçı X4 ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar